Savaş nə vaxta qədər Qarabağda gedəcək?

44 günlük Vətən müharibəsində böyük qələbədən sonra Qarabağda, xüsusilə rus sülhməramlılarının sayəsində, diplomatik və informasiya savaşına diqqət çoxalıb.

Bu savaşın bəzi hallarda sərhəddə üzə çıxdığı – ermənilərin 28 il müddətində irəli çəkdiyi və mənimsədiyi torpaqlarımızdan geri çəkildiyi, sosial şəbəkələrin Azərbaycan seqmentində bunun bir qələbə, erməni seqmentində isə “torpaq itkisi” kimi yayıldığı – görünür.

Ümumiyyətlə, Zəfərimizə və ərazilərimizin bütövlüyü istiqamətində həm Qarabağda, həm də Kəlbəcər, Zəngilan, Qubadlı, Laçında sərhəd dəqiqləşmələrində Ordumuzun gördüyü mükəmməl işi qətiyyən kiçiltmədən demək istəyirəm ki, bu prosesin erməni siyasilər və media mənsubları, o cümlədən sosial şəbəkə istifadəçiləri tərəfindən bu qədər faciəvi qəbul edilməsi artıq adamı yorur.

Məsələ bu ki, ermənilərin ah-vay etdiyi, “yanıb-töküldüyü”, dəhşətli məğlubiyyət və torpaq itkisi saydığı hər şey beynəlxalq hüquqla Azərbaycanın halal haqqı olar əraziləri, sərvətidir. Yəni bütün bu erməni “ah-vayları” hələ də Azərbaycan torpaqlarında davam edir, hələ də ermənilər Qarabağda “erməni tərəfində qalan ərazi” deyə, özlərinə torpaq saxlamaq istəyir, dolayısı ilə işğal siyasətindən əl çəkmirlər. Hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4388 kv/km olmasına rəğmən, ermənilər bunu 12 min kv/km-ya “çatdırmışdılar”, indi isə bunun 75 faizinin əldən çıxdığını bildirib, qalan əraziləri təəssüflə “qorumağa” çalışırlar.

Yəni bütün qələbə və məğlubiyyətlər Azərbaycanın ərazisi üzərində gedir: biz halal haqqımız olanı, beynəlxalq hüquqla tanınan hansısa kəndimizi qaytarmaqdan, 28 il müddətində sərhədi kilometrlərlə irəli çəkən Ermənistan sərhədçilərini geri oturtmağımızdan sevinirik, ermənilər isə 28 ildir sümürdükləri ərazilərimizdən çıxdıqlarına görə “itirdiklərindən”, “uduzduqlarından” üzülürlər.

Məncə, ilk növbədə informasiya savaşının hədəfi dəyişməli və bu savaş məkanı Ermənistana keçməlidir. Doğrudur, rus sülhməramlılarının sayəsində, o cümlədən müharibənin Qarabağda getməsi və faktiki olaraq burda məskunlaşma siyasəti başlayacağını nəzərə alaraq, Qarabağı informasiya savaşı meydanından çıxarmaq mümkün deyil, ancaq ən azı “şaxələndirmə” apara bilərik.

Məsələn?

Bunu Prezident İlham Əliyev ideal şəkildə göstərdi: Zəfər paradındakı çıxışında Zəngəzur, Göyçə, İrəvanın tarixi Azərbaycan torpaqları olduğunu bildirdi.

Həqiqəti dedi və bu həqiqət Ermənistanda böyük bir panikanın, qorxunun əsasını qoydu, ölkənin informasiya gündəmini dəyişdi. Bir neçə gün informasiya məkanı ancaq bununla məşğul oldu.

İlham Əliyev bilir nəyi nə vaxt və necə (etmək) demək lazımdır. O, informasiya savaşının Ermənistan torpaqları üzərinə keçirilməsi mesajını da verdi.

Bu proses başlamalıdır: ermənilər işğal etdikləri torpaqların deyil, öz ərazilərinin dərdini çəkməlidirlər; işğal etdikləri ərazilərin deyil, öz torpaqlarının itirilməsini uğursuzluq saymalıdırlar.

Bunun üçün psixoloji hazırlıqlara da başlanmalıdır: ermənilər doğrudan da 1920-ci ilin dekabrında Zəngəzuru Ermənistana peşkəş edən Rusiyanın qərarını tanımayacağımızı, bu qərara qarşı hərəkata başlayacağımızı bilməlidirlər.

Həm də indidən…

Niyə də bu gündən başlamayaq ki?..

Şeyx Teymur

Share: