Yaralansa da, cəbhəyə qayıdan, şəhidlik zirvəsinə ucalan Əkbər Hüseynli (FOTO)

Əkbər Azər oğlu Hüseynli 15 oktyabr 2001-ci ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. İlk təhsilini H.Əliyev adına 1 saylı orta məktəbdə alan Əkbər, orta təhsilini Bakı Sosial İqtisad Kollecində davam etdirib.

O, təhsilini yarımçıq qoyub könüllü olaraq 15 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən isə ön cəbhədə qəhrəmancasına vuruşub, Murov yüksəkliyinin alınmasında xüsusi igidliklər göstərib.
Əkbər Hüseynli şiddətli döyüşlərdə yaralansa da, qısa müddət sonra yenidən ön cəbhəyə, yoldaşlarının yanına qayıdıb, Goranboy-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib, işğal altında qalan torpaqlarımızın alınmasında şücaət göstərərək şəhidlik məqamına yüksəlib.
Evin tək oğul övladı olan Əkbər vətənpərvərliyi, cəsarəti, nümunəviliyi ilə yoldaşları arasında böyük rəğbət qazanıb, neçə yaralı əsgər yoldaşını döyüş meydanından xilas edib. Onun yeganə arzusu canı-qanı bahasına olsa belə, vətəni mənfur düşmənlərdən azad etmək idi.
Qeyd edək ki, qızğın döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əkbərdən ailəsi uzun müddətdir heç bir məlumat ala bilmirdi.
Ölümü ilə ölümsüzlük qazanan Əkbər 17 dekabr 2020-ci ildə doğulduğu Alar kəndində torpağa tapşırılıb!
Eşqanə Babayeva
Share: