Putindən Türkiyəyə “pomidor dəstəyi” gəldi

ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına cavablar davam edir. Əksər dövlətlər məsələyə səssiz qalsalar da, Türkiyənin müttəfiqləri və ABŞ-ın düşmənləri sanksiyaları pisləməkdə davam edir.

 

Təbii ki, hər bir ölkə öz maraqlarından çıxış edir. Rusiya da sanksiyalara cavab olaraq Türkiyəyə dəstək vermək qərarına gəlib.

ABŞ-ın verdiyi qərarın ardından Rusiya Türkiyədən pomidor idxalı limitini 200 min tondan 250 min tona qaldırmaq barədə qərar verib.

Pomidor

Amma təbii ki, bunu Rusiyanın Türkiyəyə qarşı “dostluq mesajı” kimi qəbul etmək olmaz. Çünki bu məsələdə Rusiya ilk növbədə öz maraqlarını güdür.

Məsələ ondadır ki, ABŞ və Türkiyə arasında münasibətlər Ankaranın Moskva ilə silah alış-verişinə getməsindən sonra gərginləşib. Türkiyə ABŞ-dan “Patriot” tipli hava hücumundan müdafiə sistemləri almaq istəsə də, ABŞ qardaş ölkəyə silah satmaqdan imtina etmişdi. Hətta Türkiyədən aldığı  “beh”i də geri qaytarmaqla ölkələrarası öhdəliklərini kobud şəkildə pozmuşdu.

Türkiyə də buna cavab olaraq Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almağa başlayıb. Bu sistemlərin alınması prosesi hələ də davam edir. ABŞ və NATO hesab edir ki, eyni hərbi blokda təmsil olunduqları ölkənin düşmən ölkədən silah alması qəbuledilməzdir. Onlar Türkiyədən alış-verişi dayandırmağı tələb etsələr də, Ankara bu işdə sona qədər gedəcəyini dəfələrlə bəyan edib.

 

S-400 S-400 hava hücumundan müdafiə sistemi

 

Məsələnin başqa tərəfi odur ki, ABŞ Yunanıstana F-35 təyyarələri satıb. Amma Türkiyəyə satmaqdan imtina edir. Bu vaxta qədər Türkiyənin o təyyarələrə qarşı müdafiə sistemləri yox idi, Yunanıstan da öyünürdü ki, onların F-35-ləri Türkiyə üçün gözəgörünməzdir. Az sonra Türkiyə Rusiyadan S-400-lər almağa başladı və Yunanıstana mesaj verdi ki, artıq F-35-lərinizi görürük. Çünki F-35 təyyarələri S-400 sistemlərindən gizlənə bilmir. Ona görə də Türkiyə bu silahları almaqda qərarlıdır və geri çəkiləcəyi inandırıcı görünmür.

 

F-35 F-35 döyüş təyyarəsi

 

Rusiya prezidenti Vladimir Putin də çıxışlarının birində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prinsipial siyasətçi olaraq qeyd etmiş və onun verdiyi vədə uyğun olaraq “S-400” məsələsində sona qədər getdiyini vurğulamışdı.

İndi də Rusiyanı narahat edən heç də Türkiyənin iqtisadi durumu deyil. Kreml ehtiyat edir ki, Türkiyə təzyiqlər qarşısında Rusiyadan silah alışını dayandıra bilər. Ona görə də hazırkı vəziyyətdə Türkiyəni dəstəkləmək Rusiyanın öz maraqlarına uyğundur. Yəni yaxşı bir müştərini itirmək istəmir.

 

Türkiyə əsgərləri Bakıda paradda Türkiyə əsgərləri Bakıda paradda

 

Xatırladaq ki, bir müddət əvvəl Kreml Bakıda keçirilən hərbi parada cavab olaraq Azərbaycandan pomidor idxalına qadağa qoyub. Rusiyanın bu davranışları artıq “pomidor siyasəti” kimi məşhurlaşıb və istehza mövzusuna çevrilib.

Share: