“Adamın boynunda dolaşan öpüşləri belə saxtadır, inan mənə…” – Arzu Murad yazır…

Salam Cəmilə. Necəsən? Bu məktubu sənə yazıb-yazmamaqla bağlı çox tərəddüdlərim oldu. İçimdə özümü yeyib bitirdim və nəhayət, yazmağa qərar verdim. Vicdanım susmağa yol vermədi.
Bilirsən, Cəmilə, Rahib səni sevmir. Sənin gözlərindəki işıltıya, coşub-daşan sevgiyə, həyəcanlarına, özünü itirməyinə, onu görəndə bir-birinə dolaşan əl-yağına layiq deyil. O səndən ciddi şəkildə mənafe güdür. Məsələn, fikir vermisənmi, pulun olduğu zamanlarda Rahib sənin yanından bir an belə olsun çəkilmir, amma pulunun son qəpiyinə kimi xərclətdirib arxayın olandan sonra, səni heç itirib-axtarmır. Təəssüf edirəm bu sözləri sənə yazdığım üçün. Bilmək olmaz, bəlkə heç vicdanım əl vermədi sənə göndərməyə. Bu misraları oxuyanda keçirəcəyin duyğuları təsəvvür edə bilirəm.
Adamın boynunda dolaşan öpüşləri belə saxtadır, inan mənə. Eşqinin daşa dəyməsini istəmirəm, amma sənin də gündən-günə məhv olmağına göz yuma bilmərəm. Bəlkə sənin baxdığın damdan mən bu məktubuma görə, çox alçaq adam sayıla bilərəm. Olsun, mən dostuma görə alçalmağa da razıyam, təki ziyanın harasından olur-olsun, dönəsən.
Görüşlərə tələsmələrin, bəzən təlaşdan koftanı tərs geyinməyin, qəhvəyə şəkər əvəzinə duz tökməyin, yeməyi alaçiy etməyin… səninçün xırda və mənasız görünən bu detallar məni o qədər məyus edir ki… içimdə ölüb dirilirəm və gözünü açmadığım üçün özümü xəyanət etmiş sanıram. Sən sevgilərin ən gözəlinə, öpüşlərin ən həyəcanlı və səmimisinə, baxışların ən dürüstünə layiqsən. Axı necə ola bilir ki, hamının gözünə girən bu mənzərə sənə heç nə demir? Bəlkə də görürsən, amma özünü aldatmağa çalışırsan? Bir söz də deyim, ağırına gəlməsin. Rahib səni heç kəsə və heç nəyə qısqanmır. Özünü aldatma. Onun gözü səni heç görmür, həyatının yalnız bekar və ac tərəfindəsən. Ondan o tərəfə sənin yerin yoxdur.
Nə qədər ki, qürurun alçalmayıb, qayıt bu yoldan. O adam səni ömrünün elə bir dönəmində atacaq ki, həyatını toparlaya bilməyəcəksən. Dişinlə-dırnağınla gəldiyin yerlər də sənə yad olacaq, həyatına qaldığın yerdən davam edə bilməyəcəksən. Bu, sevgi deyil, manyaklığın və mazoxizmin ilkin mərhələləridir. O mazoxizmin ki, artıq özünü incitmək sənə həzz verir, bütün yaxın çevrən və ailəndən gen gəzirsən.
Sənin sonun bilirsən necə görünür? Rahib və sevgilisi məhv olmuş həyatını ziyarət etməyə gəlir və bir az irişəndən sonra parça-parça olmuş həyatının tikələrinin üstünə gül qoyub gedirlər…
Arzu Murad
Müstəqil.Az
No hay ninguna descripción de la foto disponible.
Share: