Səni unutmaq olmaz…

QƏHRƏMANLARIMIZI TANIYAQ

XDND idarəsinin I Qarabağ müharibəsində şəhid olmuş əməkdaşı , sonralar onun adını daşıyan “Neftqaz-10” Yedək Yük gəmisinin elektrik mexanniki olmuş Vəliyev Oktay Əli oğlu. 1990-cı ilin 20 yanvar hadisələrində də şücaəti ilə seçilən qəhrəman dənizçilərimizdən idi. Onun və XDND idarəsinin I Qarabağ  müharibəsinin digər əməkdaşları haqda 2003- cü ildə nəşr etdiyim “Kəsilməyən həyacan fiti kitabımda bəhs etmişdim.  Düz 29 il öncə, 1993-cü ilin oktyabr ayının 11-də Füzulinin Alxanlı kəndinin müdafiəsi zamanı qəhrəmanlıq göstərmişdi. Təkbaşına düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edərək şəhid olmuşdur. Şəhid olanda 40 günlük oğlu Elşad düz 28 ildən sonra atasının şəhid olduəu Alxanlı kəndindən özünün döyüş yolunu başlamış və qəhrəmanlıq göstərmişdir. İndi sizə təqdim etdiyim “Səni unutmaq olmaz” yazım dostum Oktay Vəliyev haqdadır.

Vəliyev Oqtay Əli oğlu 1960-cı ildə Bakıda dünyaya göz açdı, gəlişi ilə təkcə Əli kişinin yox, bütün qohum-tanışın sevincinə səbəb oldu. 1993-cü il oktyabrın 11-də azğın erməni faşistləri ilə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində aparılan qanlı döyüşdə yoldaşları ilə iki düşmən texnikasını məhv etdi və aldığı qəlpə yarasından əbədi olaraq gözlərini yumdu. Barmaqları ilə son anda bir ovuc Vətən torpağını bir yerə yığa bildi.

Bu Vətən torpağına onun son vətəndaşlıq borcu idi: Torpaqlarımız bu ovucun içində olduğu kimi bir yerdə yığcam və əbədi olaraq toxunulmaz qalmalıdır.

Oqtay hərbi xidmətdən qayıtdıqdan sonra, 1987-ci ildə “Xəzərneftdonanma” (indiki XDND) idarəsində elektrik kimi əmək fəaliyyətinə başlamışdı, sonralar Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbini bitirdi, elektrik mexnaki kimi “Neftqaz-10” və bir çox gəmilərdə işlədi. 1988-ci ildə ermənilərin “Qarabağ problemi” adlandırdığı hadisələrə biganə qalmaldı. Dənizçilərin tətillərə və nümayişlərə qoşulmasında onunda xidməti az olmurdu. O da dənizçi dostları kimi etiraz mitinqlərinə toplaşan Azərbaycan xalqının övladları kimi gecə-gündüz meydanda oldu, ora da gecələdi. 1990-cı ilin qanlı 20 yanvar faciəsi törədiləndə işlədiyi “Neftqaz-10” gəmisinin heyəti arasında mənəvi ruh yüksəkliyi qaldırıb onların dənizçilərimizin etiraz aksiyasında fəal olması üçün onları mübarizəyə çağırırdı.

Ölkəmizə, millətimizə qarşı olan təcavüz və digər bu tipli hadisələr Oqtayı bir vətəndaş kimi, oğul kimi narahat edir, düşmənə olan nifrətini birə on artırırdı.

1992-ci ildə, Azərbaycanda Milli Ordu yarananda könüllü olaraq o da orduya yazıldı. Xüsusi təyinatlı hərbi dəstənin zabiti kimi döyüş yolları Şuşadan, Laçindan, Ağdərədən, Ağdamdan keçdi. Şuşa uğrunda gedən döyüşlərdə yaxın dostu, “Xəzərneftdonanma” idarəsinin elektrik mexaniki Xaqan Dadaşovu itirdi. Dost itkisinə yanıb yaxılan Oqtay özü dostlarını gözü yaşlı qoydu. Döyüşçü yoldaşı Sərdar Əliyev onunn haqqında deyir:

– Oqtayı çoxdan tanıyırdım. Müharibədən qabaq bir gəmidə işləmişik. Orduya da bir yazıldıq. Çox döyüşlərdə olduq. Oqtayın qəhrəmanlığı haqda danışmaq özü bir qəhrəmanlıq tələb eləyir… Məndə isə o yoxdur. Oqtayı Oqtay kimi necə var, eləcə də çatdırmaq lazımdır. O, təkcə şəhid olmadı, o xalqımızın faciələrinə həm də şahid oldu, o yandı, əridi. Çünki o, vətəni tamam başqa cür sevirdi, hamının sevgisindən fərqli olaraq, onun sevgisində qəribəlik vardı. Dəlicəsinə də sevmək demək olar buna. Allah rəhmət eləsin, o, Vətənimizin məcnunu idi.

Bir ovuc Vətən torpağı – şəhid qəbri. Sənin yoxluğuna inanmaq çətindi, əziz dostum, çox çətindi. Dostlarının, qardaşlarının və qohumlarının çiyinlərində müqəddəs şəhidlər xiyabanına yola düşəndə də, səni son mənzilə yola salan izdihama baxanda da, bacılarının qardaş harayı da, döyüşçü qardaşın Vaqifin, Mehmanın baxışlarındakı kədər və qüssə ilə yanaşı, qəzəbi görəndə də, döyüşçü yoldaşlarının son döyüş haqqında danışdıqlarına qulaq asanda da bütün bu faktlar və həyatın məntiqi də sənin yoxluğunu təsdiq edəndə də mən inan bilmədim.

İnanmaq çətindir, qardaş, çox çətin. Səni son mənzilə yola salandan sonra Xaqanın məzan üstünə gəldim. Oqtayı da gətirdik, dedim. Yenidən yanına qayıtdım. Əzizlərin, döyüşçü dostların, “Xəzərneftdonanma” idarəsinin kollektivi son borcunu yerinə yetirirdi. Səni Vətən torpağına tapşırırdı. O gündən Vətən torpağı özünün son və əbədi borcunu boynuna götürdü, səni qoynuna aldı. Sən bu xalqın, bu millətin idin. Və səni bu xalqın, millətin olduğunu əbədi olaraq saxlamaq üçün Vətən torpağı özününkü etdi. Səni bu şərəfə layiq bildi.

Əziz dostum, bu yazdığım şeri sənin ruhuna bağışlayıram.

+Bir ovuc toraqdı şəhid məzarı,

Şəhid məzarıdı Vətən torpağı,

Ayağa qalxdısa şəhid ruhları

Qoymaz darda qala, qoymaz torpağı.

Sinəsi süngüyə sipər olanlar,

Vətən torpağının mərd qalasıdı,

Düşmənin gözünə güllə sıxanlar,

Vətən yaddaşında mərd qalasıdı.

 

Ağlama, ay Vətən, ağlama torpaq,

Əllərdə xəncərin tiyəsi iti

Düşmən ağladan oğullar ki, var

Qoymaz darda qala, qoymaz milləti

İndi Xəzərin sularında bir gəmi üzür- “Oktay Vəliyev” gəmisi. Oqtayın qəhrəmanlığından, onun 20 yanvar faciəsi və Qarabağ cəbhəsində göstərdiyi şücaətdən xəbərdar olanlar bu gəmidə işləməyi arzulayırlar. Bu həm də dənizçi dostlarının Oktaya olan sevgisindən irəli gəlir. Oktayın həyat yoldaşı İradə xanımla söhbət etmək, onun Oktaylı günlərinə qayıtmaq istəyirəm. Hiss edirəm ki, bu onun üçün çox çətindir. Şəkillərə baxırıq. Xoşbəxt günlərin şəkilləri. İradə xanım gəlinlik donunda Oqtayın yanında durub. Necə də bir-birinə yaraşır. Necə də bəxtəvərdilər. Həmin bəxtəvər gündən Oqtayın üç övlad nişanəsi İradə xanıma həyan qalıb. Xatirə 14 yaşlı, Afaq və Elşad 10 yaşlı. Elşad atası şəhid olandan sonra dünyaya gəlib. Adını Elşad qoyublar ki, adı ilə böyüsün, atası kimi elini, obasını sevsin və şad görsün. Amma atasının taleyini yaşamasın.

Faiq Balabəyli

“Kəsilməyən həyacan fiti” kitabı.2003-cü il.

Share: