Bir az aşağıda aləm qarışıb, Bizlərdən xəbərin yoxdumu, Yarəb – Vasif SÜLEYMAN

YARƏB
Uçuldu xaniman, dağıldı oda,
Özün ki, yazmısan baxtımı, Yarəb…
Ömrün qalanına bir dəli sevda,
Sən bilən azdımı, çoxdumu, Yarəb…
Göylərin ahına naləm qarışıb,
Hardasan, nəşəyə ələm qarışıb.
Bir az aşağıda aləm qarışıb,
Bizlərdən xəbərin yoxdumu, Yarəb…
Qaraca günlərdi, belə bax, tanı,
Ötüşən ömürdən adam utanır.
Yaşın bu vədəsi gələn butanı,
Sənmi göndəribsən, haqdımı, Yarəb…
BƏLKƏ
Gəl görək, neynirik bu dünya ilə,
Yaz deyək, yandıran qışına, bəlkə.
Kimdir çəkən bizi əcəl toruna,
Özümüz keçirik dişinə, bəlkə.
Gecikən, tələsən taleyə yarıq,
Elə bu qismətin rəngində varıq.
Bu qara günlərlə gedib çıxarıq,
O ağ gecələrin tuşuna, bəlkə.
Qalsa, qalmayacaq, özünə qalsa
Əllisinə qalsa, yüzünə qalsa.
Dağılıb gedəcək özünə qalsa,
Qarışaq dünyanın işinə bəlkə
ANA, QƏBİR QONŞUN ÖZGƏSİ DEYİL
Ana, qəbir qonşun özgəsi deyil,
Tanrının verdiyi butandı, vallah!
İllərnən yolunu gözləyib duran,
İllərnən əlindən tutandı, vallah!
Fani dediyinlə əlbəyaxadı,
Varımız Tanrıdan gələn yoxadı…
Bu qəlbiqırıqlar qəlbiyuxadı,
Gəmisi dəryada batandı, vallah!
Şirin röyadadı, qəfil oyandır,
Canı sıxlmasın işığı yandır.
Sənə qəriblikdə qərib həyandır,
Bir döy qapısını, atamdı, vallah!
OLURSAN
Elə sən boydadı, dünya dediyin,
Gözümdə-könlümdə hər an olursan.
Adın çəkiləndə dönərgəm dönür,
Adım çəkiləndə viran olursan.
Tanrı yazdığına neyniyəsiyəm,
Bu boyda saflığın divanəsiyəm.
Mən bu məhəbbətin azan səsiyəm,
And içmək istəsəm, Quran olursan.
Haqqın dərgahından keçdi, ələndi,
Canım bu sevdaya çoxdan bələndi.
Vədəsiz bu sevgi haqdan gələndi,
Bəs niyə, sən mənə haram olursan.
YÜZ İL YAŞAMAQNAN ÇATMAQ OLMAYIR
Bizdən üz çevirən, üz çevir bəri,
Ömrü səndən umduq, qisməti haqdan.
Ağlara qalaydı qara günləri,
Nə ölüb qurtarır, nə yaşamaqnan.
Bu boyda dünyada onsuz da təksən,
Olsan da xoş günlə yanaşı belə.
Başdaşı alınır hayana çəksən,
Üst-üstə qoyanda beş daşı belə.
Daşlara dəyməyin, qəribdi onlar,
Daşlar bir-birini görübmü, görən…
Torpağın üstündə qərib olanlar,
Torpağın altında qəribmi, görən…
Ürəyin yüyürür, gözlərin axır,
Torpağı bir ovuc atdığın yerə.
Yüz il yaşamaqnan çatmaq olmayır,
Bir dəfə ölməknən çatdığın yerə.
YIXIR
Havalı ürəyin istisi, hanı…
Məni gözlədiyim bir muraz yıxır.
Özümüz yıxmışıq bu xanimanı,
Fələk dediyimiz vallah, az yıxır.
Beləmi yaradır insanın ağlı,
Səltənəti uçuq, taxtı dağılı.
Olan ürəyimdir – qolları bağlı,
Olmayan küməmi nə taraz yıxır.
Dili yox, “neyçün”süz, “niyə”siz qalıb,
Bəlkə Yaradana deyəsiz…qalıb.
Bir halal sevgidir, yiyəsiz qalıb,
Məni qürur yıxır, onu naz yıxır.
Share: