TƏKLİYİN ESTETİKASI – İlham Qəhrəmanın şeirləri

TƏKLİYİN ESTETİKASI

 

Yığışıb dağ arxasına aşan
günəştək batmaqdı təklik.
Doğmalara zəng daha çox
özünü xatırlatmaqdı təklik.

Evin bir açarı da çöldə olar –
“Yataram ayılmaram” qorxusu
canında nəbz kimi atar,
Qapının dalını vurmaz,
bağlayar açarı çıxarıb yatar.

Təklik ağrısından yana
nə etsən gücsüz olur, bivec çıxır,
Təkliyin bir üstünlüyü var
ölüm xəbəri gec çıxır.

 

TƏKLİK
 
Təkliyin hüznü
ölüm hüznü kimi
40 gün çəkir.
Bir olduğun bağlar qırılır –
birdən təkə çıxırsan,
Yolun qəfil diklənir,
elə bil yer əkəndə
boşdan bərkə çıxırsan.
 
Köhnə tərzindən
soyuyursan,
yaydan qışa ağac
kimi –
yolüstü yarpaq
tökürsən,
Payız yarpaq üçün
marığa durur…
Bükülmüş
yarpaqlarda xatirələr
səndən qopur qırağa
durur.
 
Dəyişirsən get-gedə
qədərlə barışırsan,
Qışdan yaya yazın
yarpaqlarıyla
yeniyə alışırsan!
BORC
(şəhidin dilindən)

Sevgisinə yetişmədiyim qız,
Ardınca qarabaqara
yolların dabanını çıxartmaq
boynumun borcu idi…
Daş qalalar bürcüynən,
şəhid ömrü borcuynan deyilər.

Şəhid nağılı acı nağıldı –
Keçmiş qranit daş kimi ağırdı,
gələcək boyunbağı kimi dağıldı.
Borc borcun üstünə mindi,
borc borcun üstünə yığıldı.

Dərdini döşəsən yer çatmaz,
yük vursan Devi – çəkməz,
Şəhidin ehsanından
acın da təbi çəkməz.

Yəqin anan mənə eyib tutacaqdı, –
səni cırnatmaq üçün
ən yaxşı halda meymuna oxşadacaqdı,
amma, çayı
hansı mürəbbə ilə xoşladığımı da soruşacaqdı.

Səni sıxmalı sinəmə avtomatı sıxdım,
Görüşünə çıxmalı yerdə
quş qatarıynan gələn güllə qabağına çıxdım.
Bu döyüşdü – kim öldü, kim yaralı çıxdı,
Ürəyimdə çırtlamayan sevgi başda idi,
amma, Vətən ondan irəli çıxdı.

Sevgimi samballamadım,
bahasını yaşamadım…
Sinəm bazar yeri –
sevgim bazarda müftə qaldı,
Zifaf gecəsi
üstümüzə örtüləcək yorğan yükdə qaldı.

Söz sözü çəkib gətirir,
söz dolanmadığı künc qoymur,
Sevgisinə yetişmədiyim,
adını bilmədiyim qız,
sənə olan borc məni
qəbirdə də dinc qoymur.

 

12.12.2020

İlham Qəhrəman
Müstəqil.Az
Share: