“Zəif düşmüş əlləriylə tibb bacısından zorla yapışaraq ağır-ağır gülümsədi…”- Seymur Allahverdi

2019-cu il, dekabrın son günləri…

Yer kürəsi siçan üstündə gələn yeni, 2020-ci ili qarşılamaq üçün tədbirlərə, bayramlara hazırlaşır. Birdən göyün üzünü pərdəli qanadları ilə  yeri qucaqlayacaq, yarasa formasında qara bulud aldı.

O, vahiməli şəkildə balaca iti dişlərini bir-birinə vuraraq yerə hücum etmək istəyirdi. Lakin,  hər dəfə yerlə göyün arasındakı dörd konsentrik qoruyucu qatla toqquşduqca yaralanır və qana oxşar qara, yaglı-sulu milyonlarla yarasaya bənzər damcıları ətrafa səpilib məhv olurdu. O, bundan qorxmayaraq yerə tərəf şığıyırdı.
Axırıncı, atmosfer qatına çatanda artıq gücü qalmamışdı. Bütün qara qanı axıb tükənmişdi, sonuncu damlası idi. Özünü axırıncı atmosfer qatına vuraraq axırıncı qara qan damlasını yerə axıtmaq qərarına gəldi.
Yer kürəsi- Çin, Hubei vilayəti, Vuhan şəhəri….
İş adamı Sun Yuvey telefonla iranlı həmkarı Seyid Porauabi ilə danışıb yeni il tətilindən dərhal sonra Tehrana uçacağını, yaratdığı yeni texnologiya ilə onu yaxından tanış edəcəyini və sövdaları baş tutacaqsa müqaviləyə baglayacağını deyib telefonu yerə qoydu. Və eynəyini çıxardıb gözünü ovuşdura-ovuşdura gərnəşdi. Görünür çox yorğun danışıq olmuşdu iranlı həmkarı ilə.
O, kompüterdən aralanıb pəncəryə yaxınlaşdı ki, pəncərəni açıb gərgin keçirdiyi iş günündən sonra otağının havasını dəyişsin. Birdən gözü pəncərənin şüşəsinə yapışmış, yarasa formasında qara, qatı mayeyə oxşar bir iyrənc məxluqa sataşdı. Pəncərəni açıb onu götürdü. Bu təzə doğulmuş, hələ üstündən doğuş pərdələri çəkilməmiş yarasa balası idi.
O , diqqətlə yarasa balasının böyük qulaqlarının altından bir cüt qara düymə gözlərinin ona baxdığını gördü. Sun Yuvey onun vahiməli gözlərindən qorxuya düşdü və tez pəncərədən yerə atdı. Sonra əllərini bir- birinə sürtüb sanki yarasanın tozunu çırpırmış kimi yerinə, kompüterin arxasına keçdi.
Bir həftə keçdi…
Sun Yuvey yenə iranlı həmkarına telefon açıb gələcəyi vaxtı dəqiqləşdirdiyini və özünü pis hiss etsə də mütləq gələcəyini, təyyarə reysinin nömrəsini, Tehrana enəcəyi vaxtı söylədi, sağollaşıb telefonu yerə qoydu.
Tehranda Seyid Porauabi dostu əslən Azərbaycanın İranla həmsərhəd Cəlilabad rayonundan olan Rafiqlə hava limanında Çindən gələn iş adamını qarşıladılar. Səmimi qucaqlaşıb görüşəndən sonra nahar süfrəsi arxasında Sunun təklifini birlikdə müzakirə edib razılaşaraq müqavilə bağladılar. Rafiq Suna bir -iki gün Tehranda qalandan sonra öz qonaqpərvərliyini göstərərək onunla birlikdə Azərbaycana keçməyini, Azərbaycanı da görməyini təklif etdi. Ancaq Sun Yuvey özünü pis hiss etdiyi üçün tez qayıtmaq istədiyini və çatan kimi özünü həkimə göstərəcəyini deyərək təklifdən imtina etdi. Dostlar Suna çatıb rahatlanandan sonra zəng etməyini xahiş edərək uğurlar diləyib ayrıldılar.
7-8 gün keçdi…
İranlı Seyid Porauabinin Çinli həmkarından xəbər gəlmədi. Seyidin özünü pis hiss etdiyi və yüksək temperaturu olduğu üçün Çinli həmkarına zəng etməyə də halı yox idi. Ancaq çox nigaran idi. Çünki o gedəndən bir həftə keçirdi ki, ondan xəbər yox idi. Halsız halda telefonu götürüb, Sun Yuveyə görüntülü zəng edi. Ancaq telefonu iş adamının köməkçisi açdı və şefinin elmə məlum olmayan “Covid-19” virusuna yoluxduğunu və öldüyünü dedi.
Seyid halsız halda Rafiqə zəng vurub Sunun öldüyünü və özünün də temperaturu olduğunu dedi. Rafiq Suna rəhmət diləyib, Seyidə isə zarafatyana heç nə olmaz sənə, sən Seyidsən- deyib sagollaşdı.
Rafiq zarafatçıl, deyib- gülən 45 yaşında hündürboylu, yaraşıqlı kişi idi. Onun Azərbaycada ailəsi, üç uşağı var idi. Həyat yoldaşı Cəlilabad rayonun tibb məntəqəsində tibb bacısı işləyirdi.Rafiq əvvəllər tez-tez İrana gedər, İrandan gətirdiyi ərzaq mallarını Cəlilabadın kəndlərində satıb kiçik bizneslə məşğul olurdu. Yoldaşı isə “bu biznes deyil” deyərək onun İrana getməsinə və aylarla orada qalmasına narazılıq edirdi. O isə həmişə zarafata salıb gələn dəfə yaxşı olacaq deyib gülümsəyirdi. Və hər dəfə də eyni vəziyyətdə boş- boşuna gedib gəlirdi. Bəzən getmək üçün yol pulunu da yoldaşından alırdı. Axırıncı dəfə gedəndə də yoldaşı narazılıq etdi. O isə baxmayaraq çıxıb gedəcəyini və bir də qayıtmayacağını dedi. Yoldaşı isə ağlayaraq hirslə “cəhənnəmə qayıt, heç qayıtma”- dedi.
Rafiq heç qayıtmayacağam-  deyib qapını çırpıb, çıxıb getmişdi.
Bu hadisədən iki il keçməsinə rəğmən Tehrana gələndən bəri  bir dəfə də olsun ailəsi ilə əlaqə saxlamamışdı.
Ancaq dostunun dediyi bu xəbər nədənsə onun ürəyini oynatdı və yoldaşına zəng etmək istədi . Lakin axırıncı dəfə gələndə əsəbiləşib gəldiyinə görə bütün nömrələri telefonundan silmişdi. O, bütün günü televizorda koronavürus haqqında yayılan xəbərlərə qulaq asırdı. Birdən fikirləşmədən Azərbaycana qayıtmağa və hər şeyi təzədən başlayacağına qərar verdi.
Koronavirus sürətlə tez bir zamanda Avropa ölkələrinə, Amerikaya, hətta Avstraliyaya qədər yayılmağa başladı.
Azərbaycan da bu virusdan az itki ilə çıxmaq üçün qabaqlayıcı tədbirlər görməyə məcbur idi. Buna görə də prezident bütün qonşularla sərhədləri təcili olaraq bağlamagı qərar verdi. Sərhədlərdə başqa ölkələrdən gələn həmyerlilərimizi, vətəndaşlarımızı yerində test eləmək üçün səyyari tibb məntəqələri qurulmuşdu.
Xarici ölkələrdən vətəndaşlarımızı gətirmək üçün çarter reyslər həyata keçirildi. Və hər bir vətəndaş yoxlanaraq karantinə alınırdı.
Biləsuvar gömrük keçid məntəqəsində Rafiqi də yoxladılar və hərarəti olduğu üçün karantinə aldılar. Analizlərinin cavabı müsbət çıxdığından onu palataya yerləşdirdilər.Rafiq bir-iki gün karantində qaldıqdan sonra halı pisləşdiyinə görə onu ağır vəziyyətli xəstələr olan palataya keçirdilər.
O,  yataqda uzanıb ağ xalatlı, maskalı ,eynəkli həkimlərə, tibb bacılarına diqqətlə baxırdı. Ona elə gəlirdi ki, yoldaşı da bu ağ xalatlıların içində olacaq. Ancaq tanıya bilmirdi.
Bir gündən sonra onun vəziyyəti bir az da ağırlaşdı. Onu reanimasiya şöbəsinə köçürdülər. Süni hava aparatına qoşulduğu üçün danışa bilmirdi. Nəfəsi çatışmırdı. Vəziyyəti getdikcə pisləşirdi. Tibb bacısı onun yanından bir dəqiqə də olsun aralanmırdı. Rafiqin vəziyyəti getdikcə pisləşirdi. Artıq gözləri də görmürdü. Heç bir səs də eşitmirdi. Tibb bacısı onun başının üstündə durub əlindən gələni edirdi. Ancaq heç nə alınmırdı.
Birdən tibb bacısı Rafiqin gözlərinn yumulmasını gördü və həyəcanla həkimi çağırdı. Həkim içəri girdi, xəstəyə baxıb artıq gecdi- dedi. Tibb bacısı eynəyini ,əlcəyini çıxardıb Rafiqin əlindən yapışaraq  ağlaya-ağlaya ona tərəf əyildi. Onun gözündən axan bir damla yaş Rafiqin üzünə düşdü. Ağır vəziyyətdə olan Rafiq bu göz yaşını tanıdı. Çünki o, bu göz yaşlarının sahibini əvvəllər də çox ağlatmışdı.
Zəif düşmüş əlləriylə tibb bacısından zorla yapışaraq ağır-ağır gülümsədi…
Seymur Allahverdi
Müstəqil.Az
Share: