Dağlarda döyüşən igid dənizçi olmağı arzu edir

Müstəqil.Az saytı və Dənizçilərə Sosial Dəstək İctimai Birliyi olaraq bu dəfə Qarabağı fəth edən əsgərlərimizdən olan Səfərli Toğrul Zəfər oğlundan bəhs edəcəyik.

Toğrul 1997-ci ilin sentyabr ayının 11-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. Uşaq vaxtından diqqət çəkib; böyüklərin hörmətini qazanıb, tay-tuşları, sinif yoldaşları arasında diribaşlığı, döyüşkənliyi, texmikaya marağı ilə fərqlənib.

Toğrul ailənin tək oğul övladıdır. O, daima zəhmətkeş atasının yanında olub, atasının, qohum-əqrabasının güvəndiyi gənc kimi özünü hər kəsə sevdirə bilib. Uşaq vaxtı az danışan olsa da, yeniyetməlik dövründə yeni bir keyfiyyəti də üzə çıxıb; güclü yumor hissinə malik olan Toğrul dostları ilə zarafalaşmaq, macəra axtarışında olmaqla da kənddə sayılan gənclərdən idi.

Ailənin tək oğul övladı olan Toğrulun hərbi xidmətə çağrıldığı vaxt məşhur Lələ təpə döyüşləri ərəfəsinə düşdü. Bu döyüşdə gənc əsgərin özünü göstərməsi atası Zəfərə, qohum-əqrabaya, doğulduğu kəndə başucalığı gətirdi. Qısa, lakin haqqında illərlə danışılacaq Lələ təpə döyüşündə düşmənin bağrına od salan əsgərlərimizdən biri oldu. Xidmət zamanı sürücü olsa da, onun sərrast atıcı olması, hesabında bir-neçə erməni əsgər və zabitinin olmasına mane ola bilməmişdi.

Hərbi xidmətdən sonra kənddə fermer atasının yanında oldu, onun şəxsi təsərrüfatını idarə etməsinə kömək etdi.

Sonra təhsilini davam etdirmək, dənizçi olmaq istədi. Bakıdakı dənizçilik məktəblərinin birində təhsilini uğurla başa çatdırdı. Matorçu ixtisasına yiyələndi. Tələb olunan bütün sertitifikatları, işçi diplomunu da Azərbaycan Dövlət Dəniz Agentliyi tərəfindən uğurla imtahan verərək əldə etdi.
Lakin dənzçi olaraq gəmidə işləmək, açıq  dənizə çıxmaq arzusunu hələ ki gerçəkləşdirə bilməyib. Bir neçə dəfə dənizçilik idarələrinə CV göndərsə də,  təəssüf ki, o bilik yoxlanışına çağrılmadı.
Erməni faşistləri Tovuz rayonu istiqamətində sərhədlərimizi pozan zaman dostları ilə birlikdə  Cəlilabad rayon Səfərbərlik idarəsinə getdi. Könüllü olaraq döyüşə getməyə hazır olduğunu, dedi, qeydiyyatdan keçdi. Və o gün gəldi çatdı.

Toğrul 2020-ci ilin sentyabr ayının 28-də cəbhəyə yola düşdü. Onun döyüş yolu Füzulidən, Hadrutdan, Cəbrayıldan, Qubadlıdan, Şuşadan keçdi. Döyüşçü dostları, komandirləri haqqında xoş söz dedi. İLk baxışdan sakit, sanki utancaq biri kimi görünən Toğrul döyüş zamanı tam fərqli olurdu, dedilər. Sərrast atıcı olması, texnikadan bacarıqla istifadə etməsi, döyüş zamanı əlverişli mövqe seçməsi komandirləri tərəfindən həmişə təqdir olunub, nümunə göstərilib.

Hazırda Xocavənd rayonu ərazisində xidmətini davam etdirir.

Arzularından biri isə təxris olunduqdan sonra dənizə işə düzəlməkdi. Qəhrəmanımızla telefon vasitəsi ilə  söhbətimiz zamanı, mən dağlarda döyüşdüm, sülh və əminamanlıq olduqdan sonra isə dənizdə işləmək istərdim, dedi. Boş vaxtlarımda döyüş sonrası nə işlə məşğul olacağımı düşünürdüm, qərarımda qətidir. Bu dəfə CV-mi doldurub AXDG QSC-yə  göndərəcəm. Yəqin ki, bu dəfə işə düzələ bilərəm, dəvət olunaram, test imtahanına deyir, qalib əsgərimiz.

Onu da xatırladaq ki, Səfərli Toğrul Zəfər oğlu Azərbaycan Respublikasının Prezidentinin 22 dekabr 2020-ci tarixli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, və “Qubadlının azad olunmasına görə” medalları və döyüşdə fərqləndiyinə görə nişanla, komandirlərinin imzaladığı fəxri fərmanlarla  təltif olunub.

Müstəqil.Az

 

Share: