Əfsanəvi şəhid kəşfiyyatçının xanımı: “50 nəfərlə 200 ermənini…”

“Şuşaya gedən yoldakı yüksəkliyin koordinatlarını ordumuza ötür”
“Anar kəşfiyyata dair, ingilis dilində kitab hazırlayacaqdı, lakin ömrü də, işi də yarımçıq qaldı”
“Azərbaycanın bütün postlarında xidmət edib”
“Ona məzarında söz vermişəm, övladlarını görmək istdədiyi kimi böyüdəcəyəm”
44 gün davam edən Vətən müharibəsi tariximizin ən şanlı səhifələrindən biridir. Müzəffər ordumuzun şücaəti, döyüşkənliyi dünyaya səs salıb. İgid əsgərlərimiz, hərbçilərimiz düşmənin nəfəsini kəsib. Qələbə də, Qarabağ da bizimdir.
Şübhəsiz ki, bu zəfərin memarları var. Onlar şəhidlərimiz, qazilərimizdir. Xalqımız ona sevinc bəxş edən oğullarını unutmur, daim xatırlayır. İstər savaş zamanı, istərsə də daha sonra şəhidlərimizin, ər oğullarımızın fotoları sosial şəbəkələri bəzəyib.
Rəy bölməsində hər kəs onlara rəhmət oxuyaraq, qürurlarını dilə gətirir. Adlarına səhifələr açılır, şəkilləri paylaşılır.
Yaxın günlərdə mən də şəhid adına açılmış bir profillə rastlaşdım. Şəhid Əliyev  Anar. Səhifəni nəzərdən keçirəndə igidimizin polkovnik-leytenant olduğunu gördüm.
Sonra paylaşımlara  bir-bir, zərgər dəqiqliyi ilə diqqət yetirdim. Şəhidin fotoları, əsgərlərinin onun haqqında dediyi sözlər paylaşılıb. Bir də polkovnikin qəhrəmanlığından bəhs olunub. Öz-özümə düşündüm ki, nə yaxşı sosial şəbəkələr var. Şəhidlərimizi tanıyıb, tanıtdırırıq. O an ağlıma bir düşüncə gəldi. İlahi, Birinci Qarabağ savaşında millətimiz nə edib? 20 min oğulu necə tanıyıb? Elə bil  dünya başıma dolandı, bütün mənliyimlə dərin bir ağrı yaşadım. Sonra qərar verdim ki, mütləq şəhid polkovnikimiz haqqında yazı hazırlamalıyam. Bu səbəblə həmin səhifəyə yazdım. Şəhidimizin ailəsi ilə əlaqə yaratmaqda kömək etdilər.
Çox keçmədi ailəsi ilə əlaqə saxladım. Əvvəlcə şəhidin qaynı Vüsal İsmayılov onun haqqında məlumat verdi. Anar Əliyevin fəaliyyəti, təhsili ilə bağlı danışdı. Onun sözlərinə keçid etməzdən əvvəl bildirək ki, polkovnik-leytenant Anar Əliyev 1980-ci ildə Kəlbəcərdə dünyaya göz açıb. Vətən müharibəsində misilsiz şücaətləri olub.
İndi isə gəlin bütün məlumatları V.İsmayılovdan eşidək:
“ Kəşfiyyatçı idi. Cəmşid Naxçıvanski adına hərbi məktəbi 2001-ci ildə bitirib. Leytenant adını alaraq fəaliyyətini davam etdirib. Salyanda, Naxçıvanda işləyib. Oktyabrın 11- Naxçıvandan gəlib, İkinci Qarabağ müharibəsinə könüllü olaraq yola düşüb. Füzuli, Hadrut və Zəngilanın işğaldan azad edilməsində  xidmətləri olub. Ali  Baş Komandana  məruzəni o edib. Xocavəndin Tuğ və Azıx kəndləri arasındakı yüksəkilikdə şəhidlik zirvəsinə ucalıb. O beş dil bilirdi, kəşfiyyat qaydalarına dərindən bələd idi. İsveçrə, Slovenya, Türkiyə, Pakistan kimi dövlətlərdə müxtəlif kurslardan keçib. Azərbaycanı layiqincə təmsil edib. Şücaətinə, igidliyinə görə medallarla təltif olunub. 23 illik fəaliyyəti vardı. Onu tanıyanlar çoxdur. Hamısı işinə, bacarığına, döyüş taktikasına bələddir. Döyüş yoldaşları təcrübəsini, aldığı təhsili yaxşı bilir. Bizdən igid, qardaş gedib. Azərbaycan ordusu isə bir əfsanəvi kəşfiyatçı itirdi. Çox ağırdır”.
Sonra Vüsal bəy telefonu bacısına- şəhidin həyat yoldaşı Vüsalə Əliyevaya verir.
Əvvəl nə deyəcəyimi bilmirəm. Sonra özümü toplayıb, suallara keçirəm:
-Onu döyüşə yola saldığınız günü necə xatırlayırsınız?
-Oktyabr ayının 11-i yola düşdü. Müharibəyə getdiyini bizə demədi. Evə görüşməyə, vidalaşmağa gəlmişdi. Ayın 13-ü Füzuli istiqamətində döyüşüblər. Hadrutda, Füzulidə, Qubadlının bəzi kəndlərində vuruşub. Zəngilanın demək olar bütün kəndləri yoldaşımın rəhbərliyi ilə işğaldan azad edilib. Ali Baş Komandana məruzəni də o edib.
-Bəs, axırıncı dəfə nə vaxt danışdınız?
“Oktyabrın 18-də zəng vurmuşdu. O gündən sonra ona zəng çatmadı. Döyüşdə olduğu  müddət ərzində bir-iki dəfə əlaqə saxladıq. Oktyabrın 21-i də şəhid oldu.
-Sonuncu söhbətiniz yadınızdadırmı?
-Düzdür, çox danışmaq imkanı yox idi. Sadəcə deyirdi, yaxşıyam. Amma  bilmirəm, nədənsə iki-üç dəqiqə söhbət etmək istədim. Onunla halallaşdıq. Birdən ağlıma gəldi, dedim ki, haqqını halal elə. Cavab verdi: “Halal olsun”. Onda söylədi ki, sən də uşaqlar da həmişə mənimlə qürur duyun”.
-Bir ailə başçısı, ata kimi necə insan olub?
-Mükəmməl ata, yaxşı ailə başçısı idi. O əsl hərbçi, kəşfiyatçıydı. Düzdür, hamının şəhidi, əzizdir, qəhrəmandır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamısı torpaq üçün can qoyub, qan töküblər. Torpağı Vətənə çevirib, müqəddəsliyə ucalıblar. Amma yoldaşım Azərbaycan ordusu üçün böyük itkidir. Çünki olduqca savadlı, təcrübəli idi. Kəşfiyyatçılar, zabitlər çoxdur, lakin o çox fərqliydi.
-Hərbçi fəaliyyəti dövründə işi haqqında nələr bilirdiniz?
– İnanın, işi ilə bağlı heç nədən xəbərimiz yox idi. İndi demək olar 40-ı çıxıb.Telefonu açıqdır, nömrəsini oğlum işlədir. Ona dostları, iş yoldaşları səs atıb, mesaj yazırlar. Onunla döyüşən, yetişdirdiyi zabitlər, 15 il əvvəlki əsgərləri zəng edirlər. Anar haqqında  elə sözlər danışırlar ki, ilk dəfə eşidirik. Biri deyir cibimə pul qoyub, biri ac qalıb, şəxsi maşını ilə gedib, yemək gətizdirib, əsgərin “botinka”sı cırıq olub, özününkünü verib və sair. O qədər əməlisaleh işlər görüb. Mən bunları başqalarından eşidirəm. Əsl komandir, yaxşı insan idi. Allahına ibadət edərdi, namaz qılardı. Həmişə insanları da imana aparardı. İmanı çox olan əsgər də, elə güclüdür. Əgər qəlbimizdə Allah sevigisi yoxdursa, Vətənə də bağlılıq olmaz.
-Onun haqqında daha nələr deyə bilərsiniz?
-Hərtərəfli insan idi. Bir neçə dil bilirdi, dəfələrlə xarici dövlətlərdə olub. Sonuncu dəfə 2019-da Pakistanda 5 ay kəşfiyyat akademiyası oxuyub. Onu da deyim ki, Anar kəşfiyyata dair, ingilis dilində kitab hazırlayacaqdı, lakin ömrü də, işi də yarımçıq qaldı. Çox kurslar, təlimlərdən keçirdi. 2004-2005-ci illərdə Azərbaycan ordusu üzrə 10-15 nəfərlik tağımı ilə birgə iki dəfə birincilik qazanıb. Kəşfiyyatda olub, müəyyən məxfi məlumatlar var ki, nazirlik bilir. Lakin ordan-burdan eşitmişəm ki, o dəfələrlə öz yurdu, Kəlbəcərə kəşfiyyata gedib. Azərbaycanın bütün postlarında xidmət edib.
-Bir kəşfiyyatçının həyat  yoldaşı olmağın müəyyən çətinlikləri var hər halda. ..Həmin illəri necə keçirmisiniz?
-Anar kəşfiyyata getdiyi vaxtlar xəbərim olmurdu. İndi danışırlar, onun haqqında məlumatlar öyrənirəm. 2007-dən 2012-ə qədər kəşfiyyata gedib. Bunların heç birindən xəbərim yox idi. 15-20 gün gedirdi, zəng çatmırdı. O zaman tək qızım var idi. Onda Salyanda xidmət edirdi. Mən də beş il orda yaşamışam. Dediyim kimi günlərlə gedirdi. O zaman qızıma sığınırdım, tək qalırdım. Arada qardaşım gəlirdi. Həmin illərdəki fəaliyyətindən indi xəbər tuturam.
-Reallaşdıra bilmədiyi bir arzusu vardımı?
-Onun arzusu çox idi. Həyatda insan arzu ilə yaşayır.  Ən böyük istəyi kəşfiyyatçı komandir kimi Qarabağı azad görmək idi. Torpaqlarımızın Azərbaycana  qaytarılmasını diləyirdi. Ona bir dəfə sual verdim ki, necə hərbçi olmusan?
-Mən də bu sualı vermək istəyirdim. Cavabı maraqlıdır, nə dedi?
-Söylədi ki, öz yanmış evimin divarlarını gördüm. O gündən sonra qərar verdim ki, hərbçi olacam. Yoldaşım əslən Kəlbəcər rayonundandır, valideyinləri müəllimdir. Onları işlə bağlı Ağdərə rayonunun  Levonarx, indiki Göyarx kəndinə göndəriblər, ailəsi gəlib, orada məskunlaşıb. Onların evləri orda yanır. Sonra 1993-cü ildə Birinci Qarabağ müharibəsində o kənd müvəqqəti olaraq qaytarılıb. Yoldaşım da atası ilə gedib, kəndini, yanmış evlərini görüb. Elə onda da özünə söz verir. Deyir, hərbçi, özü də kəşfiyyatçı olmalıyam. Onun vətən sevgisi o qədər çox idi. Ailəsindən çox Vətənə olan sevgisi daha üstünlük təşkil edirdi. Sentyabrın 27-i müharibə başlayanda, biz hələ Naxçıvanda idik. Televizorda baxırdı, ürəyi partlayırdı. Deyirdi, arzum var, necə edim ki, müharibəyə gedim. Axı niyyətimi reallaşdırmalıyam. Kəlbəcərə bayrağımızı sancmaq istəyirdi. Çox təəssüf ki, arzusuna çata bilmədi. Lakin Zəngilanın azad olunmasını məruzə etdi, onun işğaldan azad edilməsində böyük xidmətləri oldu. Onunla döyüşənlər danışır ki, yüzlərlə erməni öldürüb. Hələ canlı qüvvədən danışıram, texnikadan yox. Ən son Xocavəndin Tuğ kəndində olub. O zaman pusquya düşürlər, erməni batalyonuna hücum edirlər. 50 nəfərlik heyətlə 200 nəfərlik erməni briqadasına atılırlar. Orda axıra qədər döyüşərək şəhid olur. Şuşaya gedən yolda böyük bir yüksəklik var. O götürülməli imiş, oranın koordinatlarını ordumuza verir. Bizimkilər topla atəşə tuturlar, ondan sonra döyüşdə başından güllə yarası alaraq şəhid olur.
-Yoldaşınızdan sonra həyat necə davam edir?
-Çətindir. Düzdür, payız fəslidir, günlər qısadır. Həm də onu deyim ki, payız fəslini çox sevirdim. Çünki biz payızda ailə qurmuşuq, yeni həyata başlamışıq. Lakin təəssüf ki, onu payızda itirdim. İndi artıq bu fəsli sevmirəm, mənim üçün yalnız acı xatirə kimi qalacaq. İndi eyvandayam, günəşin axşam tərəfi batışına baxıram. Elə bilirəm ki dünyam qaranlıqdır, rəngli deyil. İnsanın həyatda yarısını itirməsi böyük ağrıdır. Hər bir yaxının ölümü çətindir. Lakin həyatın keşməkeşli yollarında sənə yoldaş, sirdaş olan insanı itirməyin acısı daha böyükdür. Elə bil dünyam rəngsizləşib. Hərdən fikirləşirəm, qohum, əqrəbam yanımdadılar. Ona görə tam yuxudan ayılmamışam. Onun yoxluğu qəlbimdə bir yara kimi qalacaq. Onsuz həyata davam etmək çətin olacaq. Ona məzarında söz vermişəm. Fikirləşirəm ki, onun ruhu məni görürsə,ağlamağımı, üzülməyimi istəməz. Əksinə sonuncu dəfə dedi ki, mənimlə daim qürur duyun. Əlbəttə fəxr edirik. Ancaq yoxluğuna alışmaq çətindir. Övladlarını görmək istdədiyi kimi böyüdəcəyimə, yarım qalmış arzularını həyata keçirəcəyimə söz vermişəm. Onun üçün  yaşamalıyam.
Nəhayət söhbətimiz tamamlanır. Təkrar-təkrar baş sağlığı verirəm. Başqa nə deyə bilərəm ki?
Allah rəhmət eləsin… !
Söhbətləşdi: Samirə Ərəbova 

 

Share: