Manaf Ağayevin döydüyü model sevgili – “Ay canı yanmış” rəzaləti

Manaf Ağayevin yaradıcılığının yeni çiçək açdığı zamanlarda pöhrələnib toyxanaların imtina edilməz mahnısına çevrilən “Ay canı yanmış” mahnısına qol qaldırıb oynamadığımı desəm, onsuz da heç kim inanmayacaq.

Ona görə də inkar etməyin yeri yoxdur. Musiqi duyumunun hələ tam formalaşmadığı zamanlarda meydana çıxan bu müğənnilərlə həddi buluğa çatmış bir nəsil necə ola bilər ki, bu qəbildən olan mahnılara ömründə heç olmasa bircə dəfə də olsun oynamasın. Bu yerdə “Bəyin oğurlanması” filmindən bir fraza yadıma düşdü.

“Ayə bu toydu, burda nə etmək lazımdı? Oynamaq!” Toyda 6 saat Tofiq Quliyevin, Qara Qarayevin mahnılarına qulaq asmaq, segaha oynamaq mümkünsüz olduğu üçün “Ay canı yanmış”a oynamağı qəbahət hesab etmək olmaz. Bir şərtlə ki, toyxanadan çıxandan sonra o mahnının mümkünsə bütün melodiya və sözlərini unudasan.

Ara mahnılarının tarixi qədim olsa da, Ağadadaş Ağayevin, Baloğlan Əşrəfovun gəncliyinə söykənən bu tarixdən üzü bəri hələ heç kim toy mahnılarını Manaf Ağayev qədər “urvatsız” etməyib. Hətta yeri gəlsə Manaf Ağayevin şaqraq səsindən pırr eləyən bu mahnıların yanında ötən əsrdə dillər əzbəri olan “Aman Elnarə”, “Esmira” kimi mahnıları sənət əsəri hesab etmək olar.

Toy başqa aləmdir. Orda elə bir atmosfer var ki, insan özündən biixtiyar nə eşitsən qanadlanıb meydana uçur. Ona görə də toyda hər şey olar. Necə olsa əyalət toylarımızda lambadaya tərəkəmə gedən bir toplumuq.

Qayıdaq “Ay canı yanmış”a. 2000-ci illərin əvvəllərində meydana çıxan bu mahnı başını reytinq rəqabətində itirən televiziya və radio rəhbərləri üçün əsl tapıntı idi. ANS efiri toyxanaya çevirmək ideyasını həyata keçirdikdən sonra Manaf Ağayev “Toylar Kralı” yarışması ilə Səməd Səmədovun taxtını devirdi. “Ay canı yanmış”ı artıq hər gün efirdə, radio dalğalarında dinləməyə məhkum cəmiyyətə çevrildik. Günün birində isə toylarda qol qaldırıb oynadığımız mahnıya çəkilən “ağlamalinski” klip efirlərdən boy göstərdi.

Qısametrajlı komediya filmini xatırladan “ekran işi”nin süjet xətti əslində dram olsa da, klipdə dramatik olan yeganə səhnə Manaf Ağayevin model sevgilisini harda tutdu təpə-qapaz edib maşına basıb apardığı kadrlardır.

Klipi izlədikcə “Manaf Ağayev tipdə bir kişinin niyə fotomodel sevgilsi olsun axı” sualı adamı dara çəkir. Sərt, qısqanc, maço xarakterli kişinin sevgilisi milli mentalitet parametrlərinə uyğun, ətəyi topuqdan, koftası sıfır dekolte olub, sevgilisi ilə ən yaxın təması bir oğrun baxış, bir qıyqacı gülüşü olan qadın olmalı deyilmi? Hardan çıxdı göbəyi görünən, dar şalvarlı model sevdası? Klipin sonuna qədər Manaf Ağayevin xanıma olan münasibətinin sərhədləri tamaşaçıya qaranlıq qalır. Bilinmir, xanım klipdə müğənninin arvadıdır, yoxsa aşnası.

Klipin əsas kulminasiya nöqtəsi romantik şam süfrəsi başında cərəyan edir. Aşiqlərin klassik mübahisə səhnəsi romantik axşam yeməyində baş tutur. Şirin-şirin danışıb-gülən cütlüyün xoşbəxt dəqiqələrinin ömrü uzun olmur. Sevgilisinin jurnalda bikinili fotosessiyasını görən milli mentalitetin bariz nümunəsi olan aşiqin cinləri təpəsinə vurur və qıza ağzına gələni deyib qışqıra-qışqıra restoranı tərk edir. Manaf Ağayev əl-qol hərəkətləri ilə “Soxdun papağımı yerə” mesajını aydın ötürür. Elə həmin kadrda da müğənninin səsi eşidilir:

“Ulduzsan aysan, ay canı yanmış
Çiçəkli yaysan, ay canı yanmış”.

Hələ klipə diqqətlə baxsanız, 01:09-cu dəqiqədə müğənninin “ay canı yanmış deyəndə, karıxıb özünü işarə verdiyini görərsiz. Başqa aləmdi…

Sevgilisi tərəfindən qanı it qanına dönən qız “rakıdı-çıkıtı” ritminin müşaiyətilə göz yaşı tökməlidir. Amma hiss olunur ki, qızın ağlamağı gəlmir və bu yerdə aktrisalıq qabiliyyəti belə onun imdadına yetişmir. Eləcə dodağını büzməklə ötüşdürülən kadr dərhal dəyişir və budur, Manaf Ağayev villasının həyətindəki böyük hovuzun kənarında yaşıl köynəkli ansambl üzvləri ilə peyda olur. Sual yaranır? Sevgilisi ilə dalaşan adam niyə gedib hovuzun qırağında “Ay canı yanmış” oxusun?

Klipdə diqqət çəkən məqam Manaf Ağayevin sevgilisinə dayanmadan şiddət göstərməsidir. Nə hikmətdirsə, qadın harda fotosessiya etdirir, həmin an Manaf Ağayev orda peyda olur. Qara “Mersedes” ildırım sürətilə çəkiliş meydançasına daxil olur və Manaf Ağayev maşından Polad Ələmdar ədası ilə enərək qızı sürüyə-sürüyə maşına basır. Hələ fotoqrafa da bir qapaz ilişdirib oturur maşına və oxuyur:

Gül kimi tərsən, ay canı yanmış
Nə bəxtəvərsən, ay canı yanmış.

Klipin finalında Manaf Ağayev növbəti dəfə gəlib sevgilisini iş başında yaxalayır. Bu dəfə qızı döymür. Deyəsən qəhrəmanımız yavaş-yavaş başa düşür ki, bu qız onluq deyil. Maşının qapısından boylanıb əl-qolunu ölçür və “Allah bəlanı versin” hikkəsi ilə maşına oturub sürətlə hadisə yerindən uzaqlaşır. Qız da “cəhənnəmə qədər yolun var” deyib maşının arxasına bir yumruq ilişdirir. İlk baxışdan cütlüyün məhəbbət hekayəsinin burda sona çatdığı görünür. Manaf Ağayev ayrılıqdan necə təsirlənirsə, stressdən çıxmaq üçün yaşlı köynəkli ansambl üzvlərini də götürüb özünü yenə verir həmən hovuzun qırağına. Əli ilə villanı, həyət – bacanı işarə edir ki, yəni istəsən qayıda bilərsən, bu şəraiti sənə heç bir köpəyoğlu yaratmaz.

Varım dövlətim qoy sənin olsun
Bir canım qalıb onu istə sən.

Başı qapaz üçün qəribsəyən model xanım çox keçmir Manaf Ağayevin qapısı ağzında peyda olub, zülüm-zülüm ağlayır. Qapını açan qürurlu Azərbaycan kişisi qızı tut ağacı kimi silkələyəndən sonra qapını ehmalca örtür. Amma bir yandan da oxuyur:

Bizi yaradan ulu Tanrıdan
Sən mənə paysan, ay canı yanmış.

Qəhrəmanın klip boyu geyindiyi geyimlər bərbaddır. Zolaqlı kostyumu, gah pencəyin altından, gah pencəksiz geyindiyi sarı, qırmızı, yaşıl rənglərin xoşagəlməz kombini Manaf Ağayevin klip boyu sərgilədiyi sərt kişi xarakterini inkar edir. Adam rəsmən müasirliklə mentallıq arasında ilişib qalıb. Nə o yanlıqdır, nə bu yanlıq.

Klipə baxdıqca adamı bir şey düşündürür. Olduqca məzmunsuz, mahnıya, özfəaliyyət səviyyəsindən də aşağı olan klipin çəkilməsi bu qədər vacib idimi? Yaşın olğun çağında yeniyetmə həyəcanı yaşamağa Manaf Ağayevi nə məcbur edirdi? Bu cür bayağı klipdən sonra Manaf Ağayevin ifasında “Ana” segahına qulaq asıb hələ də kövrələnlər varsa bunu “sənətkarın” böyük uğuru hesab etmək olar.

İndi deyəcəksiniz o klipin üstündən illər keçib. Yaxşı bəs bu keçən illər Manaf Ağayevin üstündən necə, keçə bilibmi? Məncə Manaf Ağayev hələ 2006-cı ildəki “Ay canı yanmış”ın təsirindən tam çıxa bilməyib. Adam 20 ilə yaxındır “refreş” olunmur. Nə mahnı, nə ritm, nə geyim tərzində ciddi bir irəliləmə yoxdur. İl olub 2020 və Manaf Ağayev sümük oynadan ritmdə səsinin ən zil nöqtəsindən çığırır:

Allah nə zəmanədir
Can evi viranədir
Yar məni atıb gedib
Gör kimə pərvanədir!

Günel MUSA

Share: