“Sənin baharına qış kimi gəldim…” – Vüsal Ağayevin şeirləri…

ARASINDA…
 Qadın bu dünyada zərif gül-çiçək,
Göz-gözlə görüşər, çırpınar ürək.
Qorxuram itirəm ağlımı görcək,
Qalanda çiçəklə gül arasında!
 
Oxşasa ruhunu tər sünbül-süsən,
Gülər səadətlə – bəxtindən küsən.
Gözəllik önündə nə duman, nə çən,
O, göz qamaşdırır tül arasında!
 
Ruhuma od salıb bir qaragözlü,
Çıxmaz xatirəmdən o laləüzlü.
Əriyim eşqinə kaş gizli-gizli,
Sirr olum dodaqla dil arasında!
 
Ürəyim dənizdir, damarlarım çay,
Sevda sellərilə salır hay-haray.
Sevgisiz insanın taleyinə vay,
O, itən ocaqdır kül arasında!
 
 
HAYIF…
 
Qarabağda qalan yurdum,
Qaçqın olan elim hayıf.
O əkdiyim, dərmədiyim,
Qönçə solan gülüm hayıf.
 
Yağı yurda od salıbdı,
Nəyim yanıb, nə qalıbdı…
Səngərimi ot alıbdı,
Silah tutan əlim hayıf.
 
Yollarımı əydi əyən,
Əlim tutub, kimdi döyən?
Otuz ildi ağı deyən,
Qabar olan dilim hayıf.
 
Allah göydən odun tökə,
Haqqım geri dönə bəlkə.
Yurd dərdini çəkə-çəkə,
Yaya dönmüş belim hayıf.
 
Quzeylərdən ötüb aşan,
Varmı, çənə şeir qoşan?
Qəzəbindən aşıb- daşan,
Dərə boyu selim hayıf.
 
Hay çatmadı yerə-göyə,
Bu gün, sabah deyə-deyə…
İcim, məni yeyə-yeyə,
O çəkdiyim zülüm hayıf.
 
 
HANI CAVANŞİRİN, XƏTAİN, VƏTƏN?
 
Bir yanı həsrət , bir yanı göz yaşı,
Ağlayır torpağı, ağlayır daşı,
Gör nələr çəkibdir yurdumun başı,
Hanı Cavanşirin, Xətain, Vətən?
Şuşanın üstündə şimşəklər çaxır,
Uca dağlarından göz yaşı axır,
Təpələr yamaca həsrətlə baxır,
Hanı Cavanşirin, Xətain, Vətən?
 
Babəkmi əlində qılınc dayanıb?
Koroğlumu, Çənlibeldə oyanıb?
Qara gündə Qarabağım hey yanıb,
Hanı Cavanşirin, Xətain, Vətən?
 
Qazanın, Beyrəyin dərddən daşlaşıb,
Bal yeməyin ucuzlaşıb, aşlaşıb,
Vüsal Vətən deyə-deyə yaşlaşıb,
Hanı Cavanşirin, Xətain, Vətən?
 
 
KİMİDİR…
 
Sızlayan ağrılar uşaq kimidir,
Zəhəri udmağa qaşıq kimidir.
Ürəyim ağrıdan fəqan eyləyir,
Agrı da, zəhər də aşiq kimidir.
 
Ürəyin çəkdiyin göz deyə bilmir,
Hıcqrir sozlərim, döz deyə bilmir,
Qəlbin xatirinə, soz deyə bilmir,
Misralar ağlayan aşiq kimidir.
 
Nöqtədən vergülə düzələn dərdim,
Ürəkdə fəryadla süzülən dərdim,
Cismimlə çöllərə düzülən dərdim,
Misralar ağlayan aşiq kimidir.
 
Ürəyə yüklənən hər ağrı – şahdır,
Verdiyi hökümlər – çəkdiyi ahdır.
Sevgini vərəqə, misraya axdır,
Misralar ağlayan aşiq kimidir.
 
Kədər buludların çəkib üstümə,
Zamanın axarı durub qəsdimə,
Ruhum yanır, yığışırlar tüstümə,
Misralar ağlayan aşiq kimidir.
 
Varsa ürəyinin min dərdi səri,
Hər gecə içirər ağu, zəhəri,
Bilməzsən ki, necə açdın səhəri,
Misralar ağlayan aşiq kimidir.
 
Verdiyin acını ürəyə saldım,
Hər gecə səninçün xəyala daldım..
Ətrini nur verən ulduzdan aldım,
Misralar ağlayan aşiq kimidir.
 
Ürəyin alovu ürəkdə söndü,
Sevincim körpəykən bələkdə dondu..
Səadet gen gəzdi, kələyə döndü,
Misralar ağlayan aşiq kimidir.
 
Məhəbbət canımdan aldı təpəri,
Sevginin göyündə boğdu səhəri…
Alışdım, heç kəsin yoxdu xəbəri,
Misralar ağlayan aşiq kimidir.
 
Məhəbbət olsa da göyün hakimi,
Anlayan olmayıb ruhi tilsimi.
İnləyir hər zaman qəlbimin simi,
Misralar ağlayan aşiq kimidir.
 
ANİ XOŞBƏXTLİK…
 
Gəlmişdi qapıma ani xoşbəxtlik,
Sarıldım boynuna – xoş gəldin – deyə.
Dedim ki, xoş gəlib, səfa gətirdin,
Sığmırdım sevincdən yer ilə göyə!
 
Xoşbəxtliksə dedi – hələ tələsmə,
Mən sənin deyiləm, heç olmamışam.
Xəyali səadət üstündə əsmə,
Mən sənin ömrünə yazilmamışam.
 
Hərdən gələcəyəm baş çəkim sənə,
Hərdən səbəb olum qoy sevincinə.
Axı ayrılacaq yolumuz yenə,
Necə məlhəm olum sınan qəlbinə?
 
Dedim – sən demişdin xoşbəxtliyimsən,
Qovuşdur, sən çatdır məni vüsala.
Bilirsən ki, təkcə sən gərəyimsən,
İmkan vermə qəlbim sevgisiz qala!
 
Susdu xoşbəxtliyim qarşımda mənim,
Sonra pıçıltıyla dedi – Bağışla.
Sənin baharına qış kimi gəldim,
Qış qarla gözəldi, bahar yağışla..
 
 
NƏ GÖZƏLDİR!
 
Deyirəm – ürəkdən süzülüb gələn,
Dildə şəkər olan söz, nə gözəldir!
Qara qaş altından yara yönələn,
Naz ilə süzülən göz, nə gözəldir!
 
Qapqara tellərdə, qızıldan daraq,
Sevda yollarına nur saçan çıraq.
Aşiqə sevgili yarından soraq,
Xoş xəbər gətirən iz, nə gözəldir!
 
Bu eşqi, istəyi yaratdın məndə,
Oldun mənim üçün ən əziz bəndə,
Üz – üzə gələndə görürəm səndə,
Sevən qəlb və gülər üz, nə gözəldir!
 
Sevib sevilənlər düşünsün dərin,
Sevsin, aldatmasın amma bir – birin,
Yalan nəyə lazım, olsa da şirin,
Acı olsa belə, düz, nə gözəldir!
 
Ürəklər bir eşqçün atırsa hər an,
Hakim ola bilməz o qəlbə yalan.
Qəfil qığılcımdan alışıb yanan,
Sönmüş ocaq altda köz, nə gözəldir!
 
Həsrət özün yorub eyləməsin qəsd,
Sən əkən güllərdən bağlayanda dəst.
Ruhum qidalanır, cismim olur məst,
Süz eşqin şərabın, süz, nə gözəldir!
 
Bülbül nalə çəkər, gül açsın deyə,
Layla körpəyçündü, dil açsın deyə.
Yalnız yaradana əl açsın deyə,
Torpağa əyilən diz, nə gözəldir!
 
Daha nə gözümüz acı yaş tökür,
Nə də qəddimizi intizar bükür.
Bu günə çox şükür, gülüm, çox şükür,
Sevib sevilirik biz, nə gözəldir!
 
Vüsal, nə dəqiqə, nə də gün sayaq,
Lazımsa illəri ilə calayaq.
Əllini, altmışı arxada qoyaq,
Yaşayaq bir yerdə yüz, nə gözəldir!
 
 
“YOX” demə.
 
A könlümün sevinci,
Söz demədim ki, inci.
Dedim könlün açılsın,
Yoluna nur saçılsın.
 
Sən bir bağçanın gülü,
Mən də onun bülbülü.
Uzadım tut əlimi,
Açım sənə qəlbimi.
 
Həyat məni aparır,
Gəncliyimdən qoparır.
Dur yaxına gəl, quzum,
Köksümə sığmır arzum.
 
Həsrətinlə hər gecə,
Çalıram teli incə.
Mizrab gətir vur telə,
Qəlbimi gətir dilə.
 
Onu nizamla, köklə,
Arzundursa, çək zilə.
İstəyirsən düş bəmə,
Amma mənə “YOX” demə.
Müstəqil.Az
Share: