Öldüm sevdasından bar ağacının – Salam Sarvanın seçmə şeirləri

Vaxt var idi, göz yaşı azadlıq simvoluydu:
vaxt var idi, yox idi qulun ağlamaq haqqı.
Nəysə… ruhu şad olsun aldığımız canların.
Heç çoxu içilmədi axıdılan qanların…
Ey bizim əsrimizin gözəllik salonları,
savaşda Janna Darkın saç düzümü necəydi?

Beyrəyin köynəyinin vardı yuyulmağ haqqı?

Döşünə döymədilər qürrələnən igidlər,
döydülər qaragözlü atlarının döşünə…
Sürtülməkdən zay oldu Pikassonun fırçası
Fəzlullah Nəiminin otuz iki dişinə.

Dünyanı anlamaqçün bax o topal Teymurun
axsaq ayaqlarıyla möhtəşəm yerişinə.

Və bu boyda can atma nəvazişə, tumara:
sığal haqqı boydadı bədənin şallağ haqqı.

Göy üzü ərşə qalxan əzablarla doludu.
Yer kəsilib atılmış əzalarla doludu:
Nil çayının sol qolu Babəkin sağ qoludu.
Tökür Kleopatra Ümid burnunun suyun
Lüdovikin üzülmüş Dardanel boğazına.

Bu dünyanın gərdişi pioner şeypuruyla
gör nə gözəl züy tutub Dədə Qorqud sazına.

Bəs oğlum Tural hanı… Qazılıq dağındadı,
gün gələr enər ordan Qazilik dağın tutar.
Savaşların mənası: bu qəsbkar vətənlər
öz oğlun basdırmağa özgə torpağın tutar.

Və tutar bulaq gözün tutulmuş torpağ haqqı.

O hansı ölüm idi – qapısı arxasında
bir kişini atının yəhərində gözlədən?
O hansı çılpaq idi – natəmiz əlləriylə
müqəddəs yerlərini ayıb sayıb gizlədən?

O təkgözlü əncirin necoldu yarpağ haqqı?!

***

Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol-budağımdan meyvə dər mənə.

Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-töküntüdü.

***

Alo!
Dünyanı dolaşmadan, yalnız öz küçəmizdə,
öz şəhərimizdə gördüyümüz qızları sevdik.
Bəlkə də mənim əsl sevgim
Məsələn, uzaq Afrikadakı qaradərili qız idi.

Mən o qızı düşündükcə indi ahıl yaşımda,
utanıram evimdə öz həyat yoldaşımdan.

Bəlkə o qaradərili qız da ovucunu yağışlara,
üzünü uzaqdakı baxışlara tutub ağrıyır ki:
“İlahi, dünyanı nədən bu yekəlikdə yaratdın –
nədən uzaq saldın iki sevgilini?”

Alo!
Tanrı bir-biriyçün yaranmışların hamısını
bir-birindən uzaqda yaradıb əslində:
əlimiz çatan qadın – yarımız deyil,
ayağımız çatan torpaq – yerimiz deyil!

Mən bu tənhalığı daha yaxşı anlayıram
fikrimdə o qaradərili qızın
uzun, qara barmaqlarını hördükcə.
Gündüz Günəşi, gecə Ayı
göy üzündə qərib ada şəklində gördükcə…
Öz zəncirimə hürdükcə.

Alo!
Mən bu tənhalığı daha yaxşı anlayıram
o qaradərili qızı isladan yağışların
sahilində gəzdiyim bu dənizin buxarından
yarandığını bildikcə.

Darıxıram-içirəm, içirəm-darıxıram.

Başımda o qaradərili qızın sevdası,
içimdə mühacirət arzusu –
neçə vaxtdı ki, başımı aşağı salıb
Yerin fırlanmağına baxıram…

***

Pəncərədən baxıram payızın son ayında
vərəqləri saralmış səmavi kitablara.
Göydən yağışlar yağır, göydən yağışlar yağır,
dolur yer altındakı qədim saxsı qablara.

Mənaların hamısı cəfəng imiş, rəng imiş,
nə yarpaq qoxlar daha, nə ağaca sarıllam.
İndi mən bir qadının qaşına-gözünə yox,
indi mən bir qadının taleyinə vurullam.

Hələ də vurnuxuram zaman şəcərəsində:
bu epoxa, bu əsr, bu il, bu gün, bu saat.
İllərlə məşq edərsən finişə tez çatmağa,
finişdən o yandasa elə əvvəlki həyat.

Ürəyimdən nə keçir, deyim sən də biləsən:
hər yerdən çıxıb getmək və hər kəsi unutmaq.
Cəmisi bircə dəfə, cəmisi bircə dəfə
Günəşlə birgə çıxıb Günəşlə birgə batmaq.

***

Ya ovçu əlindən, ya quş başından –
kim deyər hansından tələ dartılır?..
Onunçun düşmür ki yerinə heç nə,
hər şey bu dünyada belə dartılır.

Ax, bu qara baxtın o ağ saçları
göründü altında qızıl tacların…
Yel əyə bilməzdi bu ağacları,
yarpaqlar özləri yelə dartılır.

Öldüm sevdasından bar ağacının…
Qollarım göylərdə kor ağacıdı…
Kəndiri rezinmiş dar ağacımın –
bəxtəvər başıma, hələ dartılır!

***

Sancıldı köksünə oxun itisi –
hayıf pozdu köynəyinin ütüsün…
Arzum yox, pulum yox, nəzir qutusu
mən nə niyyət tutum, nə salım sənə?…

Həkiməm xalatım kəfən, qəm iynəm,
qorxut uşağını Salam əmiynən…
Qollarım bağlanıb qopuz simiynən,
həə, ərə gedən qız, nə çalım sənə?

Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…
Səni həmişəlik atıb gedirəm,
işdi dönər olsam, nə alım sənə?

***

Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.

Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.

İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.

***

Bu quyunun divarının
çöl üzü hanı, camaat?
Dar ağacında azmışam,
yer üzü hanı, camaat?

Al-əlvan geyib gəzərdi,
gəzərdi burda bir pəri:
yanıb, qara külü qalıb,
bəs hanı başqa rəngləri.

Yaxşı, mən özüm hardayam,
o Salam hanı, ay ana…
Gəl axtar bətnindən düşüb
itən balanı, ay ana.

***

Hərəkət başlayıb mənzil başından:
hər şey bu dünyada geri qayıdır.
Bir bax yerişinə, hər addımında
iki ayağının biri qayıdır.

Qəddimiz yıxılır qamış atından,
əlində bir qamış əsa qayıdır.
Elə hey iki şey axır dünyada:
elə hey qan batır, susa qayıdır.

Qayıdar sənin də arxına axar,
gedənlər də dönər, hər şey dönükdü.
Böyüyün yerişi ləng olur bir az,
sevinc gecikirsə, demək böyükdü.

***

Üç-üçün neçə eləyər?
Nəsə səndə düz eləmir.
Durub deyirsən, ay Allah,
bə niyə doqquz eləmir?

Sən də gəl get cəzanı al,
sən də qoşul hamımıza:
tanrı ölüm hökmü kəsib
doğulmaq günahımıza.

Ta çalma, qəmgin havalar
qəmi oynatmaz, ay uşaq.
Adam göz yaşı içində
gəmi oynatmaz, ay uşaq.

***

Sən də bu canıma guya qıymadın,
sən də canısəndə yaşatdın məni.
Yaxşı ki bircə yol “dəli” deməynən
bircə yol adama oxşatdın məni.

Daha nə ömür var gözə gələsi,
nə əl var başıma duz çevirməyə…
Nə sənə baxmağa haqqım var indi,
nə də ki haqqım var üz çevirməyə.

Dostlar-yaxınlar da yoxa çıxdılar,
ta adam tapmazsan sormağa məni.
Səni oxşamağa açılan əlim
elə hey yumulur vurmağa məni.

Dartır bir yuxudan başqa yuxuya
Yapışıb əlimdən yuxumda bir əl.
Qərib qardaşlartək düşüblər ayrı
ətəyində bir əl, yaxanda bir əl.

Sən mənə dözməyi öyrətdin, sağ ol,
savabdi, Allah da razı olacaq.
O dözüm yolunu gözləməyə yox,
səni unutmağa lazım olacaq.

Kulis.az

Share: