Müharibə qoxulu nənəm

Aida ADIGÖZƏL 

Müharibə qoxuluydu nənəmin yaylığı…mən şəcərəmiz haqqında nənəmdən ( biz nənəmizə ana deyirdik əslində, ata tərəfindən bu günədək gələn bir yazılmamış qayda idi ) çox şeylər eşitmişdim. Bizim kökümüz 19 -cu əsrdə Cənubi Azərbaycandan Araz qırağından qan davasından qaçıb gəlmiş Ləbi xan adlı bir kişi ilə başlamışdı.

Kürdəmirə sığınmış bu kişinin Qurban adlı oğlu olmuş və bizim nəsil bu günəcən Qanlı Qurban adıyla tanınmaqdadır. Bu kişidən böyük qol budaqlı ,Qoçu Şahmur adlı igidi olmuş bir tayfa yaranıb. Hətta nənəm danışırdı repressiya dövründə məlum İrandan gəlmə kökənli olduğumuz üçün bizim bütün nəsli Araz qırağına yığmış , sürgün edilmək qərarı çıxarılıbmış. Atamın bibisi oğlu “raykomda” işləyən və rayonda böyük nüfuza sahib olmuş Məşədi Dadaş kişi ( 105 yaşında rəhmətə gedən bu kişini bütün rayon Demoqoq Dadaş kimi tanıyırdı və bütün vəzifə adamlarının çəkindiyi 1 nömrəli adam idi )bu məsələni həll etmiş və nəslimiz üç soyada bölünərək iz arzdırılıb yenidən kəndimizə qayıtmışdı.

Böyük İsmayılovlar soyadı İsgəndərovlar və Adıgözəlovlara bölünmüşdü. Araz qırağında cürbəcür məhrumiyyətlərlə üzləşən nənəm orada iki körpə oğlunu , Aydın və Yaşar adlı əmimi itirərək üç oğul və bir İfrat adlı qızıyl həyat mücadiləsini davam etdirmişdi. Nənəm dünya gözəli qadın idi, 82 yaşında beyinə qan sızmasından ölən nənəm ölənəcən gözlərinin işığını itirməyən , çox sağlam , təmizkar qadın idi. Mən bir bu nənəmi görmüşdüm. Ana nənə -babamı və ata babamı heç görmədim. Hər dəfə nənəmi görməyə gedəndə ( kiçik əmimgildə qalırdı ) nənəm üstünə yük yığdığı böyük taxta çay yeşiyini açıb bizə bəzəkli rezin saplı toplar verirdi. Camış yağından kökə yaxmacı , şəkərli qayqanağ bişiriirdi. Nənəm çox söyüşcül , qarğışcıl qadın idi. Onu qınamırdıq, müharibə görmüş ,4 yetim böyütmüş , əlində iki oğlu qalan övlad dağlı ana idi. 28 yaşında Hacağa adlı əmimin ,14 yaşında yeganə qızı İfratın müharibə aclığına dözməyərək “jımıx” yeyib zəhərlənib qorxudan gizlənib sətəlcəmdən ölməsinin ağrısıyla dolu olan nənəm heç vaxt gülməzdi.

Atam böyük olduğu üçün ailəyə yardımçı olmuş , ali təhsildən imtina etmiş Bakıda yalnız sürücülük oxumaqla kifayətlinmişdi. Çox gözəl səsi vardı, arada pəsdən segah oxuyardı. Qəzəllər yazardı ( bəlkə də şeir yazmağımın kökü ordan gəlmişdi, bilmirəm) . Hədsiz savadlı adam idi. Kiçik əmimi oxutmuşdu. Rayonda hörmətli kişilərdən biri idi əmim, demoqoq Yazəli deyirdilər adına ,çünki həmişə kəndin , rayonun nöqsanlarını yazırdı , şikayət edirdi . Ortancıl əmim Hacağa məşhur Şirvan kanalının çəkilməsində iştirak edən güclü energetik kimi qalmışdı yaddaşlarda. Bu kanal ciddi layihə idi . Bütün küdrülərdəki əkin sahələrini suyla təmin edəcək suvarma sistemi qurulurdu. Bir kilometrlik uzunluüda məsafədə Kürün istiqaməti dəyişdirilib ,İmişlinin Telişli kəndinə tərəf olan hissəsində yeni bala Kür qazılmış , Ana Kürün məcrası dəyişdirilərək ora döndərilmişdi. Bu günəcən qalan o qola Köhnə Kür deyirik. Kürün altından dəmir-beton konstruksiyalardan iki yüz metr uzunluqda yeraltı tunel çəkilərək kanalın Kürün altından keçirilməsi layihəsi uğurla başa çatdırılmışdı. Və burada elektrik işinin aparılmasını əmim düşünərək sxemin hazırlaməşfı.Ali təhsili olmayan bu gənc bütün işıqlandırma sisteminin çertyojunu hazırlayıb Nazirlikdən gələnlərə təqdim etməklə şaşırtmışdı onları. Və iş bitəndən sonra əmimə qəbul belə olmadan Institut diplomu verilməsi qərarına gəlmişdilər.

 

Aida Adıgözəl adlı şəxsin şəkli.

Lakin paxıl insanlar həmişə olmuşdur. Son mərhələdə yekun yoxlanılşı bilmək üçün əmimi aldadaraq dirəyə çıxartmışlar (cərəyan yoxdur ,yoxla ad ilə). Əmim yüksək gərginlikdən yerindəcə külə dönmüşdü. Atama sonradan çatdırmışdılar hiylənin kim qurduğunu…qohum idi !Atam ölənədək od tutub yanırdı ,əmimin ölməsini həzm edə bilmirdi. Nənəm hində gizlədilmiş əmimin elektrik avadanlığını qarşısına tökərək başına döyərək ağladı ölənədək. Qoluyox Soltan dediyimiz qonşumuz vardı ,atam onun salamını heç vaxt almazdı. Soruşanda o “bir dəfə əminə şillə vurmuşdu”- deyə ona nifrət edirəm deyirdi . Ölməmişdən nənəm ( elə bir ürəyinə dammışdı) bir gün qabaq bütün qohumları görməyə gəlmişdi,sanki vidalaşırmış kimi . Bizə gəldi, xoş danışdı, ilk nəticəsi olan bacımın oğlu Ruslanla oynayaraq cibindən çıxarıb konfet də verdi. Və…və nənəm səhər yerindən ölü tapıldı. Yüksək qan təzyiqi nənəmi yerindəcə öldürmüşdü. Əmimgil pəncərəni sındırıb içəri keçmiş , nənəmi ölü tapmışdılar. 1988 -ci il oktyabrın 31i idi. Mən atamın dalınca rayona göndərildim. Bütün tanıyanlara “atamı tapın”- deyə yalvarırıb ağlayırdım. Günorta kəndə qayıdanda sürətlə kəndə girən “Kamaz” maşının gurtultusunu eşidəndə artıq atamın gəldiyini anladım. Dayısının “gecdi ölünü basdıraq Yazəli ,Tərlan gecikir “-deməsinə baxmayaraq razılıq verməyən əmim açıq darvazanın ağzında dolmuş halda var- gəl edərək nənəmi dəfn etmək üçün atamı gözləyirdi. Mən əmimgilə çatanda atamla əmim nənəmin nəşii üstündə qucaqlaşıb ağlayırdılar ….yaylığı müharibə qoxulu nənəm bizdən belə ayrılırdı .

19.04.2020

Share: