Şuşa azad olundu: İrəvanda nə danışılır?

Şuşanın azad olunması barədə Prezident İlham Əliyevin rəsmi açıqlaması Ermənistanda şok effekti yaradıb.

Müstəqil.Az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində artıq böyük bir panika yaşanır, Ermənistan rəsmi dairələrinin xalqı aldatdığı və yalan danışmaqda davam etdiyi üçün ağır ifadələrdən istifadə edilir.

Bunların qarşısını almaq üçünsə Ermənistan Müdafiə Nazirliyinin artıq hamıya bəlli olan siması – Artsrun Ovannisyan ardarda açıqlamalar verməyə başlayıb.

Açıqlamaların ümumi məzmunu bundan ibarətdir: “Şuşa uğrunda şiddətli döyüşlər davam edir”, “Şuşada nələrin baş verdiyi haqda dəqiq məlumat sabah olacaq”, “Heç bir halda panikaya düşmək olmaz”, “Azərbaycan Ordusu erməni əsgərlərinin bu qədər müqavimət göstərəcəyini gözləmirdi” və s.

Ən son açıqlamasında isə Ovannisyan “Hazırda Şuşada üstünlüyün hansı tərəfdə olduğunu söyləmək çox çətindir” sözləri ilə canını suallardan qurtarmağa çalışıb.

Göründüyü kimi, Ovannisyan bircə dəfə də olsun “Şuşaya hazırda erməni qüvvələri nəzarət edir” sözünü dilə gətirə bilməyib, çünki sübut istəyən kütləyə foto-video fakt təqdim etmək lazım gələcək.

Yada salaq ki, ötən gün Ovannisyan sosial şəbəkələrdə “Azərbaycan əsgərinin Şuşa qalasında bayraqla fotolarının” da peyda ola biləcəyini bildirmiş, “buna inanmamağa” çağırmış və demişdi ki, guya Azərbaycan əsgəri bayrağı sancandan sonra əlini-qolunu sallayıb, “çıxıb gedir”. Onun bu gülünc açıqlaması erməni sosial şəbəkə istifadəçiləri tərəfindən belə istehza ilə qarşılanmışdı.

Bütün bunlara sübut axtaran erməni mediası isə “ön cəbhədən Şuşadakı vəziyyəti şərh edən” “WarGonzo”nun görüntülərinə sığınıb. Amma Semyon Peqovun görüntüləri ümid yaratmaq əvəzinə erməni sosial şəbəkə istifadəçilərini reallığı daha yaxşı dərk etmələrinə yardım edib. Belə ki, Peqov “Şuşa uğrunda ön cəbhədən” hazırladığı reportajda Xankəndidə olduğunu, işıqların yanmadığını bildirir və kamera projektorunda yalnız bir erməni silahlısı Şuşa döyüşləri haqda danışmaqla kifayətlənir: nə döyüş səhnəsi, nə texnika, nə də Şuşa görüntüsü…

Peqov hətta bu qaranlıq məkanın Xankəndi olduğuna şübhə edəcək tamaşaçılara “and içməyə” çalışır ki, vallah, o, Xankəndidədir.

Şuşadan “reportaj”ı Xankəndidə bir erməni silahlısını danışdırmaqla hazırlayan və hətta Xankəndidə olması belə sual doğuran Peqovun simasında Ermənistan MN-in yalan maşınının da artıq işə yaramadığı ortaya çıxır…

Müstəqil.Az

Share: