Ehtiramın Ehtiramına ehtiramla – Xatirə Xatun yazdı

Payızın oğlan çağıdı…Ətrafda ilin bu yorğun fəslinə məxsus sükunət, səssizlik hökm sürür.Lənkəranın haylı-küylü məhəllələrindən biri olan Kiçik Bazarda – şəhid Ehtiram Hüseynovun yaşadığı evin qarşısındayam…Burda qəribə bir hüzn var…

Kimsə gözə dəymir, hec bir evdən səs-səmir gəlmir…Kiçik Bazar sanki bütünlüklə şəhid balası Kərbəlayı Ehtirama yas saxlayır… Hüseynov Ehtiram Həsən oğlu 04.17.1977-ci ildə Lənkəran şəhərində dünyaya gəlib.1983-1994-cü illərdə şəhər 6 saylı orta məktəbini bitirib, Tusi adına APİ-nin ,,İlkin hərbi və fiziki təlim” fakültəsinə daxil olub.1998-ci ildə institutu leytenant rütbəsi ilə başa vuraraq doğma təhsil ocağı 6 saylı məktəbdə hərbi müəllimi kimi pedaqoji fəaliyyətinə başlayır.
Sin descripción disponible.
Leytenant rutbəsinin olmasına və təhsilindən dolayı hərbi xidmət etmiş hesab olunmasına baxmayaraq təxminən 2 ildən sonra komissarlığa müraciət edərək hərbi biletini təhvil verir və könüllü olaraq xidmətə yola düşür. Naxçıvan MR-nin Böyük Soyuq adlanan ərazisində 2 il Vətənin keşiyində dayanır.Həqiqi hərbi xidmətini bitirib yenidən doğma Lənkərana və iş yerinə qayıdır.2016-cı il aprel döyüşləri başlayanda da könüllü olaraq orduya yazılır.2020- ci il sentyabrın 21 –dən hərbi təlimlərə qatılmaq üçün Ağcabədidə yerləşən N saylı hərbi hissəyə yollanır.Qubadlı uğrunda döyüşlərdə tabor komandiri kimi iştirak edir.21 oktyabrda Qubadlıda həlak olub.Oktyabrın 23- də nəşi doğulduğu Lənkəran şəhərinə gətirilib, 24- də Kiçik Bazar qəbiiristanlığında dəfn olunub… Həyətə daxil olub evə qalxıram.Məni şəhidin ailəsi- həyat yoldaşı, anası və 3 yaşlı oglu qarşılayır- atasının adını qoyduğu balaca Həsən…Divarlar¸masanın üstü- hara baxıramsa, Ehtiramın şəkilləridi…Hansısa bir anın əbədiləşdiyi bu fotolar sanki dil açıb danışmaq istəyir…ya da belə- susaraq danışır desək daha doğru olar məncə…İndilik isə ailə üzvləri ilə danışaq deyirəm.Üzündən sözün əsl mənasında nur tökülən bu agırbaşlı, təmkinli, yaşı ötsə də simasındakı gəlin həyasını qoruyub saxlayan Ümbülbanu ana ağır –ağır sözə başlayır… -Ehtiramın haqqında danış deyirsən, qızım, hardan, nədən başlayım bilmirəm ki…Çox ürəyiyanan, mehriban biri idi.Böyük Soyuqdan gələndən sonra bir az əsəbi olmuşdu, amma yenə də mənə, ailəsinə qarşı həddən artıq diqqətli, qayğıkeş idi. Evlilyimizin 5 –ci ilində ana olmuşam, ondan da 4 il sonra Ehtiramım dünyaya gəlib…9 ilə iki oğul anası oldum…gec tapdım , tez itiridim balamı…Nadinc uşaq olub Ehtiram…kötəklədiyim də az olmayıb onu,-bunları deyib gülümsəyir, yadına indi illərin o tayında qalmış hansısa bir kövrək xatirə düşür, onun dalğasına qoşulur…Balaca Həsənə baxıram, üzündə bütün körpələrə məxsus saf, məsum təbəssüm, velosipedinə minib sürür,arada gəlib yanımızdan bir dövrə vuraraq gedir…
Sin descripción disponible.
Bayaqdan susub sakitcə bizi dinləyən gəlin uşağa baxdığımı hiss edib astaca dillənir: -Heç nədən xəbəri yoxdu…istəmirəm də bilsin atasının yoxluğunu… Ümbül ana da balasının bu məsum yadigarına təbəssümlə baxaraq bayaq yarıda qoyduğu sözünə davam edir: -Yasda qadınlardan biri dedi ki, kaş bir qolu, bir ayağı olmadan gələydi, amma gələydi…Qızım,bu söz heç xoşuma gəlmədi…Dedim, belə deməyin, onu Allah o şəhadətliyə layiq bilib ki, seçib, xahiş edirəm mənim balamın məqamını kiçiltməyin.Ümumiyyətlə, balamın adının qarşısında ,,kaş” sözünü işlətməyin.Bir il bundan əvvəl Kərbəla səfərində aşiqi olduğu İmam Hüseynin ziyarətində də Allahdan özünə Vətən yolunda, el yolunda şəhadət arzulamışdı.Ziyarətinin bir ili tamam olanda balam arzusuna yetdi… ,,kaş” deməyin yeri yoxdu…Heç ,,heyif” də deyə bilmərəm… Zəhmətkeş idi balam, müəllim də olsa, əlləri qabar-qabar idi.Həm evdə iş görürdü, həm qapıda balaca bir məhlə dükanı işlədirdi, o da xaraba qaldı…Bax bu gördüyün ev- eşik köhnədi, hardasa 52 ilin dam-daşıdı.Uşağım onu müəlim maaşı ilə dişlə, dırnaqla təmir elədi, amma içində girib ayağını uzatmadı…məni yandıran da budur, qızım… Ana kövrəlir, yorğun gözlərində gilələlən oğul həsrətli göz yaşları yanağı aşağı süzülüb çənəsində toplaşır.Mane olmuram, nə həddimə…Üzümü yenə də Ehtiramın ömür-gün yoldaşı Vəfaya tuturam: -Heç xətrinə dəymişdi? Himə bənd imiş kimi o da doluxsunur: -Heçç…Düz 10 ildi evliyik, bir dəfə ağzından kobud bir kəlmə, ya söyüş eşitmədim,-deyib susur…Yanımızda dayanıb maddım- maddım gah anası ilə nənəsinə, gah da mənə baxan balaca Həsəni qucaqlayır… -Çox böyük arzuları vardı oğlu ilə bağlı…Deyirdi onu oxudacam, təqvalı, imanlı, savadlı biri kimi yetişdirəcəm… Sözünün ardını gətirə bilmir, yenə susur…Boğazına tıxanan acı qəhərdənmi, ya bayaqdan bir kənarda dayanıb bizi dinləyən qardaşından həya etdiyindənmi, bilmədim… Mənim də diqqətimi üz-gözündən hüzn süzülsə də qadınların, xüsusilə balaca Həsənin yanında möhkəm görünməyə çalışan bu cavan adam cəlb etdi: -Necə bir yeznə idi Ehtiram?-deyə onu da söhbətə çəkmək istədim. Oğlan dərindən bir ah çəkib , bir əli ilə saqqalını, digər əli ilə də böyrünə qısılan Həsənin qıvrım saşlarını tumarlayaraq sözə başladı: -Biz təkcə yeznə- qayın yox,həm də xaloğluyuq, amma ən əsası isə dost olmuşuq…bu üzdən Ehtiramın yoxluğu mənim üçün yeri doldurula bilməyəcək, doldurulmayacaq bir boşluqdu…Onun həm dostluğu, həm də qohumluğu indi və bəlkə heç vaxt da sözlərlə ifadə edə bilməyəcəyim qədər dürüst, səmimi və gözəl idi… Bu suala qoyun onun öz sözləri ilə cavab verim,-deyib telefonunu açır, qalareyadan bir video seçib ekranı mənə tərəf tutur…Ehtiramdı, danışır:,,Hər Ana Oğul doğa bilər, hər oğul Kişi ola bilməz!”Şəhidimizin bir şagirdi çəkib, dərs vaxtı, özündən xəbərsiz həm də.Bu video üstündə şagird möhkəm cəza da alıb, amma indi bütün sosial şəbəkələrdə yayılıb… Bu yerdə Ümbül ana yenidən söhbətə qarışır: -İnstitutu bitirəndə ona hərbi bilet və rütbə də vermişdilər.Amma həmişə deyirdi ki, bu bileti özümə yaraşdırmıram, vicdanım rahat deyil,heç nə eləmədən almışam, bunu haqq etmək lazımdı.Dediyi kimi də elədi, getdi, təhvil verdi, könüllü hərbi xidmətə getdi Naxçıvana.Vətən uğrunda yeri gəlsə şəhid olmağı çoxdan gözə almışdı balam… Bir dəfə mənə dedi ki: ,,mama, sənə yaxşı- pis nə varsa mən yaşatmışam, sənə o şəhid anası olmaq qürurunu da yaşadacam! Başını dik tutasan!”Deməli, mən həm Oğul, həm də Kişi doğmuşam! Mən fəxr eləyirəm balamla!Bir şagirdi vardı, Fərid…
Sin descripción disponible.
Neftçaladan idi, amma hərbçi ailəsi kimi Lənkəranda yaşamışdılar, burda oxumuşdu uşaq.İş elə gətirmişdi ki, bir yerdə döyüşəsi olmuşdular.Bunu mənə danışanda dedim, Ehtiram, mama sənə qurban olsun,o uşağı sənə tapşırıram, ikinizi də Allaha, ondan muğayat olasan.Dedi, mama, arxayın ol, ona imkan vermirəm, qoymuram qabağa keçsin, deyirəm ki Fərid, keç mənim arxamda dayan…Balam şəhid olandan dörd, ya beş gün sonra o uşaq da şəhid olub dedilər…Gənc ata-anası vardı ee, anası lap cavan gəlin idi…-dərindən köks ötürüb susur…Hiss edirəm, bir anlıq öz dərdini unudub o gənc uşağı, onun cavan valideynlərini düşünür bu böyük ürəkli, ümman qayğılı, illərin, zamanın yorğun saldığı, amma hər şeyə rəğmən dik durmağı bacaran və öyrədən məğrur Ana… Döyüşlər təzə başlayanda Ehtiramın işlədiyi 6 saylı məktəbin direktoru Akif müəllim anaya zəng vurub hal-əhval soruşub, nəyəsə ehtiyacı olub- olmadıqları ilə maraqlanıb, səbrli olmağı tövsiyə edib.Ümbül ana ona :,,müəllim, ana oğulu doğar Vətən üçün, el üçün! Mənim oğlum getməsin, onun oğlu getməsin, bu torpağı kim qorusun, kim getsin Vətəni düşməndən azad etməyə?-deyə cavab verib…. Bəli, analar oğul doğar ki, elin dayağı olsun.Belə analar var olduğu müddətdə belə oğullar hələ çox doğulacaq…Məhz bu cür oğullar düşmənin qarşısına cıxıb el təəssübü, Vətən qeyrəti çəkdilər, öz həyatları bahasına torpaqlarımızı geri aldılar.Vətən, uğrunda Ehtiram kimi canından keçə biləcək oğulları olduğu üçün Vətəndi, Torpaqdı, Anadı! Xudahafizləşib evdən çıxıram…Çiskin yağış yağır, əsl Lənkəran yağışı…Eşitdiklərim, duyduqlarım ilə o qədər doluyam ki, islandığımı da hiss etmirəm…Ehtiramı düşünürəm- Müəllim Ehtiramı, Oğul Ehtiramı, Ata Ehtiramı, Kişi Ehtiramı! Yerin cənnət, ruhun şad olsun, Şəhidim … Sevdiklərindən də arxayın ol, Vətən sənə əmanət olduğu kimi, onlar da Vətənə əmanətdi… Səni unutmayacaq, unutdurmayacağıq!
Xatirə Xatun-
yazar, publisist Bakı, 03.12. 2020
Müstəqil.Az
Share: