SƏNƏ YAZIRAM, ƏSGƏRİM!!! – Bircə xanımın məktubu…

“Savaş məktubları”silsiləsindən

“Anacan, sən məni eyləyəndə yad,
Yolub saçlarını, eyləmə fəryad”.
N.Gəncəvi,
İsgəndərin anasına məktubundan.
SƏNƏ YAZIRAM, ƏSGƏRİM!!!
Qovdular səni ,elindən, torpağından qopardılar.
Kimi qucaqda, kimi bələkdə, kimi şəlləkdə, kimi döləkdə …
Sürüldük, nizə burnunda. Həyalı , qucağı oyuncalı qızlarımız, zorlandı, ata -qardaş çərlədi.
Yolunu Xocalıdan saldılar, Əsgərim!.
Sən Xocalı laləsi görmüsən, qar üstəki laləni.
Kiminiz çadırlarda, kiminiz zirzəmilərdə( bunu da yekəəndam arvadlar qaxınc elədilər)doğuldunuz.
Amma doğuldunuz. Arxanızca deyilməyən, üzünüzə deyildi.
Qorxaq, qaçıb gələn, yerimizi dar eliyən, zirzəmidə doğulan.
Sən böyüdün ,Əsgərim!..Anan, nənən xəcalətli gözlərini səndən gizləyib, lampa işığında nağıllar toqquşdurub danışdılar sənə.
“Biri vardı, biri yoxdu, Allah vardı, şəriki də vardı.
Bizim gözəl ellərimiz, dolu təknəmiz, varlı torpağımız, ağ üzümüz, uzun dilimiz vardı.Bir gün dağlardan bir əjdaha endi…
Göydən üç alma düşdü”
-Ana, qoy hələ o alma düşməsin. Mən böyüyəcəm, o əjdahanı öldürəcəm.Bax, almalar onda düşər…
Sən böyüdün ,Əsgərim.
Mətin addımlarla yeridin düşmən üstünə. Səni evsiz-eşiksiz, ac, lüt-üryan qoyan yağının üstünə.
Yağıları qovduqca sildin üzümüzün qarasını, suya axıtdın gödək dilimizi.
Qaçqın deyilik daha, İgidim, Əsgərim.
Dabanından qopan qığılcımları gördükcə səbbim alınır.
Səni “Quran”altından keçirib, ölümə göndərən ananın öyüdünü unutma.
-Sən yağımız kimi olub, körpə zorlasan, ağbirçəyi qanına boyasan, əliyalın ixtiyarı öldürsən, döşümdən əmdiyin süd burnundan gəlsin. Səni yurd almağa, torpaq xilas etməyə göndərrəm.
Yönüm sənə tərəf durmuşam,Əsgərim, Şuşadan əsən yellər sinəmə dolsun deyə.
Addım səslərin yağının bağrını yarır. Ölmə, Əsgərim, ölmə. Arxanca gəlirəm, eşidirsən Yaqubun səsini?
-Həbibim, gəl,
-Təbibim, gəl, eşidirsənnnnn?
Gülablının dikdirini aşan kimi Sara xanımı görəcəksən, gördünmü, Əsgərim?
Bax, Səxavət oxuyur,
-Azad bir quş(dum)am.
Vallah, sənə əl eləyən Xudu müəllimdi. “Ruhlar şəhəri”ni Vahid Qazı şəllənib gəlir ardınca.
-Hadı yox oğlum, o nə tanıyır buraları.
-Haydı Oğlum, elin arxandadı.
-Eşidirsən,Ağabalanın səsidi, daşlara dəyib sinənə dolur.
-Dünyanın xoşbəxti mənəm dünyada?
-Yox mənim balam, o bilməz, görməz, duymaz buraları.”ÜVERTÜRA”dı silahına dəyib şaqqıldayan. Xanın qızı Natəvandı önüncə su atan.
-İrəli Əsgərim, burdan təpəyə tərəf diklən. Çadırda böyümüş igid Cəbrayılın dişiylə diddiyi murdar ölən yerdi ora. Ordan atlan keç.
-Saçlarına sığal çəkən əli hiss elədinmi?
-Poladıydı oğlum, qəhrəman Poladım.
İrəli Əsgərim, görürsən səndən razı qalan seyid balasını? Dözmədi, gözləmədi sizi. Sizdən qabaq atdı özünü haqqın tonqalına.
Gör sənin pişvazına kimlər çıxıb eyyyyy. Allahverdi, Əlyar, Fred Asif, Murov Qartalı, hansını deyim, İgidim, hansını haraylayım, Oğlum!!!
Güllən yağlı, BALTAN QANLI olsun, bildin də hansı baltan?
Gözəl Salatın olacaq qızının adı, o yağı gəbərsin ,qoy.
-İrəli Əsgərim, sən geriyə baxma. Yaralının hayına Qədir gələcək. “Sona bülbüllər”çatıncadı o yaraya.
Mehdidən sonra gördünmü deyiklisi neylədi?
Sənin nişanlın özünə qırmızı bel bağı aldı bu gün. Geri dönüb onun əllərini xınaya tutmalısan. Əli öz qanından xınalı şəhidim olmasın daha.
-Qaç oğlum. Çatdınmı Xankəndinə? Dincəl, toxta ,balam. Əlini qaşının üstünə qoy, nazlı gəlin tərəfə bax. İrəli bax, kürəyindən arxayın ol, Əsgərim.
Kürəyindən güllə gəlməz sənə. Kürəyində Komandan var, elin var…
Bax Şuşaya, Əsgərim!!! Gör sənə kimlər qol açıb.
Peyğəmbər Üzeyir, Dahi Üzeyir. Hələ Rəşidimə bax,
-A-ZƏR-BAY-CANNNN.
-Eşidirsən, havalanır eyyyy Xanın səsi, görürsən Bülbülün qucağındakı topa Xarıbülbülü?..
-Bayrağı gətirən TURAN elləridi, OĞLUUUMMM!!!
Zülüm-zülüm ağlayan ,HİKMƏTDİ, üzünü daşlara sürtən İSMAYILLI İLHAMDI, bayrağın kölgəsindəki torpağı öpən QUSARÇAYLI RAMİZDİ. İsa bulağlnın sərin suyunu təşnə dostlarının üzünə , sinəsinə çəkən , meydandakı muzeylik tankın lüləsinə gül düzən İQBALDI.
Sənə üzərliyi yandıran Qarabağ aşiqi, Şuşa təşnəsi ,Tomris qeyrətli İSMAYILLI BƏSTİDİ…
Gözün aydın, Əsgərim, gözün aydın ,Yaralım!!!
Gözün aydın, qanın müşk-ənbər qoxuyan, ŞƏHİDİM. Torpağın mübarək, Turan elim.
Gəyən gecə, ulduzlar işım-işım. Cıdır düzündən ağ atın belində, ağ yapıncılı gələn ZAMANIN SAHİBİ , SÜLHDÜ.
30 ildə bir görünən karvanın sahibi-Qırmızı donlu, yaşıl qoftalı ,SÜLH!!!
Sol yanından boylanan Təbrizi də görürsənmi,Əsgərim?..
-Uca dağlar başında həkəm, Allah, Qaragilə,
-Hamının yarı var, mən təkəm, Allah, Qaragilə…
Cabirin bal səsi Şuşanın üstündən Təbrizə sarı sürünür…
Göydən üç alma düşdü. Bu alma nağıldakı üç almadan deyil.
16.10.2020
Haqq davamızın 19 -cu günü.
Müstəqil.AZ
Share: