“HƏR ŞEİR İNSAN ÖMRÜNÜN BİR ANIDIR…”- Bilal Alarlı Fuad Biləsuvarlının yaradıcılığı haqqında yazır

KARANTİN DÖVRÜNDƏ MÜTALİƏ ETDİYİM KİTABLAR
silsiləsindən
——————————————-
HƏR ŞEİR İNSAN ÖMRÜNÜN BİR ANIDIR
(Fuad Biləsuvarlının “Bir nəğmədir şeirlərim…” poetik toplusu haqqında)
*
Doğru sözdür ki, zorla şair olmaq mümkün deyil. Hər şeir yazan şair də ürəklərə yol tapa bilmir. Çox incə məqamdır. Bu böyük həqiqəti dərk etmək özü, şairlik sevdasına düşənlərə çox şey deyir. Bəlkə də buna görə Fuad Biləsuvarlı öz kredosunu sadə bir həqiqət üzərində qurur: “Yazdıqların ürəkdən gəlmirsə, ürəklərə təsir etməyəcək”.
Fuad Biləsuvarlının özünə qarşı tələbkarlığı bununla bitmir. “Hazır olan misralar hələ mənim üçün şeir deyil” tələbi ilə özünü oxucusunun yerinə qoyan və oxucu rəyini “ən güclü qiymət” sayan gənc şair yuxusuz gecələrinin bəhrəsi olan “Bir nəğmədir şeirlərim…” adlı üçüncü poetik toplusunu şeirsevərlərə bu ovqatla təqdim edir. Kitab 2019-cu ildə “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 1989-cu ildə Biləsuvar rayonunun Bağbanlar kəndində dünyaya göz açan Fuad Biləsuvarlı Təfəkkür Universitetində filoloji təhsil alıb. Bu kitaba qədər onun “Pərvanəm mənim” və “Bəlkə görüşmədik” adlı daha iki poetik toplusu nəşr olunub.
Gənc şairə ünvanladığı şeirində “Çətinə düşəndə ürəyin qan ağlayıb” deyən Afaq Şıxlı redaktoru olduğu bu poetik toplunun ruhunu yaxşı tutur və Fuad Biləsuvarlı poeziyasına yüksək dəyər verir.
Nə qədər ki, kitabın texniki tərəflərindən danışaram, bir şeyə də diqqət çəkim. Kitabındakı şeirləri “Nəğməli sətirlər” və “Sərbəst misralar” adlı iki bölmədə qruplaşdıran Fuad Biləsuvarlı bu fərqləndirməni təkcə poetik struktura görə aparmayıb. Heca vəznundə yazılan şeirlərdə ritm, ahəhg, musiqi güclüdür, alliterasiya və assonans həmin poetik mətnlərin nəğmə ovqatını artırır:
Nəğməm bülbüllərin dillərindədi,
Məni bülbüllərin dilindən soruş.
Təbiət oyanıb bahar gələndə
Bahar çiçəyindən, gülündən soruş.
Sərhədlər, ölkələr aşanda təbim,
Min dastan, min şeir qoşanda təbim,
Kükrəyib çay kimi daşanda təbim,
Sən məni dağların selindən soruş.
Yaxud:
Həsrət dağlarına sinə gərməyə
Sinəmdə dağ boyda ürək var mənim.
Qonağın üzünə hey açıq olan
Süfrəmdə bal dadan çörək var mənim…
Fuadam, gözəldi mənimçün həyat!
Sevgi olan yerdə nə şöhrət, nə ad?
İlahi, bu yatmış bəxtimi oyat!
Qəlbimdə min arzu, dilək var mənim!
Yaxud da:
Dərd mənim canımı elə yonub ki,
Mən səndən kənara qaçmaram, deyir.
Çətinlik çiynimə elə qonub ki,
Daha uzaqlara uçmaram, deyir…
Allahım göndərib, bir sınaqdı çək,
Nə qədər yalvarsam dərd eyləməz tərk.
Elə yapışıbdı yaxamdan bərk-bərk,
Başqa birisini qucmaram, deyir.
“Sərbəst misralar” adı altında toplanmış şeirlərdə belə oynaq, reçitativ bəndlərlə rastlaşmasaq da, sözlərin üsyana qalxmış əsgər kimi qılınc çaldığını görürük. Bu şeirlərə sərbəstliyi fikir gətirir, desək, yanılmarıq:
Üsyan edəcəyəm Allahın
bəzi qullarına qarşı!
Onları sorğu-sual edəcəyəm!
Niyə insan həyatlarına qıydıqlarından,
Ölümü cavanlaşdırdıqlarından danışacağam!
Dünyanı göz yaşlarıyla boğmaqlarından,
Yolumuza daşı, kəsəyi yığmaqlarından…
Üsyan edəcəyəm Allaha
bəzi qullarına qarşı!
Yaxud:
Məni üşüdən qış deyil…
Şaxta deyil, yağış deyil…
Məni üşüdən insanların laqeydliyi,
soyuqluğudur…
Yaxud da:
Gecələri heç sevmirəm,
Sənsiz gecələri…
Darıxıb ağlayıram da.
Hərdən özümü,
Hərdən özgələri,
Hərdən anamı qınayıram da.
Əzablara, ağrılara görəmi?
Niyəsini özüm də bilmirəm.
Düzü heç bilmək də istəmirəm.
Nə dəyişəcək ki bilsəm?
Sadəcə baş götürüb getmək istəyirəm
Xəyalının olmadığı yerə.
Varmı elə yer?
Bu təqdimatdan sonra Fuad Biləsuvarlı poeziyasının səviyyəsindən danışmağa dəyər. Əlbəttə, uzun-uzadı mülahizələrə ehtiyac görmürəm. Mən onun şeirlərini sözbəsöz də təhlil edə bilərəm, üstün cəhətlərini tərifləyib, nöqsanlarını qabarda bilərəm. Onsuz da şeir həvəskarları mənim yazdıqlarıma görə deyil, özlərinin ala bildikləri zövqə görə Fuad Biləsuvarlı qələminə dəyər verəcəklər. Cəmi bir neçə cümlə ilə Fuad Biləsuvarlını özünə də tanıtmaq mümkündür.
Çağdaş Azərbaycan poeziyasının gənc nəsli klassik şeir ənənələri ilə dünyəvi şeirin axtarış meyilləri arasında öz yerini axtarır. Bu günün ədəbi mənzərəsi öz qiymətini bu gün deyil, bir müddət sonra, yəni günün ədəbiyyatı ədəbiyyat tarixinə çevriləndən sonra alacaq! Ədəbi axın və ədəbiyyata axın tənqidi kriteriyalara yenidən baxmağı tələb edir. Ədəbi axının qayalarına, daşlarına çırpına-çırpına düzənliyə gəlib çıxanlar uğur qazana biləcəklər.
Dəyəri şairə deyil, şeirə verirlər. Bunu Fuad Biləsuvarlı da yaxşı anlayır, buna görə də şeirə, sözə məsuliyyətlə yanaşır. Fuad Biləsuvarlı haqqında olan bu yazımı onun öz sözləri ilə başladığım kimi, öz sözləri ilə də tamamlayıram: Yaradıcı adam üçün ən sevincli an yazmaq istədiyi mövzuya dərindən nəfəs alıb son nöqtəni qoyduğu andır!
Bilal Alarlı HÜSEYNOV,
filologiya üzrə fəlsəfə doktoru
Müstəqil.Az

 

Share: