Qutsal Ünvan – Göytəkin Atalı yazdı

Hər bir dünyabaxışın özünü yaşatması, ifadə etməsi üçün bir ünvanı olur. Bu ünvanda insan tapındığı dünyabaxışın prinsiplərinə əməl etməklə yanaşı, həm də özü ilə üz-üzə dayanır. Eyni zamanda o ünvandan öz düşüncələrini, baxışını xalqa çatdırır.

 

Həmin ünvan qutsal sayılır. İndiyə qədər olan dünyabaxışlarda bu cür ünvanlar məbəd, kilsə, sinaqoq, ya da məscid adlanır. Bu ünvanlarda insan özümlüyünü axtarıb ona üz tutur. Bu çağa qədər insanın bu cür ünvanlara üz tutması onu nəyə yetirib, insanı hansı məqama çatdırıb, insan bununla nə əldə edib, bu məsələnin başqa tərəfidir.

Türk xalqı zaman-zaman tarixdə böyük hünərlər göstərsə də, özünün formalaşmış, sistemli şəkildə işlənib hazırlanmış inam sistemini ortaya gətirməyib. Ruhani işğal nəticəsində get-gedə özgəçiliyə tapınıb, bu gün də özgəçiliyə tapınmaqda davam edir.

Topluma sunduğumuz Asif Atanın “Mütləqə İnam” dünyabaxış sistemi türk xalqını özgəçilikdən özümlüyə çağıran yoldur. Bunu ayrıca mövzu olaraq dönə-dönə vurğulamışıq…

Yuxarıda başqa dünyabaxışlarla bağlı dediklərimiz (ünvanın olması) Asif Ata Ocağı üçün də keçərlidir, xalqa öz sözünü deməsi üçün Onun da qutsal bir  ünvanı – Məbədi olmalıdır. Biz Ocaq olaraq, bu Məbədə İnam Evi deyirik. Bizə görə Məbəd – İnam Evi insanın həm qurma, həm də qurulma ünvanı deməkdir. Əlbəttə, İnam Evi ilk öncə insanın içində qurulmalı, yaranmalı, sonra bəlli bir tikili kimi xalqa təqdim olunmalıdır. Bir sözlə, yurdumuzda məbəd qurmaq istəyiriksə öncə özümüzü, yurdumuzu tanımalı, dəyərlərimizi tanımalı, onlara sahib çıxmalı, millətləşməli, sonra həmin Məbəddə varlığımızın harayını çəkməliyik.

Asif Ata insanlığın dirçəlməsi baxımından ortaya gətirdiyi dünyabaxış sisteminin xalqda  oturuşması üçün Məbədin – İnam Evinin olmasını zəruri sayıb. Bunun araya gəlməsi üçün ruhani Evladlarından hünər gözləyib. Atanın ölümündən sonra, Ocaq Evladları bu istəyi gerçəkləşdirmək üçün Beyləqanın Örənqala köyündə (Günev Atalının saldığı Amal Bağında) İnam Evinin təməlini qoymuşlar. İnam Evi  Ocaq Yükümlüsü Soylu Atalının ideya şəklində işləyib irəli sürdüyü layihə əsasında işlənmişdir. İnam Evinin quruluşu Asif Atanın altı ideyasının məzmununa uyğun yaradılmışdır. Soylu Atalı məbədin tikilib başa çatdırılmasının çətinliklərini vurğulasa da, tikilməyə başlanmasını gərəkli saymışdır. Əgər tikilib başa çatdırılmasa belə, onu gələcək nəsillərin başa çatdıracağını bildirmişdir. Ancaq Günev Atalı hünər göstərmiş, İnam Evinin tikilməsini gələcək nəsillərə saxlamamışdır. Böyük maddi çətinliklər hesabına olsa da, İnam Evini tikib başa çatdırmışdır. Burada onun mənəvi, fiziki çətinlikləri ayrıca ruhaniyyat səhifəsidir desək, yanılmarıq. İnam Evinin açılışı keçirildikdən sonra orada vaxtaşırı Ocaq tədbirləri həyata keçiriləcəkdir. Asif Atanın Yolu, Həqiqətləri öyrənildikcə toplumun bu ünvana üz tutması da genişlənəcəkdir. Hünərlərimizdən hünərlər doğsun.

Atamız Var olsun!

 

Köçəri Ayı, 42-ci il. Göyçay.

 

Share: