Hüquqşünas: Bakı Zəngəzuru bu cür tələb edə bilər – Video

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Ermənilərin “könlünü almaq üçün” Rusiya K(b)P-nin Qafqaz Bürosunun təkidi ilə 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasında Zəngəzur mahalının bir hissəsi (3.637 kv. verstlik hissəsi) Ermənistana verildi. Halbuki Paris Sülh Konfransı ilə bu ərazi ADR-nin beynəlxalq hüquqla tanınan ərazisi kimi göstərilmişdi.

Maraqlıdır, bu qanunsuzluğun ləğvi proseduru beynəlxalq hüquqa görə necədir?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib ki, Azərbaycan indiki halda Zəngəzur məsələsini beynəlxalq müstəvidə aktuallaşdıra bilər:

“Zəngəzurun hansı şərtlərdə, nəyin qarşılığında Ermənistana verilməsi məlumdur. SSRİ Ermənistanın sovetləşməsi qarşılığında Zəngəzuru heç bir hüquqi əsas olmadan, ən əsası da Azərbaycan xalqının razılığı olmadan verib. Bu rəsmi sənədlərlə də var. Digər tərəfdən, Paris Sülh Konfransında Azərbaycan, Ermənistan və Gürcüstan dövlətlərinin ərazisi rəsmi şəkildə təsdiqlənib. Zəngəzur mahalı da ADR ərazisi kimi qəbul edilib. Bu və digər rəsmi tarixi sənədlərlə məsələni BMT miqyasında, MDB və digər beynəlxalq təşkilatlarda səsləndirə bilərik”.

Hüquqşünas bildirib ki, bu prosesin nə qədər uğurlu və ədalətli olacağını demək çətindir:

“Buna baxmayaraq, biz ən azı dünya ictimaiyyətinin diqqətini bu mövzuya yönəldə, bu istiqamətdə böyük bir prosesə başlaya bilərik. Əsas məsələ də odur ki, dünyaya əslində Ermənistanın necə yarandığı və 1918-ci ildə beynəlxalq aləm tərəfindən tanınan ərazilərimizin bir hissəsinin qanunsuz olaraq, referendum keçirilmədən, xalqın razılığı olmadan ermənilərə necə verildiyini sübut edə bilərik. Gerisi isə gələcəyin işidir”.

Share:

Author: Müstəqil AZ