Baş Prokurorluq universitet rektorunu dezinformasiyada günahlandırdı

Dürdanə Əliyevanın barəsində cinayət işi Universitetin rektorunun müraciətinə görə yox, vətəndaşların çoxsaylı şikayətlərinə görə başlanıb.

Bu barədə Müstəqil.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olmuş çoxsaylı şikayətlər əsasında aparılmış araşdırmalar nəticəsində cinayət işinin başlanılması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 29 aprel 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin, Dürdanə Əliyevanın qanunsuz əməllərinə dair cinayət işinin guya vətəndaş şikayətləri əsasında deyil, Universitetin rektoru Nurlana Əliyevanın Baş Prokurorluq və Təhsil Nazirliyinə etdiyi müraciət əsasında başlandığı barədə məlumatlar yayılıb.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər əsasında başlanıb və yalnız bundan sonra 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub.

Qurum təəssüflə bildirir ki, rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyətdə çaşqınlıq yaradır.

Baş Prokurorluq hər kəsi bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Müstəqil.Az

Share: