Sonuncu nəfəsin dəydiyi yerdən, Bir palıd göyərə,bir lalə bitə…- Saqif Qaratorpaq

 

                        ***

Bu necə görüşdü,niyə belə gec?

Beləmi axtarar adam adamı?

Sənin gözlərində bahar buludu,

Mənim ürəyimdə payız axşamı…

 

Bu necə taledi,bu necə baxtdı?

Hardaydın,yaşımın  gözəl vaxtında?!

Tanrının lütfümü?

Səni göndərib,

Çox heyif,saçımın xəzəl vaxtında.

 

Ağrı-acılıdı ömrün qürubu,

Nə vaxtdı təngiyir sinəmdə ürək.

Bir gün biləcəksən,necə cətindi

Üşüyən bir qəlbi isidə bilmək…

 

Hıçqıran hər misra canımdan qopur,

Qəm yemə,könlümün odu azalsa.

Axtarıb kül altdan çıxaracaqlar

Barı bircə şerim tər-təzə qalsa…

 

Çox gecdi…axşamın sazağı düşdü,

Uçuşur havada qar dənələri.

Gəlmisən,qapıda niyə durmusan?

Gəlmisən,utanma,buyur içəri.

 

***

Gecəni soyunub çıxır

Hər səhər vaxt üzümüzə.

Qəmi axşama saxladım,

Sevinci verdim gündüzə.

 

Bu günə,dünəndən qalan

Bir içim boyat duyğular…

İsinməyə köhnə soba,

Üşüməyə bol soyuq var.

 

Çəkib göyün pərdəsini

Üfüqdən boylandı günəş.

Körüklədim,alovlandı

Sinəmdə közərən atəş.

 

Barmağımı çox qatladım,

Axırda itirdim sayı.

Yaxasına gül taxmasam,

Bu gün də o günün tayı.

 

Bilmirəm, harda gizlədim,

Ətəkdən uzun əlimi.

Nə qədər günaha batıb,
Göz yaşım yusun əlimi.

 

Nə qismətdən gileyləndim,

Nə də ki qınadım baxtı.

Özümü evdə unutdum,

Xəlvətcə qapıdan çıxdım.

 

***

Başını götürüb qəfil gedəsən,

Bu gidi dünyada izin qalmaya.

Səni qıranların,incidənlərin

Səndən danışmağa sözü qalmaya.

 

Elə çəkiləsən sonsuzluğa ki…

Əli boşda qala axtaranların.

İtəsən,batasan səssiz,soraqsız,

Nə yad xəbər tuta,nə yaxınların.

 

Köçəsən,bənövşə köç edən kimi,

Nə bir yarpaq duya,nə bir kol bilə.

Qoşulub gedəsən səhər yelinə,

Gedəsən…nə yolçu,nə də yol bilə..

 

Izini itirə təzə yağan qar,

Ağaca dönəsən,daşa dönəsən.

Adını siləsən xatirələrdən,
Günahsız bir gözdə yaşa dönəsən.

 

Üz tutub gedəsən son zirvəyəcən,

Qarışıb  sulara günahın itə.

Sonuncu nəfəsin dəydiyi yerdən

Bir palıd göyərə,bir lalə bitə.

 

 

Saqif Qaratorpaq

 

Müstəqil.Az

Share: