Bir qucaq Adana… – Rəbiqə Nazimqızı yazır

İşin-gücün bu qaynar vaxtında bir yazı başıma düşüb, deyir, məni yaz, yaz… Bir tərəfdən öhdəliklər, o biri tərəfdən mənəvi ehtiyac… Aydındır da, dünyanın bütün yerlərində yaradıcı adam bu iki nöqtənin arasında çırpına-çırpına qalır. Bəlkə, elə ədəbiyyat arzuyla reallığın arasındakı yoldur, kim bilir. Bilsək, yazılmazdı…
Vicdan çox axmaq şeydir… Gündəlik işimi, öhdəliklərimi yerinə yetirib, bu yazını yazmayacam, ağrıyacaq, yox, yazını yazıb, işlərimə ara verəcəm, yenə ağrıyacaq. Xoşbəxt olacam, ağrıyacaq, xoşbəxt olmayacam, daha bərk ağrıyacaq… Xoşbəxtlikdən ağrımaq daha gözəldir, bilirəm… Ona görə də, uzatmadan keçirəm söhbətə…
Bu dəfə Adanaya təyyarə ilə getdik. Bu, fərqli səfər idi. Çünki yolumuz Ankaradan keçirdi.
Ankara… Bir az soyuq, bir az hüznlü şəhər bizi şaxtasıyla qarşılamadı, qonaqpərvərlik göstərdi, sağ olsun… Ankara iki baxımdan önəmliydi: Rəsulzadə və Atatürkə görə…
Ziyarətə Anıtkabirdən başladıq. Və… Bu qədərini bilsəm də, inanmağım gəlmirdi. Abidənin bağlanma saatına dəqiqələr qalsa da, izdiham səngimirdi və həmyerlilərimdən daha çox yerli əhalinin danışığına diqqət kəsilirdim. Heyrətamiz idi. Təxminən beş yaşında balaca uşaq qışqıra-qışqıra deyirdi: “Anne, ben çox mutluyum, baba, ben çox mutluyum, teşekkür ederim ki, beni Atatürkün məzarına gətirdiniz”.
İllərin belini ikiqat saldığı (oxu: illərin belini ikiqat salan) çəlikli nənə o diki necə qalxırdısa, nə yorğunluğu hiss olunurdu, nə yaşı. Bayram deyildi, xüsusi gün deyildi, bu adamları ora zorla aparan yox idi, məcburiyyət yox idi və içəridə də növbə azalmırdı ki, azalmırdı…
Birtəhər qapıdan keçib içəri daxil ola bildik… O anda nə danışdığımızı xatırlamıram, gərək ki, hamı ürəyində danışırdı… Təəssüratlar sözə çevrilmirdi, könlümüzün ən uzaq küncündə gizlənib, özünə yer eləyirdi ki, nə zamansa fəvvarə kimi çölə açılsın…
Rəsulzadənin bayraqlarla bəzənmiş məzarı… Nə gizlədim, balaca bir qüssə də vardı içimdə… Səbəbi…. səbəbi çoxdur… Amma onu ziyarətin səadəti yenə də ağır gəlirdi… Bir az qüssə, bir az da qürurla vidalaşdıq… Axşam düşürdü…
Adana yenə bizi isti qarşıladı. Portağal, limon ətirli Adana… Bu şəhərə üçüncü səfərim idi və əslində, bu böyük şəhəri çox gəzməsəm də, mənə (sonra dostlarla fikirlərimizi bölüşürük və məlum olur ki, təkcə mənə yox, bizə, bizim hamımıza) elə gəlir, onu qarış-qarış tanıyıram, məni hüceyrə-hüceyrə bilir…
Cahit Günay, Halise Tekbaş, Sedi Atay, Yakup Karaca, Savaş Sarıkaya, Sıtkı Demir, Ceyhun İpteş, İçlal abla, oğlu Coşkun… Necə qoyub getmişiksə, o həvəs, o sevgi, o mehribanlıqla qarşılayırlar bizi… Elə bil dünən ayrılmışıq…
VI Uluslararası Çukurova Türk dünyası şiir və müzik festivalı başlayır… Əslində, burada səslənən şeirlər də, musiqilər də mənimçün eyni ruhda, eyni tonda, eyni laddadır – özbəklərə də, qırğızlara da, qazaxlara da ana dillərində qulaq asıb, hər cümlədə sözlərin 90 faizini anladığıma sevinirəm (Azərbaycan dilinin özəlliyi – bəlkə də, region olaraq Türk dünyasının mərkəzində yerləşməyin lüksüdür bu). Kərkük heç, aydın məsələdir, ən yaxın türk ləhcəsidir… Bütün şeirlər, bütün musiqilər, bütün çıxışlar mənə sevgidən danışır. Türklüyün timsalında insana sevgidən, yurda sevgidən, sevgiyə sevgidən…
Bu səfərin mənimçün iki özəlliyi daha var – bu dəfə metroya enirik. Adanada metro olduğunu bilmirdim. Çox rahat, sadə, təmiz, təmtəraqsız… Arada yerin altından üstünə də çıxırsan… Bir sözlə, elə bu vaqonlarda nə qədər desən, şeir yazmaq olar… Bizim – Bakıdakı – metrostansiyalar sanki kosmetik əməliyyatdan çıxıb süni şəkildə gözəlləşmiş qadınları xatırladır…
İkinci özəllik Kozan idi. Gözəl Kozan. Dağlar qızı Kozan… Kozanda ilk dəfə qol qaldırıb dünyanın müxtəlif yerlərindən gələn türklərlə yallı getdim. Tanıyanlar bilir, nadirən oynayıram. Kompleksim var, ya nə bilim… Amma dayana bilməyib, özümü festival səhnəsinə atdım, doyunca oynadım…
Yeməkdən qaçıb küçələri təkbaşına dolaşmaq imkanım oldu. Mağazalara girdim, çayçıda oturdum… Kozanlılar bir başqa qonaqpərvərdirlər, əlbəttə. Hər yerdə çay, qəhvə, söhbət. Hər yerdə Azərbaycan sevgisi…
Qarabağ müharibəsi bizi bir düymə də yaxınlaşdırıb. Köynək demirəm, zatən bir köynəkdəydik. Düymə də bilmirəm, nə qədər yerinə düşür, hər halda, köynəyə baxanda balacadı – həcm baxımından (Amma həlledicidi – Əsli-Kərəmi yada salın)…
Ümumiyyətlə, Türkiyədə, xüsusən Adanada azərbaycanlılara bir ayrı münasibət var. Hamı bizim dili dinləmək istəyir, elə hey danışdırırlar, elə hey danışırlar, çay ismarlayırlar, qonaq çağırırlar. Savaşdan danışırlar, qardaşlıqdan söz açırlar, ürəklərini süfrə kimi açırlar və bu süfrədə hər naz-neməti qarşına düzmək istəyirlər. Adam bilmir, necə təşəkkür eləsin…
Yazdığım və böyük bir qismini yaza bilmədiyim bu təəssüratlar üçün Çukurova Edebiyyatlar Derneğinin rəhbəri Halise xanıma, qrup rəhbərimiz, Çukurova Edebiyyatlar Derneğinin Onursal Başkanı İlqar Türkoğluya, Adananın Karaisalı, Sarıçam və Kozan bələdiyyələrinə və bütün adanalılara təşəkkürlərimi bildirirəm…
P.S. Bu qeydləri hansı şəkillə verəcəyimi düşünürəm və birdən yadıma düşür ki, ən az şəkil çəkdirənlərdən biri mən olmuşam. Son illər məndə qəribə bir hal yaranıb: sevinəndə, ya təəssüratlara aludə olanda şəkil çəkdirmək yadıma düşmür. Amma yəqin ki, dostlarda yaxşı şəkillərimiz olmamış deyil, versələr, əlavə edərəm, söz…
Rəbiqə Nazimqızı
Müstəqil.Az
Descripción no disponible.
Descripción no disponible.
Descripción no disponible.
Descripción no disponible.
Descripción no disponible.
Share: