Yaşı 65-dən yuxarı olan məşhurlar – Karantin rejimi onları da sıxır…

Karantin dövrü ilə əlaqədar yaşı 65-dən yuxarı olan şəxslər vaxtını evdə keçirirlər. Günün əsas hissəsini evdə keçirərkən darıxdığımızı nəzərə alsaq, bu yaş kateqoriyasında olan insanlar üçün mövcud dönəmin daha çətin olduğunu anlayarıq.

Elə məhz bu səbəbdən mədəniyyətimizin tanınmış və qocaman sənətkarları ilə əlaqə saxlayıb, əhvallarını soruşmağı qərarlaşdırdıq.

 

Modern.az bildirir ki, ilk olaraq Xalq şairi Musa Yaqubla əlaqə saxlamağa çalışdıq. Telefon zənginə  cavab verən  şair həmişəki kimi müsbət cavab verib “yaxşıyam” desə də, bizimlə uzun danışa bilmədi.

Belə olan halda şairin oğlu Şəhriyar Yaqubov atasının səhhəti ilə bağlı məlumat verdi:

“Həmişə kimi yenə də xəstədir, narahatlığı olur. Amma son zamanlar səhhətinin əvvəlkinə baxanda nisbətən yaxşılaşdığını hiss edirik. Xəstəliyi ilə əlaqədar bütün günü evdədir. Hərdən görürsən ki, əlinə qələm-dəftər alıb nə isə yazıb-pozur. Amma  səhhəti imkan vermir ki, daha çox işləsin, yeni şeirlər yazsın. Karantin müddəti ilə əlaqədar atamı ziyarət etməyə kimsə gələ bilmir. Yəqin ki, yollar açılanda şairi ziyarət üçün tez-tez gələnlər olacaq. İndi karantin rejimi ilə əlaqədar hamımız ailəlikcə onun yanındayıq, demək olar ki, bütün günü uşaqlarla vaxt keçirir, darıxmağa zamanı olmur”.

 

Xalq artisti, görkəmli aktyor Rasim Balayev deyir ki, daha bundan sonra səhhətinin qaydasında olan vaxtı gedib:

“Elə yaşdayam ki, çətin ki, bundan sonra səhhətim qaydasında olsun. İynə-dərmanla günümü yola verə bilirəm. Axrıncı dəfə əməliyyat olunandan sonra evdə oturmağa alışdım deyə, indi bütün günümü evdə keçirmək məni sıxmır. Balaca həyəti olan bağ evim var, hazırda orda yaşayıram. Demək olar ki, bütün günümü bağda, ağacların, bitkilərin arasında keçirirəm”.

Aktyor karantin bitəndən sonra işlə bağlı planının olmadığına səbəb kimi hazırda yazılan ssenariləri sevmədiyini bildirib:

“Mən hazırda çəkilən qeyri-peşəkar film və seriallarla barışa bilmirəm. Bəlkə də mənə “qocalıb, zövqü korlanıb” da deyə bilərlər, amma fikirləşirəm ki, nə oldusa bizim dövrümüzdə oldu. Birdən yaxşı ssenari olsa, bəlkə onda filmə çəkilə bilərəm. Amma indiki səviyyəsiz seriallara, filmlərə çəkilmək kimi niyyətim yoxdur”.

 

Uzun illərdir ki, xəstəlikdən əziyyət çəkən Xalq artisti, məşhur rejissor və aktyor Ramiz Əzizbəyli isə qısaca yaxşı olduğunu bildirdi:

“Şükür ki, hər şey yolundadır, özümü yaxşı hiss edirəm. Artıq nəsə deyə bilməyəcəm”- deyə cavab verdi və telefon söndürdü. Amma verilən cavabın arxasında yorğun və xəstə səs tembrini sezməmək mümkün deyildi…

 

Əlaqə saxladığımız və saxlaya bilmədiyimiz bütün yaşlı sənətkarlara şəfa diləyir, mədəniyyətimizin parlaq səhifələrindən əskilməmələrini diləyirik…(Modern.az)

Share: