Partiya sədri Azərbaycan xalqını Bayraq Günü münasibətilə təbrik edib

Müstəqil.Az xəbər verir ki, Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Azərbaycan xalqını 9 noyabr – Bayraq Günü münasibətilə təbrik edib.

Təbriki təqdim edirik:
“Əziz soydaşlar!
Dünən olduğu kimi bu gün də möhtəşəm bir günün sevinc dolu, qürur dolu anlarını yaşayır, tarixi hadisələrə şahidlik edirik. Dünən mədəniyyət paytaxtımızın, ruh evimizin – qədim Şuşamızın işğaldan azad edilməsi xəbərinin sevincinə bələnmişdik, bu gün isə 9 noyabr – Bayraq Günümüzü təntənə ilə qeyd edirik.
Bu mübarək üçrəngli bayrağımız ilk dəfə Cümhuriyyət yaranarkən göylərə yüksəldi, dalğalandı. 1918-ci il 9 noyabr tarixində Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətəli xan Xoyski Milli Bayraq haqqında Nazirlər Kabinetinin qərarını imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən isə, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Bayraq – bir ölkəni simgələyən, bir milləti təmsil edən, istər bayramlarda, istərsə də müharibələrdə hər zaman öndə, insanların başı üzərində aparılan, eləcə də Vətən uğrunda şəhid olanların məzarı üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Bayrağımız milli kimliyimizdir, dünənimizdəki irsimiz və gələcəkdəki hədəflərimizdir. Azərbaycan xalqının keçmişinin, bu gününün və gələcəyinin əks olunduğu üçrəngli bayrağımız bizim varlığımızın təcəssümüdür.
Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan dövlət bayrağımız uğrunda, dövlətçiliyimizin və müstəqilliyimizin qorunması uğrunda minlərlə soydaşımız şəhid olub. Bu gün də igid əsgərlərimiz Qarabağda bir əlində bayraq, bir əlində silah tutaraq ərazi bütövlüyümüz uğrunda savaşır, öz canlarından keçir, şəhidliyə qovuşurlar.
Bayrağımız uğrunda, dövlətimiz və millətimiz uğrunda şəhid olan bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Torpaqlarımızı işğaldan azad etmək üçün döyüşən, Cəbrayılımıza, Füzulimizə, Zəngilanımıza, Qubadlımıza, Şuşamıza bayraq sancan igidlərimizlə fəxr edirik!
Milli Bayraq Günümüz münasibətilə bütün dünya azərbaycanlılarını ürəkdən təbrik edir, körpəsindən tutmuş yaşlısına qədər bütün soydaşlarımıza “bayramınız mübarək olsun” deyirik.
Qoy milli həmrəyliyimiz hər zaman bu günkü kimi möhkəm və sarsılmaz olsun, üçrəngli bayrağımız dünya durduqca var olsun!
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan xalqı!”
Share: