Ermənistanda Rusiya ilə İttifaq dövləti yaratmağı təklif etdilər

“Alyans” Partiyası Ermənistanın bütün problemlərini mümkün qədər qısa müddətdə Rusiya ilə İttifaq dövlətinin formalaşdırılması vasitəsilə həll etməyi təklif edir.

Müstəqil.Az  “Sputnik-Armeniya”ya istinadən bildirir ki, bunu partiyanın növbədənkənar qurultayında onun lideri Tiqran Urixanyan bəyan edib.

“Çoxları soruşurlar ki, bu, Ermənistanın Rusiyanın tərkibinə daxil olmasınımı nəzərdə tutur? Xeyr! Bu, hadisələrin inkişafının məntiqini əsas götürərək dövlətlərarası ittifaq yaratmaq deməkdir. Belə olan halda Ermənistan öz ordusunu möhkəmləndirən və xarici siyasətini aparan BMT-nin üzvü, suveren və müstəqil ölkə olaraq qalır. Bütün digər söhbətlər məişət savadsızlığı səviyyəsindədir”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, indiki böhran şəraitində Ermənistana Rusiyanın dəstəyi lazımdır, bunun konkret təzahürləri olmalıdır və əməkdaşlıq maksimum qarşılıqlı inteqrasiya tələb edir.

“Əgər reallıq Rusiyanın regionda Sülhməramlı kontingentinin mövcudluğuna, Ermənistanda hərbi bazanın və ya bazaların mövcudluğuna məcbur edirsə, növbəti məntiqi addım birgə hərbi birləşmələrin, xüsusilə də sərhəd qüvvələri şəklində birləşmələrin formalaşdırılması olmalıdır”, – deyə Urixanyan bildirib.

Bununla yanaşı, o, baş nazir Nikol Paşinyanın və hökumətin istefasını prioritet hesab edir, yeni hökumətin formalaşdırılmasını istəyir. Onun fikrincə, yeni hökumətdə “köhnə rejim”in nümayəndələri olmamalıdır və o, səmərəli xarici siyasət aparmağı bacarmalıdır. Onun sözlərinə görə,”Alyans” hakimiyyəti dəyişdirməyi hədəfləyir, lakin onların müxalifətin mitinqlərində ştirak etməməsi partiyanın bu prosesi dəstəkləməməsi demək deyil.

Müstəqil.Az

Share: