Bakıya qarşı daha bir qətnamə: II Leopoldun nəvələri…

Azərbaycan və Türkiyəyə qarşı ədalətsiz, heç bir əsası olmayan, beynəlxalq hüquqa zidd qanun layihələri sırasına biri də əlavə edilib. Maraqlı məqam isə Fransa, Niderland parlamentlərinin ardınca bu dəfə də bənzər qərarı Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının qəbul etməsidir. Belçika Fransa və Niderland qədər tarixi qaranlıq, insanlıq cinayətləri ilə dolu olan, tarixə Kral II Leopoldun Konqo qətliamı kimi bir qara ləkə salan ölkədir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli 17 dekabr tarixində Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının plenar sessiyası zamanı “Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli və atəşkəsin əldə olunması üçün Belçikanın və beynəlxalq qurumların təşəbbüslərinə dəstək” adlı qətnamə layihəsi qəbul etməsi haqda danışarkən deyib.

O bildirib ki, Belçika qara tarixi olan Kral II Leopoldun Konqo qətliamını unutmamalıdır:

“Afrika” dedikdə zəngin təbii sərvətləri, fizki olaraq dayanıqlı, güclü insanları və təbii ki, bu gün özünü dünyanın demokratik dəyərlərinin müdafiəçisi adlandıran, dünənə qədər isə həmin dəyərlərdən bixəbər halda insanlıq cinayətlərinə imza atan ölkələrin saysız-hesabsız qətliam, soyqırımlar törətdiyi qitə yada düşür. Afrika qitəsinin müstəmləkə və soyqırım tarixinə baxdıqda əsasən iki ölkə – İngiltərə və Fransa ağıla gəlir. Lakin bu iki ölkədən qatbaqat kiçik olsa da, ən az bu ölkələr qədər Afrikada soyqırım aktı həyata keçirən ölkələrdən biri də Belçikadır.

Müstəmləkə dövrünə qədər müxtəlif krallıqlar tərəfindən idarə edilən bu qədim, Afrikanın ən böyük ölkələrindən olan Demokratik Konqo Respublikası eyni zamanda dövrünün ən inkişaf etmiş qitə xalqlarından olub.

Belçikanın bu ölkəni müstəmləkə halına gətirməsi böyük qətliamlar bahasına baş verib. Belə ki, Afrika qitəsinin təbii zənginliklərindən faydalanmaq istəyən Belçika kralı II Leopold sözdə qitəni mədəniləşdirmək və kölə ticarətinin qarşısını almaq üçün 1876-cı ildə Beynəlxaq Afrika Birliyini təsis edir. Mərkəzi Brüsseldə olan bu təşkilat birbaşa Kral II Leopoldun əli ilə bu nəhəng Afrika ölkəsini tədricən öz müstəmləkəsi halına gətirmişdir.

II Leopoldun Konqonun varidatından faydalanmaq, xüsusilə də almaz ehtiyatlarını mənimsəmək üçün yerli xalqı zorla kölə halına saldığı, müxtəlif işgənclər etdiyi, hətta peyvənd adı altında kütləvi ölümə gətirib çıxaran soyqırım aktları həyata keçirdiyi məlumdur”.

Politoloqun sözlərinə görə, II Leopoldun “Konqo imperatoru” kimi hökmranlığı dövründə (1884-1908-ci illər) Konqo əhalisinin 30 milyondan 9 milyona kimi azaldığını xatırlatmaq kifayətdir ki, bu ölkədə necə dəhşətlər yaşandığı təsəvvür edilsin:

“Bu gün belə bir qara tarixi daşıyan və II Leopoldun ailəsinin kral ailəsi olduğu Belçika Federal Parlamentinin Nümayəndələr Palatası Azərbaycan əleyhinə qətnamə qəbul edir. Qonşuları Fransa və Niderland parlamentlərinin etdiyi səhvi təkrarlayan Belçika əslində bu ölkələrin hələ də müstəmləkə təfəkküründə olduğunu və sanki bir beyin tərəfindən idarə edildiyini təsdiqləyir. Nəticə etibarilə yaxın 200 illik tarixi dəlil və sübutla təsdiqlənən soyqırım aktları ilə zəngin olan Fransa, Niderland və Belçikanın əleyihimzə qəbul etdiyi qətnamə və qərarların heç bir hüquqi əhəmiyyəti yoxdur”.

Share: