Əsgərə məktub… – Reyhan

Əsgərə məktub

 

Aqibətin xeyir, Azərbaycan əsgəri!

De görüm, indi necəsən? Bilirəm, əvvəl əllərimi tutan o isti əllərin indi soyuq havada silah tutur. Bax, havalar da soyuyur, üşüyən xəyallarımıza sarıl. İçimi didib parçalayan qəribə suallar yaranır məndə. Əsgərim, düşünmə ki, bu güvənsizlikdəndir. Yox, əsla! Bizi birləşdirən əllər, verdiyimiz sözlər,qurduğumuz xəyallar, yaşadığımız anlar bir-bir yadıma düşür. Bax, onlara tutuşmağa çalış. Bilirəm, sən də çox darıxırsan, amma düşmənə vurduğunuz zərbələr sizə rahatlıq gətirər. Biləklərinizə güc, ürəyinizə qüvvət verər. Mərd dayan, igid əsgər! Söz verdiyimiz kimi sən Vətənimizi qoru, mən də sevgimizi…

Bilirsən, səni hər gün Vətən qoxan, atəş qoxan əsgər libasında xəyal edirəm.  Səbrləqələbə müjdəsi ilə sevinəcək günlərimizi gözləyirəm.  Hərdən də, fikirlərim çox qarışır:

Ey külək, səndən bir ricam var. Bu payız günü elə əski əsgərimin qoxusunu uzaqlardan mənə gətirə biləsən. Ey yağış, elə yağ ki, hər damlan yanağımdakı göz yaşlarımı yuyub aparsın. Ey hər il gəlişini intizarla gözlədiyim yumşaq qar, bu qış səndən öncə gözlədiyim bir xəbər var- qələbə xəbəri,birdə gəlişini günləri sayıb gözlədiyim əsgərim.

Dünyalar qədər sevdiyim, adı ilə qürur duyduğum əsgərim, eşitdim rütbəni artırıblar. Çox sağ ol! Əvvəl Vətən,sonra biz.

Bu gün bütün Azərbaycan əsgərlərinin adı Qarabağ və zəfər sözünün sinonimləridir.

Hamı bilir ki, əsgər yarı olmaq çətin olduğu qədər şərəflidir.  Soruşanlara mən də bir əsgər gözləyirəm söyləmək həyəcandan dili dolaşmaq, gözləri dolmaqdır. Həm də, çox sevdiyi Vətənini qoruyanın sevgilisi olmaq böyük fəxarətdir.

Dualarımız, ümidlərimiz sizinlə bağlıdır. Allaha əmanət  olun,Vətən əsgərləri.

 

Reyhan

Odlar Yurdu Universitetinin tələbəsi

 

Müstəqil.Az

Share: