Rusiya Qarabağda oyun qurdu, yoxsa?… – Mühüm şərh

Son illər təqdim etdiyim təhlillərlə tanış olanlar yaxşı bilir ki, mən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə Rusiya xarici siyasətinin ardıcıl tənqidçilərindən biri olmuşam. Tək Bakıda yox, elə başqa yerlərdə də bir çoxları bunu antirusiya mövqeyi kimi qəbul edirdilər, baxmayaraq ki, mən münaqişə zonasındakı son hərbi əməliyyatlar zamanı hamımızın şahidi olduğu Azərbaycan üçün yaranan müsbət tendensiyaları qiymətləndirənlərdən oldum.

Müstəqil.Az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib.

O bildirib ki, məqsədi Rusiyanın bölgədəki rolu barədə “emosiyasız təhlil” – obyektiv, faktoloji yanaşma göstərməkdir:

“Həmişəki kimi, beyinlərdə kök salmış köhnə təsəvvürləri dağıdan bir neçə tezis irəli sürürəm:

1. Rusiya gəldiyi yerdən bir daha getmir… Bəs Şərqi Avropa, Baltikyanı ölkələri, Azərbaycan (Qəbələ RLS), Mərkəzi Asiyanın əksər ölkələri, ərəb ölkələri və s.? Gedir və onun hərəkətləri konkret vəziyyətdən asılıdır;

2. Özlərini həddindən artıq emosional şəkildə “Türkiyənin dostları” kimi təqdim edənlər Rusiya və Türkiyənin tarixi düşmənçiliyi haqqında dayanmadan təbliğat aparırlar. Onlar sanki görmürlər ki, eyni tezis erməni və ermənimeyilli təbliğatçıların gündəlik nəşrləri və verilişlərində dillərindən düşmür… Maraqlı təsadüfdür, deyilmi?

3. “Rusiya Qarabağa gəldi və orada öz hərbi bazasını yaratdı”: tez-tez rast gəlinən stereotiplərdən biridir. Lakin sual yaranır ki, əgər Rusiya hərbçiləri burada həbi baza əldə etmək istəyirdilərsə, hərbi əməliyyatların başlanmasına imkan vermək nəyə lazım idi? Ermənilərə əmr vermək kifayət idi ki, onlar öz sahibinin istənilən istəyini dərhal yerinə yetirsin. Hətta Rusiya bizə nəsə qaytarıb, əvəzində “baza” almaq məqsədi güdürdüsə, nəyə görə o logistika və hərbi strategiya baxımından belə anlaşılmaz, coğrafi konfiqurasiyaya malikdir? Öz “baza”sını İranla sərhədə çıxışdan məhrum etməyin, Laçın və Kəlbəcər rayonlarını Azərbaycana qaytarmağın mənası nədir? Məntiqsiz yanaşmadır.

4. Əgər Rusiyanın “baza” əldə etmək məqsədi varsa, Türkiyənin Birgə Bəyanat çərçivəsində proseslərdə iştirakına və onun monitorinq missiyasının rəhbərlərindən biri olmasına rəsmi şəkildə razılıq vermək nəyə lazım idi? Aydındır ki, “monitorinq” sözü “nəzarət” və “idarəetmə” sözlərinin sinonimidir.

5. Nəzərə almaq lazımdır ki, nizamlanma prosesinin yeni formatının həmsədrləri olan Türkiyə və Rusiyanın hər ikisi ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ tərəfindən sanksiyalara məruz qalıblar, bölgədən qovulmuş Fransa ilə isə çox gərgin münasibətdədirlər.

6. Hər iki “yeni həmsədr” (Türkiyə və Rusiya) dövlət başçıları səviyyəsində bəyan etdilər ki, “Qarabağın status” artıq təyin olunub və o, Azərbaycanın tərkib hissəsidir… “Qatara gecikmiş” Minsk Qrupunun həmsədrləri isə gəlib deyirlər ki, danışıqları davam etdirmək lazımdır. Bu zaman onlar Azərbaycan əsgərinin beynəlxalq səviyyədə tanınmış ərazilərimizdən qovduğu Ermənistanın da danışıqlar prosesinə qaytarılmasını nəzərdə tuturlar.

Yuxarıda deyilənləri nəzərə alaraq, Rusiyanın bölgədəki rolunu qiymətləndirmək üçün bəzən emosional yanaşmalarımızı yenidən nəzərdən keçirməliyik. Dərk etməliyik ki, Türkiyə və ən əsası, Azərbaycan üçün ən xeyirli mövqe Türkiyə-Rusiya qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsini dəstəkləməkdən ibarətdir. Düşünürəm ki, bu qarşılıqlı əlaqə ermənilərin və azərbaycanlıların sivil şəkildə aralanmalarına xidmət edən alətə çevrilməlidir. Qarabağda isə o ermənilər qalmalıdır ki, onlar Türkiyə və ya Rusiyada yaşayan ermənilər kimi, yaşadıqları dövlətdə eyni hüquqlara malik olmağa və eyni şəraitdə yaşamağa razılıq verəcəklər”.

Müstəqil.Az

Share: