Respublika əhəmiyyətli iki avtomobil yolunun tikintisi yekunlaşdı – FOTO

 

Ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.

Bununla bağlı AAYDA məlumat yayıb.

Məlumata görə, M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən inşa edilib. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 km-lik yol boyu yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində olmaqla üç avtomobil körpüsünün inşası aparılıb. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edir.

Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac olduğundan müxtəlif diametrlərə malik 106 borunun inşası aparılıb. Layihəyə uyğun olaraq yol boyu yeddi nöqtədə yeraltı keçid tikilib, magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağı quraşdırılıb.

“M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. İki hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Analoji tikinti işləri bu yolda da görülüb. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsü inşa olunub.

Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstan sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir.

 

 

Share: