Türkçülük dəyərdir – siyasi proses deyil

Soylu Atalı

(Yusif Akçuranın “Türkçülüyün tarixi” kitabına yönəlik axtarışlar, düşüncələr)

 XIX yüzilin axırlarından başlayaraq “Türkçülük Axımı”nın yaranması Türk ulusunun yaşamında olduqca dərin bir aşama sayıla bilər. Bu axımın (hərəkatın) yaranması, ağır durumda, çətin ortamda bənzərsiz işlər görməsi nə qədər önəmlidirsə, onu yazıb sabaha çatdırmaq da bir o qədər önəmlidir.

Keçmişimiz zəngin zəhmətlərlə dolu olduğu halda, biz o faktları ya bilməmişik, ya da çox az bilgilərlə yetərlənmişik. Çünkü tarix yaratmağımızla onu yazmağımız arasında həmişə bir boşlıq olmuşdur. Bununla da insanlar öz keçmişindən uzaq düşmüş, özünə, öz xalqına inamı, güvənci ortadan qalxmışdır. Bizi işğal edənlər, tarix səhnəsindən sıxışdırmağa çalışanlar həmişə bu boşluqdan yararlanmışlar. Sonucda biz bizi sıradan çıxaranlara qurtuluşumuzun yiyəsi kimi baxmışıq. Buna tarixdən ərəblərin  işğalını da misal göstərə bilərik, Rusiyanın da (istər çar dönəmi olsun, istər Bolşevik dönəmi). Bu gün Avropanın “demokratik oyunları”na da beləcə qurtuluşumuzun qaynağı kimi baxmaqda davam edirik. Söz yox, biz ayrı-ayrı dönəmlərdə geriliyə qarşı qabaqcıl əməllərin necə yaranmasını, maarifçi düşüncələrin haradan qaynaqlandığını gözardı eləməyə çalışmırıq da. Məsələn, 19-cu yüzildə mədrəsə şüurunun yaratdığı geriliyə qarşı Rusiyanın elmi məktəblərinin, gimnaziyalarının maarifçi etkilərini danmırıq. Eləcə də o çağlarda Avropanın ayrı-ayrı bölgələrində genişlənməkdə olan millətçilik proseslərinin insanlarımıza göstərdiyi etkiləri heçə saymırıq. Ancaq nə yazıqlar ki, bu cür etkilər heç vaxt insani xarakter daşımayıb, siyasi xarakter daşıyıb. Deməli, yaxşı işlər, ən çox onu gerçəkləşdirənlərin işğalçılıq siyasətinə gərək olmuşdur. Rusiya bizi onun məktəblərində eyitim alıb qabağa çıxanlarımızın əliylə boyundruğa salmışdır. Yəni xeyir şərə qulluq göstərməyə zorlanmışdır. Bu ona bənzəyir ki, öküzü yaxşı bəsləyib sonra da kəsəsən. Çünkü siyasi xeyirxahlıq – mənəviyyat tələbindən gəlmir, çıxarları (mənafeləri) güdür. O üzdən də biz xalqları oyunlara çəkən, tamahlandırıb aldadan siyasi xeyirxahlığı rədd edirik. Deyilə bilər, axı onsuz da bütün proseslər siyasidir. Türkçülük axımını başlayanların özləri belə, bunu siyasi qurtuluşu gerçəkləşdirmək üçün eləmişlər. Söz yox, millətləşmə prosesində çalışmaların siyasi, mənəvi çalarlarını düşünmək, onlara sınır bəlirləməyə çalışmaq yersiz görünərdi. Özəllikcə Osmanlıda hakim bir millətin, istər mənəvi, istərsə siyasi açıdan, sıradan çıxdığı, ya da çıxarıldığı deyək, bir dönəmdə davranışları, çalışmaları çeşidləmək heç bir məntiqə sığmayan məsələdir. Ancaq bizim də araşdırmalarımızın yönü, tələbi bu deyil. Bizim anlatmağa çalışdığımız gerçəklik odur ki, siyasi Qurtuluşun açarı siyasətin özündə deyil. Bu açıdan hər şeyə qaçılmaz siyasət adı qoyub yanlışları ard-arda düzəndə “Böyük Qurtuluş” sıfır nöqtəsindən qabağa tərpənmir.

İndi kitabın anlatdıqlarına dayanıb demək istədiklərimizə açıqlama verək. Öncə vurğulamaq yerinə düşər, Yusif bəy Akçuranın bu kitabı (“Türkçülüyün tarixi”) o çağın qarışıq-dolaşıq durumu içində Türkçlük kimi qutsal bir olayı, bu olayı başlamağın çətinliklərini anlamaq baxımından olduqca önəmlidir. Milli hünər, milli qeyrət əməlidir. Özündən sonrakı çağlarda da millətin varlığını qorumaq yolunda çalışmalar üçün örnək bir addımdır. Görünən odur ki, bu axımın başlamasına qədər “Türk” deyə bir varlıq, bir ad artıq ortadan qalxmışdır. Tarixdə böyük dövlətlər qurmasına baxmayaraq, 19-cu yüzilin axırlarına doğru bu millətin istər adı, istər dili, istərsə də dəyərləri özünün yaşam olanaqlarını, demək olar ki, itirməyə başlamışdır. Əgər 20-ci yüzili də o cür davam eləsəydi, bu millətin fiziki varlığından başqa heç nəyi qalmayacaqdı. Tarixdə bir sıra millətlərin  silinib sıradan çıxması bilimə (elmə) bəllidir. Latın xalqı ayrı-ayrı xalqların genetik varlığında mövcud olsa da, özü bir varlıq olaraq tarix səhnəsindən silinib getmişdir. Millət o vaxt tarixdən gedir ki, dilini, mənəviyyatını, dəyər yaradıcılığını, bir sözlə, özünəxaslıqlarını qoruyub saxlaya bilmir. Dediyimiz kimi, 19-cu yüzilin ikinci yarısına doğru, Türk milləti də dilini, mədəniyyətini, dəyərlərini qoruyub yaşada bilməmiş, üzü enişə – yox olmağa doğru sürüklənmişdi. Osmanlı kimi güclü bir imperiyanın içində, demək olar, Türkə xas heç nə qalmamışdı. Ayrıca uydurulmuş Osmanlı mədəniyyəti İslam demək idi. Osmanlı dili deyə cəfəng bir şey uydurulmuşdu – bu da ərəb, əcəm (fars) sözləri ilə doldurulmuş hibrid bir dil idi. Məişət səviyyəli Türk dilində qonuşan sadə türk toplumu daim alçaldılıb aşağı tutulurdu. Eybəcər bir Osmanlı siyasəti yürüdülürdü: guya Türk kimliyini, Türk dilini qoruyub öz adıyla çağıranda Osmanlıda yaşayan başqa etnik toplumlar (ərəblər, arnavudlar, daha kimlər) bundan qıcıqlanacaq, bölücü (seperat) əməllər ortaya gətirəcəklər. Qıraq güclərin, başqa etnik topluluqların azadlıq istəklərindən yararlanaraq, Osmanlını içəridən parçalamaq meyilləri baş qaldırmasın deyə, bəhanə edib, belə bir siyasət yürütmək böyük fəlakət idi. Bu fəlakət, sonralar – Birinci Dünya Savaşında, bütün çılpaqlığı ilə üzə çıxdı. Əminliklə demək olar, əgər 19-cu yüzilin ortalarından başlayaraq, Türkçülük Axımı yaranmasaydı, Türkiyə Cümhuriyyəti baş tutmayacaqdı, Osmanlının dağılmasıyla dövlət deyə bir şey qalmayacaqdı. Bununla da, indiki çağımıza qədər, Türk millətinin tarixdən silinməsi, böyük ehtimalla, gerçək bir fakta çevriləcəkdi. Məncə, o çağı da, yaşadığımız indiki çağı da doğru araşdırıb doğru dəyərləndirən hər kəs bu dediklərimizi təsdiq edə bilər. Türkiyə Cümhuriyyətinin yaranması – bütövlükdə Türklüyün qurtuluşu idi.

XIX yüzilin başlanğıcından başlayaraq, Rusiyanın hazırlıqlar görməsi, Azərbaycanı ikiyə bölüb bir parçasını işğal eləməsi, başqa yerlərdən erməniləri Azərbaycanın Quzeyinə köçürüb saylarını artırması, 20-ci yüzilin birinci yarısında Azərbaycanda ermənilərin əliylə soyqırım törətməsi, torpaqlarımızın bir parçasında erməni dövləti yaratması, bu günə qədər işğalçılıq, Azərbaycan dövlətçiliyinə sonqoyma siyasəti yürütməsi, Batının, Avropanın bu gedişlərə seyrçi qalması, erməninin çıxarlarına yönəlik davranışları (ayrı-ayrı faktları sadalamaq da olardı, yazının profilinə uyğun görmürük) yuxarıda dediklərimizdə yanılmadığımız düşüncəsini daha da gücləndirir.

Yuxarıda vurğuladıq, Türklüyün danılması yönündə Osmanlının yürütdüyü siyasət böyük fəlakətlər doğurdu. Dövlətin, torpağın yiyəsini danmaqla, onun şüurunu, dəyərini, mədəniyyətini sıradan çıxarmaqla dövləti, torpağı qorumağı düşünmək, yumşaq desək, ağılsızlıqdır. Kiçik etnik toplumları böyük xalqın çevrəsində birləşdirib milli-mənəvi gücə çevirmək gərək idi. Bununla da dövlətin quruculuq, qoruyuculuq gücü birə beş artardı, nəinki mücərrəd Osmanlı milləti uyduraraq yalanı dövlət siyasətinə çevirəndə. Yalan bir yerə qədər yeriyər, ancaq dövləti, milləti qorumağa gücü çatmaz. Yalan – hakimiyyəti qorumaq üçün gərək olur, ancaq bu işi də axıra qədər ayaqda tuta bilmir. Bu həqiqəti anlamaq üçün hakimiyyətçiliyə deyil, dövlətçiliyə qulluq göstərmək gərəkdir. Bilindiyi kimi, belə bir oyun, bizim çağımızda Azərbaycanın da başına gətirildi. 90-cı illərdə Azərbaycanda hakimiyyəti yenidən ələ keçirən H.Əliyev millətimizin adından, dilindən “Türk” sözünü çıxarmaqla yeni fəlakətlərin başlanğıcını qoymuş oldu. Mücərrəd “Azərbaycançılıq” oyunu ilə, əslində həm Türk millətinin etnik kimliyi ortadan qaldırılır, həm də başqa etnik topluluqların (qardaşlarımızın) varlığı danılır. Türk milləti ilə başqa etnik topluluqların Birliyini yaratmaqla, bunu vahid milli gücə çevirmək daha böyük ərdəmlik olardı, nəinki hər birinin etnik kimliyini danmaq (inkar etmək) siyasəti yürütməyə “qurtuluş” adı qoymaqla. Nə yazıqlar ki, H.Əliyevin bu gərəksiz siyasətinə qarşı axıra qədər dirəniş göstərən “Birlik” olmadı. Başqa etnik toplumların Türklüyə qarşı çıxan ayrı-ayrı bölücü nümayəndələrinin davranışları da bu məsələdə təbliğat faktı kimi qullanıldı. Bəlkə də bu davranışlar məqsədli şəkildə ortaya çıxarılmışdı. Nəyin necə olmasından asılı olmayaraq, bir millətin varlığını danmaq yolu, bizə görə, təkcə hakimiyyəti qorumaq gedişi deyil, həm də məkrli planlara qulluq göstərməkdir – bu davranış istər yüz il öncə Osmanlıda olsun, istər yüz il sonra Azərbaycanda. Osmanlının son çağlarında, dövlət strukturlarında Batıya, Avropaya çalışan kadrlar az deyildi. Elə Azərbaycanda da, qıraq güclərə, özəllikcə Rusiyanın çıxarlarına çalışan satqınlar yetərincəydi (indi də yetərincədir). Bütün bu faktları göz önündə tutaraq, demək olar ki, 19-ci yüzilin ortalarından başlayaraq, Türkçülük axımı yaradan insanlarımızın zəhmətləri, fadakarlıqları gerçəkdən alqışlanası olaylardır. Ancaq bu insanların çalışmalarını izlədikcə adam həm də o çağda yaşayan satqın soydaşlara görə xəcalət duyğusu yaşayır. Baxın, bu milllət necə bir duruma gətirilib ki, ən ilkin insan haqqını dilə gətirmək bunca qarşıya fədakarlıqlar tələbi çıxarmışdır. Kitabdan bir alıntını burada vermək yerinə düşər: “… dil və tarixdə türkçlük hərəkatı, dərhal Əbdülhəmid idarəsinin diqqətini cəlb etmiş, sadə türkcə, yəni ərəbcə və əcəmcəsi az bir üslubda yazılan məqalələrin nəşri qadağan olunmuşdur; eyni zamanda türk tarixinin tədqiqinə yol açar düşüncəsi ilə çapda olan kitabların da yayımlanması qadağan olunmuşdur!”

(Yusif Akçura. “Türkçülüyn Tarixi” Qanun nəşriyyatı. 2020. səh.130)

Buna bənzər yasaqların olduğu kitabın ayrı-ayrı bölmələrində tez-tez vurğu edilir. Eyni təqiblər, eyni yasaqlar Çar Rusiyasının boyunduruğunda olan Türk yurdlarında da baş vermişdir. Rusiyanın bu davranışlarını anlamaq olar. Çünkü Rusiyanın içi, çölü türkdür, torpaqları türkündür. Onun içində Türkçülük axımının başlaması Böyük Türk Birliyinin yaranmasına gətirib çıxarardı, bununla da Rusiya dövlətinin varlığı sonuna vara bilərdi. Ancaq Osmanlı dövləti Türkün ola-ola, onun Türklüyə qarşı siyasət yürütməsi olduqca düşündürücüdür. Bu məsələyə “anlaşılan deyil” demək bəlkə də doğru olmaz. Axı bu yasaqları, əngəlləri doğuran səbəblər var. Bu səbəblərin kökləri, düşüncəmizə görə, daha dərinlərə işləyir. Ona görə də məsələyə üzdən yanaşmaq, ötüb keçmək yolverilməzdir. İmperiyanı qorumaq xatirinə Türklüyü ortadan qaldırmaq eybəcərlikdir – milli-bəşəri cinayətdir. Bu gedişə dövləti, dövlətçiliyi qorumaq adı vermək ağ yalandır. İnsana milli kimlyinin gəlişməsi, gözəlləşməsi gərəkdir, antiinsani bir imperiyanın, ya da dövlətin qorunması yox. Dövlət – milli varlığı, dili, mədəniyyəti qoruyub gəlişdirmək üçün olmalıdır. Yadellilərin mədəni, mənəvi assimilyasiyasının qarşısını almayan, tərsinə, bu prosesi özü həyata keçirən bir dövlətlə qürur duymaq, ona güvənmək necə mümkün ola bilər. Çağımızda da Osmanlı sevdası ilə gümüldəyənlər az deyil. Bizə görə elə bir imperiyanı, elə bir dönəmi arzulamaq xəstə şüur daşıyıcılarında olar yalnız. Özünə, millətinə sayğı duyan insan Osmançılıq şüurunu savunmaz. Tarixi fəlakətlərdən, tarixdə yenilmələrdən (məğlubiyyətlərdən) dərs götürmək çağıdır. Baxın, 7-ci yüzildə ərəb imperiya qurdu, türkü boyunduruğuna aldı. Onun dilinə, mədəniyyətinə, bir sözlə, etnik kimliyinə böyük zərbə vurdu. Türkün adı, soyadı belə, ərəbləşdirildi. Ərəbin heç nəyi zədə götürmədi, hər şeyə hakim oldu. Çinin, Farsın, Rusun imperiyaları quruldu, bunun kimi, onların hər şeyi hakim oldu, türkün hər şeyi zədə götürdü. Osmanlı adında (guya) Türkün imperiyası quruldu, yenə türklük bütünlüklə zədə götürdü. Türklüyün sıradan çıxarılması dövlət siyasətinə çevrildi. Bilim, eyitim (elm, təhsil) görmüş bir sıra adamlar belə, dövlətin türklüyə qarşı bu yöntəmsiz siyasətini dəstəklədi. Kitabdan bir alıntıya (sitata) baxaq: “Ancaq o zamanlar, yalnız padşah və hökümət deyil, aydın geçinən Batı türklərinin əksəriyyəti belə, milliyyət fikrinin siyasi deyil, hətta dil, tarix, qısası elmi və nəzəri sahələrdə dəstəklənməsi və nəşrinə qarşı idi…”

(“Türklüyün tarixi”. səh.132)

 

Türkçülüyə qarşı olan bu kəslər özümləşmə prosesini gülüş obyektinə çevirirdilər: “Dünya inkişaf edərkən bu zavallılar (Türkçülük axımı yaradanlar – S.A.) bu gözəl Osmanlı ədəbiyyat dilini buraxacaqlar da Asiya çöllərindəki özbəklərlə bizə eyni dili danışdıracaqlar. Füzulini, Nədimi buraxıb Xoca Əhməd Yəsəvini, Sofi Allahyarı təqib etdirmək istəyirlər – deyə daha bir sıra cazibəli sözlərlə gəncləri bizdən nifrət etdirməyə qalxırdılar…

Bizim zəif işığımızı söndürməyə çalışırdılar”.

(elə orada)

Çox ilginc məsələdir. Üstündən yüz əlli ildən çox vaxt keçib, bizim çağımızda da türklüyə, onun dilinin arınmasına qarşı bənzər davranışlar sərgilənməkdədir. Axı nədən bu millətin özümləşməsi, dilinin arınması kimlərdəsə bu qədər yersiz qıcıq oyandırır?! Hansı təbliğatın, siyasətin, ya ideologiyanın etkisindəndir görəsən?! Nə yazıqlar ki, bu suala Türkçülük axımı yaradan ünlü aydınlarımız belə doğru, düzgün cavab verməyiblər. Kitab bu məsələ ilə bağlı bir neçə dəfə eyham etsə də, dərinə getmədən üstündən adlayıb keçmişdir. Yenə bir alıntıya baxaq: “Türkçülər əleyhinə hücumda ən irəli gedən adam, əvvəldən bəri islamçı, yalnız islamçı deyil, hətta ərəbçi tanınan Əbüzziya Tofiq bəydi ki, ərəbliyə məhəbbətinə görə oğullarına Talha və Vəlid kimi ərəb olmayan müsəlmanlar arasında az eşidilən qatı ərəbcə adlar qoymuş və özü də ərəb qaydası ilə “Əbüzziya” künyəsini almışdır. Namiq Kamallar dövründən geridə qalan bu az qabiliyyətli, ancaq çox mərifətli qəzetçi və mətbəəçinin türkçülük əleyhinə açdığı cihad, məşrutiyyət dövründə, irəlidə görəcəyimiz kimi, özü, oğulları və Süleyman, Nazif bəy kimi dostları tərəfindən davam etdirilir”.

(“Türklüyün tarixi”. səh.132, 133)

 

Burada öncə (bu yazı ilə bağlı) bir məsələyə baxış sərgiləyib sonra düşüncələrimizi davam edək. Sayğılı oxucular, bağışlayın ki, sizin baxışlarınızı belə yöndəmsiz cümlələrlə yormaq zorunda qalırıq. Yuxarıda da vurğuladıq, bu kitabın milli özünütanıma açısından önəmi nə qədər böyük olsa da, Azərbaycan türkcəmizə uyğunlaşdırılması çox yaman gündədir. Kitab Türkiyə türkcəsində çap olunsaydı, bəlkə daha oxunaqlı olardı. Bu kitabın Azərbaycan türkcəsinə uyğunlaşdırılması dilimizin gözəlliyini eybəcər şəklə salıbdır. Ancaq düşüncələrimizə açıqlama vermək üçün alıntılara üz tutmaq qaçılmazdır…

Bu gün də Türkiyə Cümhuriyyətində Əbüzziyaların soyu durmadan artır. Ərdoğan Türkiyəni Türklüyün faciəsinə qaytarır. Milli şüurun müsəlmançılıq şüuru ilə əvəz olunması – milli dəyərlərin aşılanması, özünüqoruma olanaqlarının ortadan qalxması deməkdir. Bu üzdən biz Türkçülük axımı yaradanların “Türkləşmə, İslamlaşma, Avropalaşma” çağırışlarını da doğru saymırıq. Nəinki doğru saymırıq, zərərli olduğunu dönə-dönə vurğu edirik. Söz yox, o çağın tələbləri qarşısında bu üç fərqli ideyaları bir arada dilə gətirməyin qaçınılmazlığını anlayırıq, ancaq dediyimiz kimi, qəbul etmirik. Qaçınılmaz olaraq yol verilsə də, yanlışın adı yanlışdır. Ona görə sanırıq, sağlam düşüncəli insanlarımız indi də, gələcəkdə də bizim ərklə söylədiyimiz qınaqları anlayışla qarşılayacaqlar. Bu çağırışın yanlış olduğu kitabda yazılan faktlardan da aydın görünür. Yusif bəyin vurğuladıqlarından belə çıxır ki, türk dili ərəb, əcəm sözləriylə o qədər yüklənmişdir, türklükdən heç nə qalmamışdır. Ortaya çıxan yeni bir dili – türk dili saymaq olumsuzdur. Osmanlı dili sayılan bu danışıq aracını (vasitəsini) ən yaxşı halda, ərəb dilinin bir şivəsi saymaq olar. Dil də yoxdursa, mədəniyyət yoxdur. Mədəniyyət də yoxdursa, “millət” anlayışı getdikcə ortadan qalxır. Mədəniyyət milli şüur kodudur. Dil – bu kodu qoruyan açardır. Bu açarı itirənin etnik kimlik bəlirtisi (müəyyənliyi) sıradan çıxır, millət tarix səhnəsindən gedir. Dil – milli mədəniyyəti gəlişdirən, ifadə eləyən qüdrət, milli mədəniyyət – dilin gözəlliyini, özünəxaslığını qoruyan bazadır. Bu aksiomadır, bu düsturdur, bu ölçüdür. Bu məsələdə yersiz güzəştlər bağımsızlığın (müstəqilliyin) nisbiləşməsinə, əsarətin möhkəmlənməsinə gətirib çıxarır. Bu məsələni dərindən incələyəndə, bir daha vurğu edirik, ünlü türkçülərimizin “üç tərzi siyasət” baxışını irəli sürmələrinin qüsurlu, hətta qorxulu olduğu ortaya çıxır. Deyək ki, bu baxışı irəli sürmək o çağ üçün qaçılmaz idi. Elə isə, onların bu baxışı irəli sürmələri keçid aşaması kimi bilinməli, yazılmalı idi. Hər bir siyasi-ideoloji düşüncə konseptual olaraq işlənməli, onun günsəl (taktik) biçimi ilə gələcəkli (strateji) biçimi bəlirlənməlidir. Gələcəkli biçimi sandıq ədəbiyyatı şəklində gələcəyə ötürülməlidir ki, sonrakı soylar yüzil öncəki qaçılmaz yanlışları təkrarlamaq zorunda qalmasınlar. Hər kəs dərin milli sorunlara öz baxışı açısından yanaşmağı toxunulmaz ölçü kimi ötürməməlidir. Yüzillərlə dərinləşməkdə olan belə sorunlar günsəl (taktik) addımlarla çözümünü tapıb başa çatmır. Ona görə deyirik, bu yöndə türkçülərimizin strateji hədəfləri də, daha doğrusu, strateji hədəflərə yürümə yolları da bəlirlənməli idi. Ya da onların Türkçülüyə yanaşmalarının doqmat olmadığı bəlirlənib sabaha ötürülməli idi. Bu dediklərimizin gerçəkləşməməsi üzündən çağımızda da Türkçülüyə konservativ baxışlarla yanaşılır, milli-etnik sorunlarımız çözümünü tapmır, özümləşmə yerinə özgələşmə əməlləri həyata keçirilir. Bunun da adına millətləşmə deyirlər. Dediklərimizlə bağlı çağımızdakı mühafizəkar addımları örnək göstərə bilərik. Yüzil öncə Azərbaycanda Respublika quran aydınlarımızın zor qarşısında atdıqları yanlış addımlar yetmiş il sonra olduğu kimi təkrar olundu. Başlıca olaraq, dövlət ideologiyasının əsas atributu olan bayrağın daşıdığı anlam üzərində islahat aparmaq heç yada da düşmədi, buna yönəlik düşüncə ortaya gəlmədi. Ona görə milli kimlik şüuru (üstündən 30 il keçsə də) hələ də oturuşmayıb. Bayrağımızda əks olunan “Türkləşmə”anlamı (göy boya) məhəlli xarakter daşıyır. Ancaq “İslamlaşma, Avropalaşma” anlamları (yaşıl, qırmızı boya) həyatımızda daha geniş etki göstərməkdədir. Bunun sonucudur ki, Azərbaycan türklərinin böyük çoxluğu hələ də özlərinə türk demirlər. Türk deyəndə gözlərinin qarşısında yalnız Türkiyəlilər canlanır. İslamlaşma anlamının isə yaşamımızda genişlənməsi ilə Bakının bəzi kəndləri, Arazboyu bölgələrimiz İranın dini poliqonuna çevrildi. Mindən çox dini qurumlar, sektalar, təriqətlər dövlət qeydiyyatından keçdilər. Milli Birliyimiz qurulmadı, qırıldı. Azərbaycanda məktəblərin sayından çox məscid tikildi. Heç bir məsciddə isə milli şüurla bağlı bircə vergül belə dilə gətirilmir. Ərəb böyüklərinə öygü söyləmələr tükənmir, günü-gündən onların ünvanına yeni fantastik, uydurulmuş öygülər icad eləmək yarışları keçirilir. Eyni ilə buna bənzər düşüncələri çağdaş Türkiyə haqqında da söyləmək olar. Yuxarıda da vurğuladıq, Ərdoğan hakimiyyəti Türkiyəni getdikcə Osmanlı geriliyinə qaytarır. Belə getsə, Azərbaycanla Türkiyə arasında yenidən şiə-sünnü uçurumu yaranacaqdır. Bu üzdən biz türkçülük yönündə, hansı səbəbdən olursa olsun, ortaya çıxan yanlışları strateji yanlışlar sayırıq. Yəni keçmişdə yanlış atılan addımların keçid aşaması olduğu vurğulanmırsa, gələcək soylar da bu addımları olduğu kimi təkrar edirsə, bu yanlışları strateji yanlışlar adlandırmaq olar. Hər şeyi “indi vaxtı deyil, düşmən oyaqdı” deyib gələcəyə ötürmək yolverlməzdir. Məsələ ondadır ki, düşmən həmişə oyaq olur, ancaq düşmənin qarşısına sağlam ideya, cəsarət, dönməz iradə qoyan yetişmir, yetişdirilmir. Bu dediklərimiz dərindən öyrənilsə, yuxarıda vurğuladığımız məsələ – dilin ərəbcə, əcəmcə yüklənib milli gücünü itirməsinin nədənləri də aydınlaşdırıla bilər. Dil başqa xalqların sözləri ilə ona görə yüklənir ki, başqa xalqların sırıdığı mədəniyyət var. Mədəniyyət öz anlayışları ilə gəlir. Ərəblərin gətirdiyi mədəniyyət İslam mədəniyyəti idi. Bu mədəniyyət özüylə dil gətirir, söz gətirir, anlayış gətirir. Bir var başqa xalqların qabaqcıl düşüncələrindən, mədəniyyətlərindən qarşılıqlı bəhrələnmələr, bir də var, bir xalqın mədəniyyəti olduğu kimi başqa xalqa sırınır. Bu zaman həmin xalqın öz mədəniyyəti yaşamından dışlanır. Bu artıq assimilyasiya deməkdir. Türk ruhu, türk kimliyi, türk dili, ərəb-islam mədəniyyətinin gəlişiylə, assimilyasiyaya uğradı. Türk xalqı ilə ərəb xalqı oxşar xalqlar deyil, onların hər birinin özəllikləri var. Bəs necə ola bilər, bir xalqın xarakterik nəyi varsa, o biri xalqa sırıyasan?! Bəs bilmirsən belə olanda dilin də sıradan çıxacaq, şüurun da?!

Hər bir xalqın mədəniyyəti özünün ruhani keyfiyyətlərindən yaranır. Xalqın ruhani keyfiyyətləri özünün mədəniyyəti ilə yaşadılıb qorunur. Mədəniyyətin bütün çalarları, deyək ki, ədəbiyyatı, sənəti, poeziyası, təhsili ruhani keyfiyyətlərin yaşadılmasında başlıca rol oynayır. Ədəbiyyat, sənət milli obrazları araçılığıyla (vasitəsilə) həm milli şüurun oyanışını ayaqda tutur, həm də keçmişlə gələcəyin bağlılığını, bu bağlılığın gərəkliyini ifadə edir. Yeri gəlmişkən, bir məsələni burada vurğulamağı gərəkli sayırıq. 90-cı illərdə “Çaşıoğlu” nəşriyyatı ilkoxul (ibtidai sinif) dərsliklərini latın qrafikalı Azərbaycan abesiylə (əlifbasıyla) yenidən işlədi. Sovet dönəmindən üzü bu yana kitabların redaktoru Yəhya Kərimov idi. Sovetlərin dağılmasına, ölkənin bağımsızlıq qazanmasına baxmayaraq, Yəhya Kərimov dərsliklərdə hələ də rus uşaqlarının şəklini verirdi. Azərbaycan uşaqları o dərsliklərdə özlərini deyil, rus uşaqlarını görürdü. Beləliklə də, onların ağlında özlərinin deyil, rus uşaqlarının üstün olduğu şüuru yaranırdı. Üzdən baxanda adi görünən bu məsələ olduqca dərin fəlakətlərə yol açan bir sorun idi. Bu dediklərimizi gücləndirmək üçün kitabdan bir alıntıya göz yetirək: “Türk dili, bağımsızlıq və hakimiyyətini, İstanbulun əsil türk millətindən ayrı, qarışıq, xudbin, qayəsiz, gündəlik şəxsi faydalarından maddi və qaba zövqlərindən başqa bir şey düşünməyən, özlərini bir növ aristokrat sayan tüfeyli sosial bir zümrəyə dayanaraq qura bilməzdi. Milli şair, peyğəmbəranə bir instinktlə türk dilinin bağımsızlıq və hakimiyyətini təmin etmənin türk xalqına dayanmaqla mümkün ola biləcəyini anladı”.

(“Türklüyün tarixi”. səh.170)

 

Doğru yanaşmadır. Xalqdan qıraqda nə dil gəlişə bilər, nə də mədəniyyət yaşaya bilər. Elə isə dili sıradan çıxaran bir mədəniyyəti (ərəbçiliyi) döşünə çəkmək anlamsızlıq deyilmi?! Sevimli aydınlar, biz isə deyirik: Mübarizə, qurulma, gəlişmə bütün aşamalarında çelişkisiz (ziddiyyətsiz) olmalıdır ki, müsbət sonuclar verə bilsin.

Bütün bunları ümumiləşdirmək üçün biz bu məsələdə də Asif Atanın dediyinin üzərinə gəlib çıxırıq. Asif Ata Türkçülüyün üç çalarının olduğunu vurğulayır: Ruhani Türkçülük, Tarixi Türkçülük, İdeoloji Türkçülük. Ata deyir: “Ruhani Türkçülüyün mahiyyəti ən çox Azərbaycançılıqda, Tarixi Türkçülüyün mahiyyəti ən çox Türkiyəlikdə (Osmançılıqda), İdeoloji Türkçülüyün mahiyyəti ən çox Ziya Göyalp, Əlibəy Hüsynzadə, Məmməd Əmin Rəsulzadə ideyalarında üzə çıxır”.

Düşünürük ki, bu çalarların hər biri ciddi faktlar olmaqla yanaşı, öz işlərini görmüş, ömürlərini başa vurmuşdur. İndi bunların hər birinin müsbət yönlərini özündə yaşadan, həm də bu çalarların ən yüksək aşaması olan Ocaq Türkçülüyü vardır. Ocaq Türkçülüyü Ruhani Türkçülükdür. Mütləqə İnam Yoluyla İnsanlaşma – Millətləşmə (bizdə Türkləşmə) – Doğulaşma – Bəşərləşmə ölçüsü. İnsanlaşma olmadan Millətləşmənin baş tutması inandırıcı deyil. Başqa sözlə, Millətləşməni siyasi məqsədə çevirib ayaqda qalmaq çabaları başqa çıxarlar ortaya çıxarır. Xalqların bir-birini danmaq yoluyla özlərini təsdiq eləməyə çalışması İmperializm tələblərini ortaya çıxarır. Siyasiləşən Miləltçilik ağalaşan millətçilikdir – biz bunu rədd edirik. Bizim üçün Millətçilik Ruhani olaydır. Yalnız İnsanlaşan toplum Millətləşə bilər. Millətləşməni ona görə siyasiləşən olay sayırlar ki, Milləti kapitalizm Quruluşunun yaratdığını düşünürlər. Halbuki Milləti Quruluş yarada bilməz. Millət özündə ruhani mahiyyət daşıyır. Onu qurama, törəmə olay adlandırıb siyasiləşdirmək yanlışdır. “Millət” anlayışının sonradan yaranması ilə Millətin sonradan yaranması eyni anlam daşımır. İnsan, toplum – etnos kimliyini Quruluşdan Quruluşa dəyişmir. Dili, insani aqibət Birliyini Quruluş ortaya çıxarmır. Bu üzdən də biz Millətçiliyi – ruhani anlamına görə əbədi proses sayırıq. Türkçülük Dəyərdir – dilin, mənəviyyatın, mədəniyyətin özülü olan Ruhani Dəyər!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

23-24 Çiçək Ayı, 43-cü il.

 

 

Share:

Author: Müstəqil AZ