“Azərbaycana qarşı revanşa can atan Ermənistandır”

Prezident İlham Əliyevin ötən gün Zəfər paradında çıxışı zamanı “Zəngəzur, Göyçə, İrəvan mahalı da bizim tarixi torpaqlarımızdır” deməsini və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın öz çıxışında “Ermənistan xalqı Qarabağda yaşananlardan dərs götürərsə, bu, bölgədə yeni bir dövrün başlanğıcı olacaqdır” fikrini dilə gətirməsini hər iki ölkə prezidentinin “yeni müharibə hazırlığı” kimi təqdim etməyə çalışmaq açıq qərəzdən və təxribatçılıqdan başqa bir şey deyil.

Bu xəstə iddia ilə çıxış edənlər Azərbaycan və Türkiyə liderlərinin fikirlərini kontekstdən çıxarıb, əslində o fikirlərin mənasını, məramını qəsdən təhrif edirlər. Onların niyyəti hər iki ölkəni dünyaya aqressor qismində, Ermənistanı isə bu iki ölkənin təhdidlərinə, təcavüzünə məruz qalan yazıq, köməksiz və təklənmiş ölkə kimi təqdim etməkdir.
Amma əsl həqiqətdə isə hər şey tam tərsinədir. Bu gün Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən tərəf də məhz birilərinin beynəlxalq ictimaiyyətə “yazıq, əzabkeş ölkə” kimi sırımağa çalışdıqları həmin o cırtdan Ermənistandır. Azərbaycanın torpaqlarını 30 il ərzində işğal altında saxlayan təcavüzkar və talançı ölkə də məhz Ermənistandır. Və hətta 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayandan sonra yenə də müharibə ritorikasından əl çəkməyən və iqtidarı da, müxalifəti də Azərbaycana qarşı revanşa can atan, yeni müharibədən dəm vuran ölkədə də Ermənistandır.
Azərbaycan və Türkiyə liderlərinin dünən Zəfər paradının kürsüsündən səsləndirdikləri fikirlər Ermənistanın hakim dairələrinin və siyasi müxalifətinin bu davakar əhval-ruhiyyəsini cilovlamağa, başqa sözlə desək, onların qazını almağa, Ermənistanı idarə edənləri və idarə etmək istəyənləri reallıq hissinə qaytarmağa hesablanmışdı. Hazırda qisasçı əhval-ruhiyyəyə köklənmiş Ermənistan siyasi elitasını və erməni ictimaiyyətini ağıllı olmağa, konstruktiv mövqe tutmağa və 44 günlük müharibənin nəticələri ilə barışmağa məcbur etməyin tək yolu onlarla elə onların öz “dil”lərində danışmaqdır. Azərbaycan və Türkiyə prezidentlərinin çıxışlarına da məhz bu kontekstdən yanaşmaq lazımdır.
Bu, davakar mövqedən əl çəkməyən Ermənistanı sülhə məcbuetmə taktikası idi. Biz əslində müharibə yox, sülh istəyirik. Amma təəssüf ki, eyni sözü Ermənistan haqda isə demək mümkün deyil. Odur ki, Ermənistan rəhbərliyinin və müxalifətinin özlərinə gəlməsi və məsuliyyətli olmaları üçün “Ermənistan” adlı süni dövlətin yaradıldığı, mövcud olduğu hazırki ərazilərin tarixi Azərbaycan torpaqları olması faktını onlara xatırlatmağa həqiqətən də ciddi ehtiyac vardı. Qoy, bütün dünya da bilsin ki, “Ermənistan” adlı dövlət məhz tarixi Azərbaycan ərazilərində yaradılmış eksperimental layihədən başqa bir şey deyil.
Zənnimcə, İlham Əliyevin və Ərdoğanın məlum ismarıclarından sonra Ermənistanın siyasi elitası da, elə sıravi ermənilər də özlərini yığışdıracaq və sərsəm iddialarından, davakar ritorikalarından əl çəkməyə məcbur olacaqlar.
Əlisahib Hüseynov 
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Share: