Hərdən ulduza çat, aya yaxınlaş, Getdiyim hər yerdə mənlə qarşılaş

GÜNEL ƏLİYEVA ŞEİRLƏRİ
İNSAN AXTARIRAM
 
Adamlar arasında
Dolaşsam da günbəgün
Tanıdıqca çoxalmır,
Azalır, yox olurlar.
‘’İnsan’’ deyə çağırmaq,
Hayqırmaq istəyirəm.
Hardasan, sən, ey insan?
Nədir sənin sirlərin?
Bəs surətin necədir?
Məntək çoxmu dərdlərin?
Niyə üzə çıxmırsan?
Niyə məni tapmırsan?
Adamlar arasında
Dolaşsam da günbəgün
Tanıdıqca çoxalmır,
Azalır, yox olurlar.
Bir insan axtarıram
Milyonlar arasından.
Çox demirəm, bir cəsin.
Çox demirəm, təkcəsin.
Buludlarda gizlənib,
Damla-damla yağırsan.
Bəzən bəyaz qar olub,
Dağ başını alırsan.
Təkcə onu bilirəm,
Adını səslədikcə
Qaçıb, uzaqlaşırsan.
Sən günəşi görsən də,
Sən zülməti sevirsən.
Sən cənnət istəsən də,
Özün öz ayağınla
Cəhənnəmə gedirsən.
Simanı itirirsən,
Deməli, ruhun itib.
Azıb yolunu o da.
Azıb ürəyin kimi.
Nəfəs ala bilmirsən,
Sən yaşayan ölüsən,
İndi get aynaya bax!
Sən insan görünürsən?
 
ÜRƏYİMƏ YAR
 
Düşmüsən gözümdən
Düşənlər kimi…
Sonuncu sərnişin,
Sonuncu qatar.
Mən səndən getmişəm
Ürəyimə yar.
Getmişəm özümə
Qonaq kimiyəm.
Deyir “Heç kimiyəm”,
Yadın biriyəm.
Könlümün evi də
Qapısı bağlı.
Bir də gəlməyəcəm
Məni sevmədi.
Sevmədi öz qəlbim
Sevmədi məni.
Düşmüşən gözümdən
Düşənlər kimi…
Sonuncu sərnişin,
Sonuncu qatar.
Mən səndən getmişəm
Ürəyimə yar.
İndi ürəyim də
Məhbəs, dörd divar.
 
SƏN HARDAN BİLƏSƏN?
 
Sən hardan biləsən?
Külək səsimdir,
Titrəyən,üşüyən, donan da mənəm.
Yazın ortasında yağan qara bax,
Pərişan, çarəsiz, ümidsiz sabah.
Yağış ol, gözümdən, həsrətinə ax.
Sən hardan biləsən?
Ürək nə deyir,
Bəs qələm nə yazır,
Hardan biləsən?
Qəfildən, səssizcə, bəzən lap yavaş,
Toxun əllərimə, bitsin bu təlaş!
Hərdən mənim üçün özünlə dalaş,
Hərdən ulduza çat, aya yaxınlaş,
Getdiyim hər yerdə mənlə qarşılaş.
Sən hardan biləsən?
Bilinmir yerim…
Gah göyə aparır şair xəyalım,
Gah yerlər gəzirəm səndən nigaran.
Tapmaq çətin olsa məni bir zaman,
Boylan öz qəlbinə, qəlbin bir ümman.
 
SƏNİ İTİRƏNDƏ
 
İtirdim,
Gözlərimdə dama- dama
Çoxalan sevincimi.
Zərrə- zərrə böyüyən ümidlərimi.
Bir də ümidlərimin pəncərəsindən
Boylanan səadət qoxulu arzularımı.
Kəsişməyən iki düz xəttin uzaqlığı
Qədərdi aramızdakı məsafə
Səni itirəndə.
Bəlkə də davranışlarının
Fərqinə varmayan,
Ruhunu itirən xəstəydim.
Könül xəstəsi.
Təbibi yetişməyəndə
Çarəsizliyinə,
Bir də tanrısına sığınan
İnsandım ,bəlkə də.
Suallar bağçasında
Güllərimin qönçəsində
Bağlı qalmışdı,
Həyat dolu cavablarım.
Səni itirəndə.
İtirdim,
Kövrək, məsum qəlbimi də.
Şölə saçmayan günəşə,
Parlaqlığıyla vidalalaşan
Ulduzlara bənzəyirdim.
Bax, onda ölümün
Kandarından
Həyata əl eyləyirdim.
BİR QADIN SƏNİ SEVİRSƏ
 
Bir qadın səni sevirsə,
Ən gözəl şəhərdir gözlərin.
Ürəyini götürüb görüşünə
Tələsər.
Baxışın alov olsa,
Gözünün yaşı kəsər.
Bir qadın səni sevirsə,
“İnandım” deyib keçər.
Çünki inanmaq istər.
Qadın həyat bəxş edər,
Bax elə buna görə
Səni öz dünyasında
Eşqlə yaratmaq istər.
Bir qadın səni sevirsə,
Susar dili danışsa,
Susar yanıb- alışsa…
Duyğuları “sən” deyər,
Darıxdıqca həsrətin
Qamətin- qəddin əyər.
Bir qadın səni sevirsə,
Səndə yaşamaq istər,
Səndə yaşlanmaq istər.
Səni yaşatmaq istər.
Sığal çəksin telinə
Ürəyinin əlləri.
Çiçək açsın
Sevginlə bəslədiyi
gülləri.
Bir qadın səni sevirsə,
Sənə aiddir cümlələri,
Ruhunu səndən alar,
Neçə insan içində,
Sənsiz səninlə qalar.
Bir qadın səni sevirsə,
Gecə- gündüz darıxar,
Saat, zaman demədən,
Sən gələn yola baxar.
Gec qaldınmı, gəlmədin,
Ürəkdə şimşək çaxar,
Yenə ümid arayar,
Sən olduğun şimşək də
Göy qurşağı yaradar.
Bir qadın səni sevirsə,
Zəngli saatın qurmaz,
Hər sabah xatirənə,
Xəyalına oyanar.
Bir qadın səni sevirsə,
Sakit bir dənizdi,
Qəzəbin.
Aparsa dalğaların,
Özündən soruşar səbəbin.
Hicranı uzaq istər,
Qaranlıqdan boylanar,
Əl açıb tanrısına,
O sənə çıraq istər.
Share: