Almaniyada  yayımlanan və nəşr olunan KİV-lərin rəhbərlərinə…

Almaniyada  yayımlanan və nəşr olunan KİV-lərin rəhbərlərinə
Hörmətli xanımlar və cənablar!
Bildiyiniz kimi, sentyabrın 27-də yenidən Azərbaycanla Ermənistan arasında müharibə başlayıb.  Buna cavab olaraq,  Azərbaycan rəhbərliyi əks-hücuma keçilməsi ilə bağlı qərar qəbul edib və hazırda 14 gündür ki, müharibə davam edir.
Almaniyanın, Fransanın, Niderlandın və digər  Avropa ölkələrinin nüfuzlu nəşrləri və KİV-ləri  Azərbaycanla Ermənistan arasında davam edən müharibəni  müsəlman azərbaycanlılarla xristian ermənilərin münaqişəsi kimi təqdim edr.
Bu Avropa  ölkələrinin hər birində   dini dözümlülük və  tolerantlıq formalaşıb,  xalqların, millətlərin öz dini etiqadlarında sərbəst və azad seçiminə şərait yaradılıb.  Avropa həm də müsəlmanların  daha ç̧ox immiqrasiya etdiyi məkana çevrilmişdir.  Bu gün  İngiltərə Milli Statistik Təşkilatının məlumatına görə, ölkə əhalisinin  5,3 faizini,   Almaniya Daxili İşlər Nazirliyinin məlumatna görə əhalinin 5,7 faizini, Fransa əhalisinin 8,9 faizini,  Hollandiya Statistika Bürosunun məlumatına görə əhalinin 5 faizini müsəlmanlar təşkil edir.
Azərbaycan Respublikasında da din dövlətdən ayrıdır. Ölkədə müsəlmanlar çoxluq təşkil etsə də digər dinlərin nümayəndələri öz dini etiqadlarını azad və problemsiz şəkildə icra edirlər.  Bu gün Azərbaycan ordusunda təkcə müsəlmanlar xidmət etmir. Ölkə vətəndaşı olan çoxsaylı xristiyanlar da xidmət edir. Hətta Bakının mərkəzində erməni kilsəsi bu gün də qorunaraq saxlanılır. Ermənistanda isə müsəlman məscidləri xarabalığa çevrilmişdir.
Azərbaycan və Ermənistan arasında baş verənləri dinlər arası müharibə kimi təqdim etmək yolverilməzdir. Bu müharibə  Ermənistan tərəfindən işğal olunmuş ərazilərin işğaldan azad olunması, ədalətin bərpa olunması, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması   ilə bağlıdır.
 Avropa ölkələrinin davam edən  müharibəyə belə münasibəti bütün müsəlmanlara, o cümlədən Avropa ölkələrində yaşayan müsəlmanlara fərqli yanaşmadır, ayrı-seçkilikdır, onların aşağılanmasıdır. Belə yazılar və ya məlumatlar cəmiyyəti ümumi insani yanaşmadan uzaqlaşdırır, xristianların başqa, müsəlmanların isə bir başqa olmasını beyinlərə yeridir, xristianlığı  islama qarşı qoyur.
İnsan hüquqları ilə bağlı bütün əsas beynəlxalq sənədlər dövlətlərə  dini mənsubiyyətinə görə  ayrı-seçkilik hallarına yol verməməyi, bütün dinlərə bərabər yanaşma vəzifəsini qoyub.İnsanları dini mənsubiyyətinə görə fərqləndirməmək   hüquqi dövlətin əsas əlamətlərindən sayılır.
Hər gün Azərbaycanın müsəlman ölkəsi olması və onun xristian ölkəsi ilə müharibə etməsi xəbəri bizi də bir müsəlman və azərbaycanlı olaraq narahat edir, hətta bəzi müsəlmanları  dinindən imtina etməyə yönəldir. Biz  müsəlman olduğumuz üçün  Almaniyada ilk dəfə narahat olmağa başlamışıq.
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi  Haqqında Avropa Konvensiyasının 14-cü maddəsi  ayrı-seçkiliyi qadağan edir. Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
Buna görə də  biz, bu müraciətə  imza atan Azərbaycanlılar sizlərə müraciət edir, bu münaqişənin arxasında heç bir dini faktorun dayanmadığını, belə yazıların isə ayrıseçkiliyə xidmət etdiyini  bildirir və qeyd olunanları nəzərə almanızı xahiş edirik.
Hörmətlə:
1. Əlövsət Əliyev – hüquq müdafiəçisi, Almaniya
2. Orhan Araz – yazıçı, Almaniya
3. Ataxan Əbilov – hüquqşünas, Hollandiya
4. Elvin Cəbrayıl – hüquqşünas, Almaniya 
5. Elmin Həsənli – jurnalist, Almaniya
Müstəqil.Az
Share: