Hərbi Qənimətlər Parkının açılışı ilə ADA-dakı çıxışın ardıcıllığı…

Prezident İlham Əliyev ölkəmizin diplomatiya ocağı sayılan ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında bir sıra mühüm məqamları qabarıq şəkildə vurğulaması ilə bir daha bütün diqqətləri öz üzərinə çəkdi.

Belə ki, dövlət başçımız Ermənistan və Rusiyanın revanşist və şovinist dairələrinin bu həqiqəti necə qarşılayacaqlarından asılı olmayaraq öz çıxışında Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu birmənalı şəkildə vurğuladı və bunu əyani şəkildə isbatlayan real tarix faktları ortaya qoydu. İlham Əliyev bir əsr öncəki tarixi reallığa ekskurs etdi və bildirdi ki, “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”. Azərbaycan lideri ermənilərin və rusiyalı tarixçilərin, politoloqların özlərinin də yaxşı bildikləri bu tarixi həqiqəti diqqət mərkəzinə gətirməklə tarixi qəsdən unudanlara əsl tarix dərsi keçdi.
Prezidentin sözügedən çıxışındakı ən mühüm məqamlardan biri də məhz “İrəvana qayıdacağıq” ismarıcı idi. O, İrəvanla bağlı mövqeyini belə ifadə etdi: “Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq?! Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.
Düzdür, dövlət başçısı bununla ilk növbədə tarixi faktı – İrəvanın tarixən bizə məxsus olduğu faktını xatırlatmış oldu. Lakin eyni zamanda bizim qonşu ölkəyə ərazi iddialarımızın, müharibəyə hazırlaşmaq planlarımızın olmadığını da vurğuladı: “Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq”. Bu o deməkdir ki, işğalçı ermənilərdən fərqli olaraq biz oralara qanla, terrorla, savaşla deyil, siyasətlə və iqtisadi gücümüzlə qayıdacağıq. Böyük mədəni potensialımızla qayıdacağıq.
İlham Əliyevin bu ismarıcı bir başqa anlamda isə həm də dünyaya ünvanlanmışdı. Bu gerçəyi və mükəmməl diplomatik ifadə tərzini ortaya qoymaqla dövlət başçımız öz tarixi torpaqlarımızdan heç bir halda vaz keçməyəcəyimizi bəyan etdi. Amma bunu necə gerçəkləşdirməyin ipuclarını da vermiş oldu. Söhbət şübhəsiz ki, sivil yollardan, dinc üsullardan gedir.
Azərbaycan liderinin İrəvan məsələsini gündəmə gətirməsi eyni zamanda Qarabağa iddialarından heç cürə əl çəkmək istəməyən Ermənistanın hərbi-siyasi rəhbərliyinə, həm də rervanşist erməni müxalifətinə açıq xəbərdarlıq və psixoloji pressinq kimi, əks-həmlə kimi dəyərləndirmək olar. Belə ki, bizim keçmiş İrəvan xanlığı ərazisində yaradılmış hazırki Ermənistan dövlətinin liderləri Azərbaycanın bu hücum diplomatiyasının qarşısında geri çəkilmək, Qarabağa iddialarından əl çəkmək məcburiyyətində qalacaqlar. İlham Əliyev bu incə diplomatik gedişi çox məharətlə düşünüb. Bəzi hallarda düşməni onun öz taktikaları ilə seytnot vəziyyətinə salmaq olduqca müsbət effekt verir.
Ümumiyyətlə, Hərbi Qənimətlər Parkının açılışı ilə ADA-dakı çıxışın ardıcıllığı və sinxronlaşdırılması əla düşünülmüşdü. İlham Əliyev hər iki tədbirdə səsləndirdiyi aktual fikirləri ilə bir daha yüksək siyasətçi məharəti, diplomat performansı nümayiş etdirdi. Bu fikirlərin bəzi qonşu ölkələrdə və dünya KİV-lərində rezonansa səbəb olması, dostlarımız tərəfindən isə rəğbətlə qarşılanması heç də təsadüfi deyil. Prezidentin tarixi həqiqətləri və milli mənafeləri bu cür mükəməl şəkildə müdafiə etməsi ilə gerçəkdən qürur duyuruq.
Hesab edirəm ki, ümumiyyətlə bu cür aktual müzakirələrin, beynəlxalq konfransların keçirilməsinə hazırki informasiya savaşı mərhələsində çox ehtiyac var. Prezident İlham Əliyev ADA Universitetində keçirilən bu son tədbirdə Ermənistanın istər müharibəyə qədər, istər müharibə zamanı, istərsə də postmüharibə dönəmində atdığı addımları, hazırda bölgədə sülhüm güclənməsinə mane olan məqamları və gələcəkdə baş verə biləcək prosesləri geniş şəkildə beynəlxalq ekspertlərin diqqətinə çatdırdı. Dövlət başçımızın bu tədbirdəki çıxışı və orada verilən çoxsaylı sualları müfəssəl surətdə cavablandırması həm beynəlxalq ictimaiyyəti, həm də dünyanın 15 ölkəsindən bu tədbirə qatılan nüfuzlu ekspertləri Qarabağ reallıqları ilə, Ermənistanın qeyri-konstruktiv və revanşist davranışları ilə, Minsk Qrupu həmsədrlərinin anlaşılmaz mövqeyi ilə bağlı ətraflı məlumatlandırdı. Prezident əyani şəkildə göstərdi ki, Azərbaycan sülhə və yeni əməkdaşlığa tam hazırdır. Zənnimcə, bu konfrans dünya KİV-lərini, beynəlxalq ictimaiyyəti, aparıcı ölkələrinin siyasi elitalarını anti-Azərbaycan mövqeyindən çəkindirmək və erməni propaqandasının təsirini azaltmaq baxımından böyük fayda verəcək.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: