Şəhid Ramir Əliyevin ailəsində olarkən…Şəhid ağrılı təəssüratlar – Aysel Səfərli yazır – VİDEO

44 günlük İkinci Vətən müharibəsi zamanı yaşanan Qələbə sevinci torpaq uğrunda canından geçən oğullarımızın qanı hesabına başa gəldi.

Neçə-neçə şəhidlik zirvəsinə ucalan igidlərimiz tarixə qızıl hərflərlə yazdı bu qürur dolu savaşı…

Bu çətin və şərəfli günlərdə özümüzdə güc tapıb şəhid ailələrini ziyarət etməyə,onların ağrı -acılarına şərik olmağa çalışdıq.

Getdiyimiz  ailələrdən biri də Lənkəran şəhər ,Aşağı Nüvədi qəsəbəsində yaşamış nur üzlü şəhidimiz, Ramir Əliyevin ailəsi oldu…

Qəsəbə boyu üç rəngli bayraqlara bürünmüş qapıların yanından keçərkən anlatmaqda çətinlik çəkdiyim duyğuların qoynunda həm qürurlanır,həm kövrəlirdim…

Şairə Xatirə Xatun hönkürtüylə:

– Aysel,dözə bilmirəm,biz bu çətin işi tamamlaya bilməkdə özümüzə güc tapa biləcəyikmi?” – dedikcə yanaqlarım boyu buğlanan qaynar göz yaşlarıma hakim ola bilmirdim.

Normalda hamımızın cəsarətli və hazırcavab, güclü biri kimi tanıdığımız Arzu Muradın da şəhidin ata- anası ilə hazırladığı reportaj  boyunca ayaq üstə güclə dayandığını aydın görürdüm.

Vətənin,yurdun illərdir davam edən Qarabağ xəstəliyinə 28 il sonra öz canları ilə məlhəm olmağa çalışan şəhidlərimizin haqqını nə etsək də ödəyə bilməyəcəyik, düşünürdüm. O an varlığıma bu şəhid qoxulu ata-ananın ağrılarına son qoya bilmək arzusu elə hakim kəsilmişdi ki çarəsizliyimə nifrət edirdim. Başımı qaldırıb divar boyu rəsmlərdən bizə gülümsəyən vətən oğlunun baxışlarındakı vüqar və qürur hissinə büründükcə təsəlli tapmağa çalışırdım…

Çünki bilirdim,şəhidlər ölmür,onu xalq,vətən yaşadır. Onlar elə bir iz qoydular ki dünya heyrətə gəldi,Azərbaycan tarixi məğlubliyyət dolu kitablarını büküb rəflərin ən arxa hissəsinə qoydu… Tarix özünü, sözünü, yolunu dəyişdi…

İndi bir arzum var,azad olunmuş torpaqlara gedib o izləri sinəsinə həkk edən hər daşı bağrıma basmaq… Qayıtmış milli qürurumuzun alnından öpmək…

Biz torpaq üstə rahat yaşayaq deyə torpaq altını məskən seçmiş şəhid məzarlarına qələbə soraqlı qərənfilləri diz çökdürməyə gedirik . Onlardan əmanət aldığımız vətəni layiqincə gələcək nəsillərə ötürmək üçün vicdanımıza söz verməyə doğru yola çıxmışıq. Gözünüz yolda qalmasın,şəhidlərim! Bilirsiniz? Sizdən sonra biz də bir az şəhid anası,bir az şəhid bacısı,atası,qardaşıyıq… Sizinlə birlikdə bizim də bir tərəfimiz şəhiddir.

Haqqınızı halal edin,rahat ,isti yuvamızı ,qələbə sevincimizi bizə halal edin!

 

Aysel Səfərli

Müstəqil.Az 

Video reportajı hazırladı: Arzu Murad

 

Share: