Gəl özün bax, saya gəlməz ləkə var, Ürək tamam xallanıbdır, qayıt gəl.

  Aynur QAFARLI

YAVAŞ-YAVAŞ

 Düşüb sevda yoluna mən,

Yeriyirəm yavaş-yavaş.

Nakam qalan arzuları,

Sürüyürəm yavaş-yavaş.

 

Qoyub eşqin qaynar çağı,

Axı mənə kim yasağı,

Həsrət adlı kir-pasağı,

Kürüyürəm yavaş-yavaş.

 

Gah coşuram, çağlayıram,

Gah sinəmi dağlayıram,

Öz-özümə ağlayıram,

Kiriyirəm yavaş-yavaş.

 

Səni görüb sevən gündən,

Doymamışam söhbətindən.

Hardasan gəl, həsrətindən,

Əriyirəm yavaş-yavaş.

Ürəyimə eşqim üçün,

Yükləmişəm qəmin köçün.

Mən Aynuram, için-için,

Çürüyürəm yavaş-yavaş.

QOY GEDİM, BİR TƏZƏ GÖY ÜZÜ ALIM

Yayılım sinənə bahar mehitək,

O dəmir sərtliyin ipəyə dönsün.

Dəniz köpüyündən bəyaz tül geyim,

Ürəyin bir anda ləpəyə dönsün.

 

Yosun tellərinə çəkim sığalı,

Ruhuma can versin qağayı səsi.

Sahil qayaları köpük sırğalı,

Dalğalar oxusun sevgi nəğməsi.

 

Sənə bir alovlu şeir söyləyim,

Sonra misra-misra qəlbinə axım.

Biləsən, nə imiş həsrət göynəyi,

Səni o göynəklə yandırım-yaxım.

 

Haçan ki yağışlar şor dadacaqlar,

Onda ağlamaqdan əl çəkəcəyəm.

Qırovlar yol-izi ağardacaqlar,

Bəlkə, son görüşə gecikəcəyəm.

 

Dərya duyğularım məcraya yatmır,

Könlümdən könlünə bir körpü salım.

Mənim bəxt ulduzum üzümə baxmır,

Qoy gedim, bir təzə göy üzü alım,

Günəşdən odludur sevginin odu,

Üstünə nəmişgöz bir bulud əyim.

Nazdan, nəvazişdən fayda olmadı,

Gəl sənə bir həzin şeir söyləyim.

GƏL BU EŞQİ YAŞADAQ

Geyinmişəm əynimə,
Eşqimizi bürüktək.
Toxuyuram saçıma,
Arzuları hörüktək.

 

Nə rəngimiz saralsın,
Nə dünyamız daralsın.
Qoyma bir köz qaralsın,
Bir az üflə körüktək.

 

Ayrılığa daş ataq,
Sevgimizlə baş qataq.
Gəl bu eşqi yaşadaq,
Hər ikimiz şəriktək.

 

Ay eşqimin ünvanı,
Qurutma bu ümmanı.
Gəl, birləşib hicranı,
Perikdirək periktək.

 

Aç bir qucaq, qol mənə,
Eşqini et bol mənə.
Mahir ovçu ol mənə,
Ovla məni əliktək.

 ÜRƏYİMİ DİNLƏ SƏN

 

Gəl danışma mənimlə,
Kinayəylə, kinlə sən.
Başını qoy sinəmə,
Ürəyimi dinlə sən.

 

Ürəyimi dinlə sən,
Dinlə gör bir, nə deyir.
Tökülür sənə sevgim,
Qəlbimdən şeir-şeir.

 

Bil ki, haqlı deyilsən,
Sən öz umu-küsündə.
Qəlbim sənə can atır,
Hər bir döyüntüsündə.

 

Bir bax, gör, ey, qəlbimin,
Səndən yaxın kəsi var?!
Bütün nəğmələrimdə,
Ürəyimin səsi var.

 

Lap min yol da cəhd elə,
Məndən hara qopursan?!
Su torpağa hopantək,
Ürəyimə hopursan.

 

Çox da ki bu sevgiyə,
Uzaqlardan baxırsan.
Qanıma çevrilmisən,
Damarımdan axırsan.

 

BİR GÖR MƏNDƏ ÜRƏK QALIB

 

Buludlarım dolub, ancaq,

Boşalıb-yağmaq istəmir.

Çətir tutub gözləyirəm,

Şimşəyim çaxmaq istəmir.

Sovruluram başaq kimi,

Devrilmişəm bir şah kimi,

Taleyim kür uşaq kimi,

Üzümə baxmaq istəmir.

 

Yozum varmı bu yuxuya?

Dərd əlindən döndüm suya.

Məndən uzaq gəzir guya,

Könlümü yaxmaq istəmir.

 

Bir gör məndə ürək qalıb?!

Oda düşmüş oda salıb.

Gedib qızıl üzük alıb,

Gətirib taxmaq istəmir.

 

Eşq əzəldir, Aynur, axı,

Qoy ərisin könül yağı,

Səadətə qovuşmağı,

Hansı bir axmaq istəmir?!

 

DADI SƏNSƏN BU DÜNYANIN

 

Alıb getdin parasını qəlbimin,

Sinəmdədir, parasına baxaram.

Sızlamasa, düşən deyil yadıma,

Sızlayanda yarasına baxaram.

 

Nəğməsisən ömür adlı dünyanın,

Dadı sənsən, bil ki, dadlı dünyanın,

Bu dünya heç, özüm adlı dünyanın,

Sən olmasan harasına baxaram?!

 

Dadmamışam vüsalının balını,

Durub gendən soruşuram halını,

Arzulayıb yaşılını, alını,

Ömrün-günün qarasına baxaram.

 

Gündüzümü sürüm girim gecəmə,

Qara üstdən bir ağ hörüm gecəmə,

Oxşayırmı, baxım, görüm gecəmə?

Qaşlarının arasına baxaram.

 

Tanrım özü səni mənə ləl atıb,

Mənə sarı bircə addım gəl, atıb,

Ayrılığın ara-sıra əl atıb,

Orasına-burasına baxaram.

 

Sən kədəri, mən sevinci, sevənim,

Aynur kimi, ay dürr-inci sevənim,

Sənsən mənim ən birinci sevənim,

Səndən sonra sonrasına baxaram.

 

ADINI NƏ QOYAQ Kİ…

 

Adını nə qoyaq ki, adını bu sevginin,

Hələ çıxartmamışıq dadını bu sevginin.

Qoyma ki, damla-damla süzülüb yoxa çıxsın,

Güldürmə doğmasını, yadını bu sevginin.

 

Bir dənizə bənzəyir, coşanda dalğa-dalğa,

Səninlə çiçəklənir könlümün sahilləri.

Keçirək hər alovdan gərək bu məhəbbəti,

Durur hələ qabaqda ömrün gözəl illəri.

Gəl elə yaşayaq ki, biz bu şirin anları,

Arzumuz gözümüzdə alovlanıb sönməsin.

İtirməsin heç zaman bahar təravətini,

Bu sevdanın şöləsi xatirəyə dönməsin.

 

Sevgim damarlarında qana dönüb dolaşsın,

Saxla məni bir dürtək, əlindən yerə qoyma.

Mənəm o könlündəki zərrin şəfəqli günəş,

Sənin səadətinəm, məndən heç zaman doyma.

 

Adını nə qoyaq ki, adını bu sevginin,

Hələ çıxartmamışıq dadını bu sevginin.

Qoyma ki, damla-damla süzülüb yoxa çıxsın,

Güldürmə doğmasını, yadını bu sevginin.

 

DEMƏ, YOLUN SONUDUR

 

Görüşümə, sevgilim,

İstərəm ki, gündə gəl.

Hətta soyuq Sibirdə –

Olsan da, sürgündə, gəl.

 

Ləl kimi dərindəyəm,

Xeyrində-şərindəyəm.

İlk görüş yerindəyəm,

Mən gəlmişəm, sən də gəl.

 

Demə, yolun sonudur,

Heç gör qəlbim unudur?!

Bu bir eşq oyunudur –

Bənövşəyəm, bəndə gəl.

 

Dönüb düşman olarsan,

Sonra peşman olarsan,

Gəlsən, mehman olarsan,

Dilim dönüb qəndə, gəl.

Ay bəxtimin səhəri,

Qov bu qəmi-qəhəri.

Sevmirsənsə şəhəri,

Çıxım gedim kəndə, gəl.

 

BİR SORUŞUB XƏBƏR ALAN YOX HALIN

 

Həsrətindən elə pörtüb, ay zalım,

Yanaqlarım allanıbdır, qayıt gəl.

Sən gedəndən dənə-dənə dən düşüb,

Qara saçım çallanıbdır, qayıt gəl.

Bir soruşub xəbər alan yox halın,

Qalıb eşqim ayaqları lüt, yalın.

Xeyli vaxtdır yol gözləyən vüsalın,

Dodaqları sallanıbdır, qayıt gəl.

 

Həsrət çəkir, yollarında qalıb göz,

Torpaq olub ayağımın altda köz.

Həvəs yoxdur danışmağa bircə söz,

Şeyda dilim lallanıbdır, qayıt gəl.

 

Bilirsənmi, məni qoyub gedən yar?

Təbim olub sənsiz kökdən düşən tar.

Gəl özün bax, saya gəlməz ləkə var,

Ürək tamam xallanıbdır, qayıt gəl.

 

Mən Aynuram, üzüb məni dərd-azar,

Bu halımı yaza bilməz yüz yazar.

Ətrafımda minib çapır intizar,

Köhlən atı nallanıbdır, qayıt gəl.

 

QAYIDIB DÖNÜRDÜM İLK MƏHƏBBƏTƏ

Bu gecə yuxuma gəlib gizlicə,

Saçımı oxşayıb getmək istədin.

Qara saçlarımı bəyaz görüncə,

Əyilib saçımdan öpmək istədin.

 

Dedin: «Bu nə gündür, bu nə həyatdır,

Qadın qocalarmı qırx yaşında heç».

Dedim: «Həsrətindir günahkar buna»,

Dedin ki, bağışla, günahımdan keç.

 

Səsin əvvəlkitək çox gözəl idi,

Yenə də almışdı ağlımı başdan.

Qayıdıb dönürdüm ilk məhəbbətə,

Gileyim yox idi ömürdən, yaşdan.

 

Qısılıb qalmışdı köksümə bu dəm,

Ürəyim balaca sərçəsayağı.

İnan ki, könlümün qapılarından,

Bir an kəsilmişdi dərdin ayağı.

Gözlərin zillənib qaldı üzümdə,

Dedim: «Sıx özünə, öp, sinənə çək».

Dayandıq üz-üzə, tutub əlimdən,

Dedin: «Bu yuxudur, yoxsa ki, gerçək?!»

 

 

Share: