Zəfər yolçusu – Sevil Gül Nur yazır…

 
Otuz il idi ki, torpaqlarımız düşmən işğalı altında idi. Hər gün doğma yurdun azad edilməsi arzusu ilə yaşayırdıq. Hər açılan sabahdan bir ümid gözləyirdik. Bağrımızın başında kök salan yaranın üstü qaysaq bağlamır, sağalmaq bilmirdi. İllər keçdikcə ağrılarımız azalmır, əksinə, daha da çoxalırdı. Hamı qələbə ilə nəticələnəcək o günün gəlişini səbirsizliklə gözləyirdi.
Nəhayət, 2020-ci il sentyabrın 27-də vətənin igid oğulları yurdu düşmən tapdağından azad etmək üçün döyüşə atıldılar.
Onlardan biri də Orucov Nemət Əkbər oğlu idi. O, 1994-cü il noyabrın 15-də Goranboy rayon Qaraçinar kəndində anadan olmuşdur. 2001-ci ildə kənd tam orta məktəbə getmişdir. Nemət məktəbdə yaxşı oxumağı ilə yanaşı, tərbiyəsi ilə də şagirdlər arasında nümunəvi bir şagird idi. 2012-ci ildə Azərbaycan Texnologiya Universitetinin Ekologiya mühəndisliyinə daxil olmuş, ali məktəbi bitirib iyun ayında hərbi xidmətə yollanmışdı. Xidmətini kəşfiyyatçı kimi 2017-ci ildə bitirmiş, 2018-ci ildə müddətdən artıq hərbi xidmətə yollanmış və xidmətini leytenant kimi davam etdirmişdi.
Nemətin ailəsi Kəlbəcər rayonundan idi. Onlar Kəlbəcərin işğalından sonra məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunda yaşayırdılar. Atasının vətən eşqi ilə yaşaması, anasının gecələr ürəkyanğısı oxuduğu bayatılar Neməti hərb sahəsinə meylləndirmişdi. O, zalım düşməni torpaqlardan qovmaq, yurdu azad etmək, ailəsini əzəli torpaqlarına qaytarmaq üçün yenidən hərbə qayıtmışdı.
Nemət xidmət müddətində bir çox fəxri fərmanlara layiq görülmüşdü. 17.11.2018-ci ildə Azərbaycan ordusunda “Ən yaxşı motoatıcı bölük” adı uğrunda keçirilən yarışlarda “Yüksək nəticələr əldə etdiyinə görə fəxri fərmanı” ilə, 03.03.2019-cu ildə hərbi hissənin yaranmasının 27-ci ildönümü münasibəti ilə “Döyüş və ictimai siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə” fəxri fərmanı ilə təltif olunmuşdu. Nemət Mübariz İbrahimovu özünə nümunə götürmüşdü. Mübarizin igidliyi onu ruhlandırmış, onun kimi qəhrəman olmaq istəyi yaratmışdı.
2020-ci il 27 sentyabr, səhər saatları. Bu vaxt Xocavənd istiqamətində düşmən tərəfdən canlanma müşahidə olundu. Bunu görən Nemət özü təkbaşına düşmənlə atışaraq basqının qarşısını aldı.
Descripción no disponible.
Bu hadisədən bir neçə saat sonra Xocavənd yaxınlığında olan strateji əhəmiyyətli bir yüksəkliyin azad olunması üçün hazırlıq görülürdü. Lakin bu, elə də asan deyildi. Düşmən uzun illər boyunca burada öz mövqeyini gücləndirmiş, ərazini öz nəzarəti altına almışdı. Hərəkət etmək çətin idi. Bu zaman əsgərlərə tapşırıldı ki, düşmən artilleriyadan atəş açacaq, hər kəs sığınacaqlara çəkilsin. Amma illərdir ki, bu anı gözləyən döyüşçü indi bir qırağa çəkilib sakit otura bilməzdi. Bir anlıq “vətən” deyə illərlə yurd həsrəti ilə yaşamış ata-anasını xatırladı, yüzlərlə köçkün yurddaşını gözü önünə gətirdi. Bir anda yerindən sıçrayıb ayağa qalxmaq istədi. Yoldaşı Toğrul onun çiynindən basıb: “Hara gedirsən? Düşmən atır, gözləməliyik”, – desə də xeyri olmadı. Nemət qəzəb dolu gözlərlə yoldaşına baxıb: “Mən neçə ildir ki, bu yüksəkliyi azad etmək arzusu ilə yaşamışam, indi əlimə belə fürsət düşmüşkən itirə bilmərəm”, – deyib sonra: “Bizimkilər də atır, onlar məni qoruyarlar”, – deyərək səngərdən çıxıb irəli süründü. Düşmən artilleriyası dayanmadan atəş açırdı. Nemət bir neçə addım atmışdı ki, yaxınlığına bir mərmi düşdü. Onun yanında olan döyüş yoldaşı Sahil Kərimli yaralanadı, Nemət isə… Qəlpələr onun vətən eşqi ilə yanan köksünü qana boyadı…
Ürəyi vətən eşqi ilə döyünənlər Zəfərə gedən yolun yolçularıdır. Onlar bu yolun nə qədər çətin, əzablı olduğunu bilsələr də, bu yoldan dönmür, daim zəfərə addımlayırlar.
Nemət də bu yolun yolçusu idi. Bu yolu sona qədər getmək ona nəsib olmasa da, getdiyi yolu şərəflə, qəhrəmanlıqla getdi. Ondan örnək alanlar, onun qanını almaq istəyənlər bu yolda daha inamla yürüdü, daha qətiyyətlə addımladı və zəfərə gəlib çatdı. İnşa edilən bu Zəfər yolunda Nemət Orucovun da ayaq izləri, addım səsləri var…
Orucov Nemət Əkbər oğlu şəhadətindən sonra “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, ” İgidliyə görə” medalları ilə təltif olunmuşdur.
Bu torpaqların azadlığı uğrunda canını fəda etmiş oğullar bu yurdu bizə əmanət qoyub. Hər zaman onların ruhunu hörmətlə anır, adını qürurla çəkirik. Şəhid qanı ilə suvarılmış torpaq bizim üçün çox müqəddəsdir. Onu göz bəbəyimiz kimi qorumaq, gələcək nəslə ötürmək bizim ən şərəfli vəzifəmizdir.
 
Sevil Gül Nur
Müstəqil.Az
Share: