NATO artıq Azərbaycandadır – Sensasion baxış

Azərbaycanın Qarabağ savaşındakı qələbəsi Cənubi Qafqazın və Yaxın Şərqın nizamının dəyişməsində hansı rolu oynayacaq?

Müstəqil.Az bildirir ki, Axar.az bu sualla dünyanın müxtəlif ölkələrindən olan ekspertlərə müraciət edib.

Sorğunu təqdim edirik:

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza:

İkinci Qarabağ müharibəsi qələbəsi və 10 Noyabr bəyanatı, ən azı Cənubi Qafqaz və Yaxın Şərqdə Transatlantik icması üçün bəzi mühüm geosiyasi imkanlar yaratdı. Düşünürəm ki, sülh bəyanatı münaqişəni ədalətli şəkildə həll edir, çünki mahiyyət etibarilə Azərbaycan və Ermənistan liderləri 2010-cu ilin yanvarında sözdə Madrid prinsiplərini qəbul etdikləri zaman artıq bu şərtlərlə razılaşmışdılar. Beləliklə, Cənubi Qafqaz üçün ilk nəticə ondan ibarətdir ki, artıq Azərbaycanda Dağlıq Qarabağ müharibəsi ilə bağlı toqquşma nöqtəsi yoxdur. İkinci vacib məqam budur ki, ermənilərin Türkiyə və Azərbaycanla birlikdə yeni infrastruktur layihələrində, xüsusən də Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirən Zəngəzur vasitəsi ilə qurulacaq yeni dəhliz vasitəsilə iştirakı üçün hər cür yeni imkanlar açılacaq. Və bu, yeni iqtisadi dinamika yaradacaq, dəhliz nə qədər böyükdürsə, İran üçün bir o qədər pisdir. Çünki Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birləşdirən yola əvvəllər İran nəzarət edirdi. Sözügedən dəhlizin böyüklüyü və inkişafı eynilə Rusiya üçün də bir o qədər pisdir. Çünki bu, Tovuza, Azərbaycan və Gürcüstanın digər bölgələrinə mövcud olana ikinci paralel beynəlxalq dəhliz olacaq. O zaman diqqətdən kənarda qalan bir vacib amil də budur ki, Türkiyə indi sülhməramlılarla birlikdə bu ərazidədir, yəni NATO Azərbaycanda da mövcuddur. Bu türk sülhməramlılarla Rusiyanın varlığına qarşı bir tarazlıq təmin edir və düşünürəm ki, ola bilsin ki, zaman keçdikcə Rusiya fiziki varlığı ilə bir növ uzunmüddətli təsir qurmağa çalışsın. Bu da Rusiya sülhməramlılarının Moldova və Gürcüstandakı fəaliyyətlərini nəzərə alsaq, neqativ nəticələrə gətirib çıxara bilər. Lakin daha öncə də qeyd etdiyim kimi, NATO artıq regiondadır və o, Türkiyə sülhməramlıları vasitəsilə regionda tarazlığı təmin edə bilər.

İtalyanın geosiyasi analitik və beynəlxalq araşdırmalar üzrə düşüncə mərkəzi “Il Nodo di Gordio”nun baş elmi işçisi Andrea Marçilyano:

Uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsi bütün Qafqaz bölgəsini və ətraf bölgələri təhlükəli vəziyyətdə saxlayırdı. Azərbaycanın uzun və faydasız beynəlxalq danışıqlardan sonra əldə etdiyi hərbi uğur gələcək üçün yeni perspektivlər vəd edir. Sülhə nail olmuş Qafqaz – sakitləşdirilmiş Qafqaz gələcək İpək Yolunun əsas mərkəzlərindən biri olacaq. Bu, hasilat sənayesinin inkişafı ilə birlikdə onu gözdən qaçıran bütün dövlətlərə müsbət təsirlər göstərərək yeni bir regional rifah sahəsinin yaranmasına şərait yarada bilər. Ermənistan müharibədə məğlub olsa da, bu gün millətçi motivləri açıq-aşkar anaxronist görünür. Əlbəttə ki, çox şey keçid mərhələsinin idarə olunmasından və Bakı ilə Moskva arasındakı münasibətlərdən asılı olacaq. Hansı ki, bu gün bəzi ziddiyyətlərə baxmayaraq, bu münasibətlər aydın şəkildə inkişaf etməkdədir. Bu həm də ona görə belədir ki, Putin Azərbaycanı siyasi prioritetlərindən biri olan Qaz İstehsalçı Ölkələr Kartelinin yaradılmasında mühüm tərəfdaş kimi görür. Üstəlik, Rusiya ilə yaxşı münasibətlər Bakını Rusiya ilə Türkiyə arasında vacib vasitəçi edə bilər. Bütün Yaxın Şərqin gələcək tarazlığı Ankara ilə Moskva arasındakı razılaşmalardan asılı olacaq.

Amerikalı siyasi şərhçi Endryu Korıbko:

Azərbaycanın qələbəsi ilə Cənubi Qafqaz, Xəzər və Orta Şərq bölgələri arasındakı trans-regional inteqrasiya proseslərinə ən böyük maneə aradan qaldırıldı, bu da Dağlıq Qarabağ münaqişəsi idi.

Bu, Rusiya, Çin və Türkiyənin rəhbərlik etdiyi yeni əlaqə imkanları ilə nəticələnəcək ki, bu da əlaqəli bütün ölkələrin zamanla qarşılıqlı asılılığını artıracaq və bu səbəbdən tərəflərin hər birinin siyasi iradələrinin mövcud olduğu təqdirdə bu 3 geostrateji regionu stabilləşdirəcək.

Türk siyasi ekspert Həsən Oqtay:

Zənnimcə,böyük bir dəyişiklik gözləmək lazım deyil. İran baş verənlərdən çox narahatdır. İran ya Cənubi Qafqazdakı hadisələrin inkişafını nəzarət altına almağa çalışacaq, ya da bu hadisələrə təsir göstərməyə cəhd edəcək. İran bütün baş verənləri yaxından izləyir. Buna görə də İran – Rusiya münasibətlərinə diqqət etmək lazımdır.

Belarus Strateji və Xarici Siyasət Araşdırmaları Mərkəzinin rəhbəri Arsen Sivitski:

Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi işğal altındakı Dağlıq Qarabağ regionu və Şuşa şəhəri üzərində ərazi bütövlüyü və suverenliyini demək olar ki, tamamilə bərpa etməyə imkan verdi. Eyni zamanda, bu qələbə yalnız Azərbaycan Silahlı Qüvvələrinin səmərəli hərbi əməliyyatları sayəsində deyil, həm də əlverişli geosiyasi konyunktura sayəsində mümkün oldu. Bir tərəfdən Rusiya Azərbaycan-Ermənistan münaqişəsinə müdaxilə etməməsi ilə rəsmi müttəfiqi olan Ermənistanı üçtərəfli bir bəyanat imzalamağa və işğal olunmuş əraziləri Azərbaycanın yurisdiksiyasına qaytarmağa məcbur etdi. Digər tərəfdən tərəfdaşı Azərbaycana diplomatik və hərbi-texniki dəstək verən Türkiyə, daha əvvəl Astana prosesi çərçivəsində İdlib deeskalasiya zonasında Suriyanın şimal-qərbindəki təsir sahələrini ayırmaq üçün istifadə olunan modelə əsasən münaqişənin həlli ilə bağlı Rusiya ilə razılığa gələ bildi. Beləliklə, Türkiyə və Rusiya Cənubi Qafqazda, o cümlədən Dağlıq Qarabağ Münaqişə Zonasındakı Atəşkəsə və Bütün Hərbi Əməliyyatlara Nəzarət Birgə Mərkəzinin işi sayəsində sülhün və təhlükəsizliyin qorunmasının qarantı oldular. Türkiyə simvolik olaraq beynəlxalq münasibətlərdə aktiv bir aktor statusunu təsdiqlədi, eyni zamanda iqtisadi və infrastruktur layihələri, o cümlədən Ermənistanın Zəngəzur bölgəsindən keçən nəqliyyat dəhlizi vasitəsilə digər bölgələrə təsirini daha da genişləndirmək imkanı qazandı. Teorik olaraq bu, Türkiyəni Naxçıvan vasitəsilə Orta Asiyaya, Azərbaycanın digər ərazilərinə və Xəzər dənizinə çıxara bilər. Beləliklə, Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqaz bölgəsindəki geosiyasi status-kvoda əhəmiyyətli bir dəyişikliyə səbəb oldu. Bu bölgənin ənənəvi olaraq böyük və regional güclər arasında bir rəqabət ərazisi olaraq qəbul edilməsinə baxmayaraq, Rusiya və Türkiyənin davranış nümunələri Suriyada, Liviyada və hətta Qara dəniz bölgəsində davam edən geopolitik parçalanmalara baxmayaraq, iş birliyi göstərməyə hazır olduğunu göstərdi. Azərbaycanın bu kövrək maraqlar balansını qoruyub möhkəmləndirə bilməsi təkcə Azərbaycanın deyil, bütün bölgənin çiçəklənməsi və inkişafının açarıdır.

Pakistanlı mütəxəssis, Ziyauddin Universitetinin İnsan Haqları Mərkəzinin direktoru Sayed Şah:

Azərbaycanın Cənubi Qafqazdakı qələbəsi SSRİ-nin süqutundan bəri son 30 ildə mövcud olan dinamikanı dəyişdirir. Azərbaycanın bu yeni qələbəsi Rusiyanın hökmranlığının bölgə xalqının hisslərini əks etdirən daha əhatəli həll yolları üçün Türkiyənin ənənəvi təsirini cəlb edən daha kooperativ bir çərçivəyə çevrildiyini sübut edir. Bunun Türkiyə və Rusiya əməkdaşlığı üçün yeni bir işarə ola biləcəyini düşünürəm və hesab edirəm ki, Azərbaycan bu 2 əsas oyunçunu yeni bir siyasi atmosfer üçün bir araya gətirməkdə əsas rol oynayacaq. İkinci Dünya Müharibəsindən sonra NATO və Avropa ilə Türkiyənin ənənəvi müttəfiqlərinin münasibətlərinin pisləşməsinin əlamətlərini görürük. Zənnimcə, bu, geosiyasətdə yeni bir dönüş nöqtəsidir və nəticədə Azərbaycanın regiondakı rolu daha da artıb. Yaxın Şərqə gəldikdə isə Ermənistanı əvvəllər səssiz dəstəkləyən İranın mövqeyinin dəyişməsi onu şübhə altına alır. Bunun səbəbi təkcə İranda məskunlaşmış azərbaycanlılara qarşı olan sentimentallıq deyil, İran özü də Türkiyə kimi ABŞ sanksiyalarına məruz qaldığından Türkiyə ilə daha yaxın işləmək şansından istifadə etmək istəyir. Azərbaycan İran, Türkiyə və Rusiyanın xeyrinə yeni bir geopolitik ittifaqın mərkəzinə çevrilə bilər və ümid edirəm ki, qlobal siyasətdəki bu əhəmiyyətli oyunçular bu vəzifənin öhdəsindən gələcəklər.

Rəfiqə ƏLİSƏFA

Share: