Sayılıb-seçilən pedaqoq, qabaqcıl təhsil işçisi…

Elxan Mirzəyev – 75

Müstəqil.Az xəbər verir mki, dəyərli ziyalı, dilçi alim, Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının üzvü və beynəlxalq məsələlər üzrə sədr müavini Elxan Mirzəyevin 75 yaşı tamam olur. Bu münasibətlə VHP Siyasi Şurasının yubiliyara ünvanlanan təbrikini yayınlayırıq:

Hər bir insan istənilən məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmalıdır. İradə elə bir keyfiyyətdir ki, o, istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə – dözümlülük, əziyyətlərə qatlaşmaq və lazımsız istəklər üzərində qələbədir. Odur ki, iradəli insan ilk növbədə çatacağı məqsədə özünü inandırmalı, istədiyi məqama nail olaraq başqalarına örnək olmalıdır. Məhz Elxan müəllim müəllim də iradəsi sayəsində öz yolunu tapan, arzu və istəyinə qovuşan ziyalımızdır. Elxan Mirzəyev 1946-cı il iyul ayının 16-da Azərbaycan SSR-nin Lerik rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1963-ci ildə Lerik rayonunda orta məktəbi, 1968-ci ildə M.F.Axundov adına APXDİ-nin İngilis dili fakültəsini bitirmişdir. 1968–1971-ci illərdə təyinat ilə Biləsuvar rayonunda ixtisası üzrə ingilis dili müəllimi işləmişdir. 1971-ci ildən M.F.Axundov adına APXDİ-nin İngilis dilinin fonetikası kafedrasında laborant, müəllim, baş müəllim kimi çalışmışdır. 1985-ci ildə Böyük Britaniyanın Sarey Universitetində 4 ay təkmilləşdirmə kursunda olmuşdur. 1987-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda “İngilis və Azərbaycan dillərində vokativ vahidlərin intonasiyası” (eksperimental-fonetik təhlil) adlı namizədlik dissertasiyası muüdafiə etmişdir. 1991-ci ildə İngilis dilinin fonetikası kafedrasına müdir seçilmişdir. 1995-ci ildə Bakı Asiya Universitetinin İngilis dili kafedrasının müdiri təyin olunmuşdur. 2003–2013-cü illərdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasında dosent kimi çalışmışdır. 2013-cü ilin sentyabrından Bakı Slavyan Universitetinin İngilis dilinin filologiyası kafedrasının dosentidir. Bir çox Beynəlxalq simpozium, qurultay və konfransların məruzəçisi və iştirakçısı olmuşdur. Beynəlxalq və yerli dərgilərdə 50-dən artıq elmi məqaləsi dərc olunmuşdur.
İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz müəyyən bir mənzildə ayaq saxlayıb arxaya boylanmalı, irəliyə nəzər salmalı olursan. Bu, bir növ insanın özünə hesabatı olsa da, əslində, cəmiyyət qarşısında hesabatdır. Elxan müəllim yaşadığı bu 75 illik ömür yolunda şəxsiyyətinə, adına yaraşan ləyaqətli bir ömür yaşayıb, ad qazanıb. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, səmimiyyət kimi ali insani keyfiyyətlərə malik olan Elxan Mirzəyev şərəfli ömür yaşayanlardandır. E.Mirzəyev pedaqoji, elmi fəaliyyəti ilə yanaşı, həm də siyasi fəaliyyətdə aktiv olub. O Vətəndaş Həmrəyliyi Partiyasının qurucularındandır. Sayılıb-seçilən pedaqoq, qabaqcıl təhsil işçisini, dəyərli partiya üzvümüzü 75 illik yubileyi münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik.
Hörmətlə,
VHP Siyasi Şurası
Share:

Author: Müstəqil AZ