Mehdiyevin ermənilərə Yeni il təbriki və hədiyyəsi

Azərbaycanda ermənilərin İkinci Qarabağ müharibəsində törətdikləri müharibə cinayətlərini bir resursda toplayan www.armenianwarcrimes2020.org adlı sayt yaradılıb.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev məlumat yayıb.

“Yeni ildə erməniləri təbrik edirəm və onlara bu məqsədlə hazırladığım hədiyyəni təqdim edirəm. Dostumuz Nicat Məhəmmədovun dəstəyi ilə ermənilərin İkinci Qarabağ müharibəsində törətdikləri müharibə cinayətlərini bir resursda toplayan saytı sizə təqdim edirik.

Sayt tam hazır deyil, amma qonşularımızın hədiyyəsiz bir yeni il başlamasını istəmədik. Sayt ingilis dilindədir və xarici auditoriya üçündür”, – F.Mehdiyev qeyd edib.

Professor kömək də istəyib:

“1. Əgər sizdə bu saytda olmayan müharibə cinayətlərini əks elətdirən video və fotoşəkillər varsa, onları bizə yollayın.

2. Videoda gördüyünüz şəxsləri tanıya bilirsinizsə, mütləq yazın.

3. Eyni zamanda mülki əhalimizin arasında olan itkilərin şəklini bizə yollasanız yaxşı olar. Gəncə, Bərdə və Tərtərdə öldürülən mülki şəxslərin şəkillərini də oraya yükləyəcəyik”.

Hüquqşünas qeyd edib ki, sayt heç bir maliyyə dəstəyi olmadan qurulub:

“Bütün xərcləri özüm, Nicat Məhəmmədov, mülki şəxslərə qarşı törədilən hücumların tərcümə xərcini də Gülçin Seyidova qarşılayıb”.

Share: