ARƏSTƏ  DASTANI – Əntiqə Qonaq yazır

 

 

         Dastanları ta qədimlərdən nənə və babalarımızdan, müəllimlərimizdən, valideynlərimizdən eşidərdik. Və təxəyyülümüzdə dastan qəhrəmanlarının obrazlarını yaradar, onlara bənzəməyə çalışardıq. Amma ağlımıza belə gəlməzdi ki, bir zaman biz dastan qəhrəmanları ilə eyni dövrü paylaşacaq, bu dastanların içində olacağıq. Vətən adlı bitməz sevdamız, torpaq adlı əbədi eşqimiz yaşatdı bizə bu dastanları. Ermənilərin Qarabağ və Qarabağ ətrafı rayonları işğal etmələri, yağı düşmənə qarşı içimizdə olan nifrət bu dastanı yazdırdı igidlərimizə. Biz də bu dastanların canlı şahidləri olduq. Və igidlərimizin bu qəhrəmanlıqlarını gələcək nəsillərə ötürmək hər birimizin ən birinci borcu. Bu yazımın qəhrəmanı ikinci Qarabağ savaşının yeganə xanım şəhidi Arəstə Baxışovadı. Necə yarandı bu dastan? Gəlin, tanış olaq.

Arəstənin anası Məktubə xanımın ürəkdağlayan hekayəsi:

Talesiz qızım Arəstənin çox qısa və qəribə həyatı olub. O, 1989-cu il mayın 4-də həftənin 4-cü günü, saat 4-də Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində hərbçi ailəsində dünyaya gəlib. Atası Baxışov Kərim Mövlan oğlu 12 yaşından anasız böyüyüb. Həyat yoldaşımın anası Arəstə 32 yaşında uşaq üstə dünyasını dəyişmişdi. Qızına da anasının adını qoymuşdu yoldaşım və onu ana deyə çağırardı. Ögey ana əlində böyüyən Kərim məktəbi bitirdikdən sonra Xarkovda əsgəri xidmət keçir. Evdə doğmalıq və məhəbbət görməyən Kərim elə orda da qalaraq hərbi akademiyaya daxil olur. Akademiyanı bitirdikdən sonra rayona gəlir. Sonralar dediyinə görə məni çoxdan gözaltı edibmiş. Məni qaçıraraq özü ilə Xarkova aparır. 1987-ci ildə Vüqar, 1989-cu ildə Arəstə, 1991-ci ildə isə Tural dünyaya gəlir. Düz 15 il ailəlikcə orda yaşadıq…Göz yaşları onu sözünü davam etməyə imkan vermir…

Sin descripción disponible.

Amma 1986-cı il 26 aprel tarixində Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda baş vermiş dəhşətli partlayış zamanı baş leytenant Kərim də bir hərbçi kimi xilasetmə işlərinə cəlb olunmuşdu. Bu faciənin ağrılarını hər gün, hər an canında hiss edən Kərimin səhhəti gündən-günə ağırlaşır və o, faciədən 7 il sonra 35 yaşında dünyasını dəyişir. Üç körpə uşaqla təkbaşına qalan 28 yaşlı gənc ana övladlarını da qanadı altına alaraq doğma yurda üz tutur və doğulduğu Qımıl-Qışlaq kəndində yaşamını davam etdirir. Beləcə, Arəstə ata çörəyi yemədən, ata nəvazişi görmədən əzab-əziyyət içərisində uşaqlığını yaşayır.

Daha bir acılı təqvim də var. Nənə Arəstə 32, nəvə Arəstə 31, oğul və ata Kərim isə 35 yaşlarında dünyalarını dəyişirlər. Bu nəslin üç nümayəndəsinin elə bil taleləri eyni yazılmışdı. 30-dan yuxarı onlar üçün keçilməz bir sədd olaraq da qaldı.

…Doqquzuncu sinfi bitirdikdən sonra Arəstə Bakıdakı Sabir adına Pedaqoji litseyə daxil olur və burada ingilis dili müəllimi ixtisasına yiyələnir. Təhsil almaqla bərabər 2005-ci ildən Hospitalda tibbi statist kimi çalışmağa başlayır. Hərbçi ilə ailə quran Arəstənin 2008-ci ildə ilk övladı Mərdan, 2011-ci ildə isə qızı Zəhra dünyaya gəlir. Ailə həyatı yarımçıq qalsa da, Arəstə övladlarını anasız qoymur. Məktubə anayla bərabər onları qayğısız və sağlam böyütməyə çalışır.

Sin descripción disponible.

Arəstə bir il idi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Beyləqandakı Quru Qoşunlarının tərkibində davam etdirirdi. Hərbi hissədə çavuş rütbəsində tibbi statist kimi çalışırdı. Əsl hərbçi intizamı, hərbçi qətiyyəti, məsuliyyəti və tələbkarlığı qısa zamanda ona kollektivin hörmətini qazandırmışdı. İşinə qarşı son dərəcə məsuliyyətli idi. Elə bil anadan hərb üçün doğulmuşdu. Nümunəvi işinə və davamlı intizamına görə dəfələrlə rəhbərliyin təqdimatı ilə mükafatlandırılmışdı. Onun xidmətləri “III dərəcəli Qüsursuz xidmətə görə”, “II dərəcəli Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları, bir şox fəxri fərmanlar və pul mükafatlatı ilə dəyərləndirilmişdi. Onun üçün zərif cins, zəif tərəf anlayışı olmayıb heç vaxt. Təpədən dırnağa vətənpərvər və hərbi nizamlı olan bu xanım heç vaxt Qarabağın işğalı ilə barışmırdı. Müqəddəs torpağımızı erməni quldurlarından təmizləməliyik. Bu, bir Azərbaycan vətəndaşı kimi hərbçilərin də ən ümdə işi olmalıdır. Ordu vətənin dar gününə lazımdı, – deyirdi həmişə.

Sentyabrın 27-də müharibə başlayan kimi çalışdığı hərbi hissə də müsəlləh olur. Arəstənin uşaqlıq arzusu gerçəkləşir.

Arəstə döyüş meydanında yaralılara ilk tibbi yardım göstərir, sonra da onların odun-alovun içindən hospitallara vaxt ititrilmədən çatdırılmasına çalışırdı. Ləng hərəkət, azacıq diqqətsizlik yaralı döyüşçülərin həyatı bahasına başa gələ bilərdi. O, bir tibb işçisi kimi vəzifəsinin məsuliyyətini və işinin əhəmiyyətini çox gözəl başa düşürdü.

Sin descripción disponible.

Vikipediyada Arəstə Baxışova haqqında yazılan məlumatda oxuyuruq:

Arəstə Baxışova Silahlı Qüvvələrin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində çalışıb.Azərbaycan Ordusunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi.

Arəstə ana titulunu Ana Vətənə qurban verdi. İki körpəsini anasız qoydi, amma Ana Vətəninin qızsız qoymadı. Analığına qıydı Arəstə, övladlıq borcunu isə yetərincə verdi. Məktubə ananı övladsız qoyub Vətənin övladı oldu. Mərdan və Zəhranı anasız qoyub torpağın anası oldu Arəstə. O, bunu seçdi. Bu cür yaşamağı bacardı.

Bəli, Arəstənin 31 illik çox əziyyətli və qısa, lakin çox dolğun və məzmunlu həyatının dastanını öyrəndiniz. Amma bu dastan burda bitmədi. İllər keçəcək, nəsillər dəyişəcək , Arəstələrin dastanları isə onların misilsiz qəhrəmanlıqlarını tədqiq edən yazarların əsərlərində yenidən yazılacaq, əbədiyaşarlıq qazanacaq.

Sin descripción disponible.

 

PS: Ənənəvi yeni il ərəfəsində döyüşçü yoldaşım, Sebilife Kosmetika firmasının həmtəsisçisi, imanlı eloğlumuz, xeyirxahlığı və xeyriyyəçiliyi özünün həyat, yaşam amalı seçən Babək Qoca ilə Arəstə bacımızın yaşadığı, Bakının Matodrom adlanan hissəsindəki gecəqondunun ünvanını əziyyətlə tapdıq. Məqsədimiz Arəstə bacımızın yadıgarlarını yeni il hədiyyələri ilə sevindirmək, onlara toxdaqlıq vermək idi. Bunu edə bildikmi? Məncə, bacarmadıq. Çünki Arəstə bizə çox ağır yük və məsuliyyət qoyub getmişdi. Elə yük ki, onu özündən başqa kimsə çəkə bilməz…

 

Əntiqə Qonaq,

əməkdar jurnalist.

Share: