Nəzrəddin Əhmədzadə: Zəfər günü heç vaxt unudulmayacaq və bu sevinc heç zaman adiləşməyəcək

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi və Müstəqil.Az saytı olaraq Vətən müharibəsi zamanı AXDG QSC –nin əməkdaşlarının göstərdiyi qəhrəmanlıq və keçdikləri döyüş yolu ilə bağlı mütəmadi olaraq yazılar yazır, həmsöhbət olur,   onların keçdiy döyüş yolları ilə oxucularımızı tanış edirik. Bu günkü həmsöhbətimiz AXDG QSC-nin Rejim üzrə Sədr müavini Nəzrəddin Əhmədzadədir

 – Nəzrəddin müəllim, sizi xoş gördük. Sizinlə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin Müstəqil.Az saytı ilə birgə hazırladığ  dənizçi döyüşçülərlə bağlı olan  layihsəndə həmsöhbət oluruq,  deyin, necəsiz?

– Salam, sizi və oxucularınızı salamlayıram.  İşlər qaydasındadır, yaxşıyam, Vətən müharibəsindən sonra, ölkəsini, xalqını sevən adam necə olmalıdırsa, mən də eləyəm. Hər kəsə sağlıqlı və gözəl günlər arzulayıram.

– Siz hazırda AXDG QSC –də  sədr müavini vəzifəsində çalışırsız. Bura qədər olan həyat yolunuza nəzər salaq, özünüz haqda qısa da olsa oxucularımıza məlumat verək.

-Qubadlıda anadan olmuşam. Burda ayaqlarım yer, dilim söz tutub. 11 yaşıma qədər bu füsükar rayonda yaşamışam. Arzularım yenicə pərvazlanmağa, dünyaya baxışlarımda fərqlilik hiss edəndə mənfur ermənilərin işğalına məruz qalmışıq.

Gerçək həyatım dogma yurddan uzaq, xəyalım isə doğulduğum, böyüdüyün rayonda olaraq yaşamışam. 2003-cü ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin bakalavr, 2005-ci ildə magistr pilləsini, 2012-ci ildə MTN-in Heydər Əliyev adına Akademiyasının hüquq fakültəsini bitirmişəm.

2012-ci ildən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi rəisinin rejim üzrə müavini,  2014-cü ilin sentyabr ayından  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin rejim üzrə  müavini  vəzifələrində çalışıram.

– 44 günlük Vətən müharibəsindən 5 aydan çox vaxt keçir. Sizin də bir zabit olaraq vuruşduğunuz,  qalib gəldiyimiz II Qarabağ savaşının sevincini yaşamaqdayıq. Sizcə bu sevinci  müddəti nə qədər ola bilər, bu sevincin adiləşdiyi vaxt ola bilərdmi?

– Əvvəlcə bütün xalqımızı Vətən müharibəsində qazandığımız tarixi qələbə münasibətilə təbrik edirəm. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə 44 gün ərzində  Rəşadətli Ordumuz xalqımızn 30 illik torpaq həsrətinə son qoydu. Qürur hissi ilə deyə bilərəm ki, bu qələbənin qazanmasında ASCO-nun 58 əməkdaşı kimi mənim də           zərrə qədər də olsa  payım oldu. Bu tarixi hadisəyə şahidlik etdiyim üçün fəxr edirəm. Tariximizə Zəfər günü kimi yazılan qalibiyyət heç vaxt unudulmayacaq və bu sevinc heç zaman adiləşməyəcək, əksinə bizdən sonrakı nəsillər bu qələbənin və qalibiyyətin verdiyi imkanlardan istifadə edib əzəli və əbədi torpaqlarımızı göz bəbəyimiz kimi qoruyacaqlar.

-Siz peşəkar zabitsiz, çox yəqin ki, müharibəyə qədər də işinizlə bağlı bir çox mübarizəyə və müdafiəyə hazır olmaq etaplarını yaşamısız. Bəs illərlə əsarətdə qalan torpaqlarımızın azad olunması ilə bağlı düşmənə hücum etmək haqda heç xəyallarınız olurdumu?

– Bu vaxta qədər də ölkəsini sevən, əsarətdə olan torpaqlarımızın azad olunmasını istəyən, buna görə də döyüşməyə hazır olan hər bir Azərbaycan vətəndaşı kimi mənim də içimdə düşmını nifrət hissi yaşamaqda idi. Bilirsiniz ki, döyüşlər düşmən təxribatı nəticəsində ötən ilin 27 sentyabrında başladı. Elə həmin gün qərar verdim ki, müharibədə iştirak etməliyəm. Və sentyabrın 28-də könüllü olaraq ordu sıralarına qoşuldum. Bu mənim üçün qürurverici idi. Çünki, təxminən 30 il sonra işğalda olan doğma Qarabağımıza, doğulub, boya-başa çatdığım, daha   doğrusu, 11 yaşınadək çörəyini yediyim, suyunu içdiyim, havasını udduğum Qubadlıya qovuşmaq üçün tələsirdim.
-Yeniyetmə vaxtlarınza təzəcə qədəm qoyduğunuz zaman yurd – yuvamız, 20 faizdən çox torpaqlarımız düşmən təcavüzünə məruz qalb, işğal olunub. Vətəndə vətənsiz yaşamısız da demək olar buna. Doğma yurda qədəb basanda hisslərinizdə, duğularınızda nələr olurdu?

-Bu, əvəzolunmaz hisslər idi. 27 ildən sonra yenidən doğma rayonumuza qayıtmaq, özü də döyüşçü olaraq qayıtmaq möcüzə kimi gəlirdi. 27 illik həsrət sevinc və qürur hissləri ilə əvəzlənmişdi. Bir vaxtlar körpə qəlbində nisgil, ağrı, doğmalarının və dogma yurdunun itkisinin acısı ilə ayrıldığım torpağımıza, əlimdə silah, 11 yaşlı bir yeniyetmənin qəzəbi və bu günkü vaxtımın sevinci ilə qovuşdum yurduma.

– Uşaqlıq illərinizin xatirələrində yaddaşınızda ən çox nələr qalmışdı? Xatirələrinizin də işğaldan azad olunması günü necə yaşadız?

-Dediyim kimi, Qubadlı mənfur düşmən hücumuna məruz qalanda 11 yaşım var idi. Həmin çətin günləri indiki kimi xatırlayıram. Qubadlıya çatanda həmin günləri yenidən xatırladım və gördüyüm mənzərədən məyus oldum. Yollar, evlər viran edilmişdi, baxımsızlıqdan ağaclar məhv olmuşdu. Bir sözlə, mənfur düşmən hər şeyi qəddarcasına dağıtmışdı. Bütün           bunlara baxmayaraq evimizi rahatlıqla tapdım. Evə çatanda bir anlıq sanki 11 yaşıma – uşaqlığıma qayıtdım. Qubadlıdakı günlərimiz gözümün qabağından bir lent kimi keçdi. Xəyallarımın qoruyub saxladığı çox şeylər  yox idi, eləcə də o məsum uşaqlıq… Amma, bir anlıq da olsa, o günləri yaşadım, dediyim kimi kino lenti kimi illər geri fırlandı.

 

 – Bilirik ki, Vətən Müharibəsinin ilk günündən savaşa qatılımısız. Kifayət qədrə məsul bir vəzifənin sahibisiz. Sizin arxa cəbhədə qalmağınızla da Orduya yardımınız ola bilərdi. Niyə döyüşü seçdiz, demirəm, necə atıldız savaşa, bunu soruşuram.

– Böyük ruh yüksəkliyi, qələbəyə inam, xalqımızın sarsılmaz iradəsi və əlbəttə ki, Ali Baş Komandanımızın qətiyyətli əmrinin gətirəcəyi qələbə sevincini yaşayaraq döyüşə atıldım. Şübhəsiz ki, şəxsi heyət arasında da birlik var idi. Hər kəs döyüşə böyük ruh yüksəkliyi ilə qatılmışdı. Mən bəzən 18 yaşında döyüşçünün şücaətinə təəccüblənirdim. Heç kimin gözündə qorxu hiss etmirdim. Bu həm də komandirlərin, ordu birliklərinin rəhbərlərinin siravi heyətlə birgə döyüşməsinin nəticəsiydi. Orada hər kəsin məqsədi düşmənin    başını əzmək, torpaqlarımızı işğaldan azad etmək idi.  27 il az müddət deyil. Görünür, bu illər insanların ürəyindəki vətən sevgisini zərrə qədər də azaltmayıb. Əksinə, nəyi müşahidə edirdim? Hər kəs canından keçməyə belə hazır idi, təki torpaqlarımız azad olsun.

– Ordu ilə xalqın təması çox yüksək idi. Gənc döyüşçülərlə də komandanlığın arasında doğmalıq möhkəm olub, sizin müşahidənizdə bunlar necə qalıb?

-Vətən uğrunda canından keçən, şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Bu qələbə bizim birliyimizin nəticəsi idi. Və əlbəttə ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli addımı, uğurlu siyasəti nəticəsində biz şanlı zəfəri qazandıq. Birliyimiz, bütövlüyümüz əbədi  olsun.

– Qeyd etdiniz ki, ASCO – nu 58 nəfər üzvü döyüşlərdə olub. Və Gəmiçiliyimiz onları səngərdə tək qoymayıb, mənəvi və maddi cəhətdən yardım edib, elə ailələrini də ziyarət ediblər. Bunu döyüşçü ləriniz necə qarşılayırdı?

-Döyüşlərə mənimlə birlikdə ASCO-dan ümumilikdə 58 nəfər qatılmışdı. Onlar arasında orden və medallarla təltif olunanlar da var.  Həm həmkar, həm də silahdaş kimi birgə düşmənə qarşı vuruşmaq qürurverici hiss idi. Əslində orduya xeyli sayda əməkdaşımız yazılmışdı. Amma bilirsiniz ki, onların hamısına çağırış gəlmədi. Hər birimiz arxa  cəbhənin ön cəbhəyə qayğısını hiss edirdik. Kifayət idi ki, nəsə xahiş edəsən, həmin an həll olunurdu. Bütün ASCO ailəsindən diqqət görürdük. Hətta biz olmadığımız müddətdə ASCO-dan ailələrimizə də dəstək edilirdi.

 – “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi olaraq biz də mütəmadi olaraq döyüş bölgəsində olurduq. 5 dəfə ön cəbhədə oldum, yardımlar və sovqatlar, əsgərlərə yazılan məktubları çatdırdım. Bu məktubların döyüşçülərimizə verdiyi ruh yüksəkliyini gözlə görmək, ürəklə hiss etmək necə olur, bunları yaşadım. Qələbə sevincini isə siz də tərkibində olmaqla Ordumuz bizə yaşatdı. Çox sağ olun, bizimlə həmsöhbət olmağa vaxt ayırdınız.

-Mən də Sizə də, komandanıza da  təşəkkür edirəm!

Söhbətləşdi Faiq Balabəyli

 

 

 

 

 

Share: