“Sinəmdə eşq adlı “sən” gəzdirirəm…”- Əli Əlibəylinin şeirləri…

 

Küsmüsən

(Əli Əlibəyli)

 

Sevən ürəklərin taxtı- tacıyam,

Təşnə ürəklərin ehtiyacıyam…

Qəlbim ipək kimi, dildən acıyam,

Đilimdən küsmüsən, məndən küsmüsən…

 

Könlüm yaralı quş, sınmış qanadı,

Arzumu köksümə sıxdım, qanadı…

Burax bu hikkəni, yersiz inadı,

Saçıma səpilən dəndən küsmüsən-

Məndən küsmüsən…

 

Sənin mətləbini sezmişəm artıq,

Yetər ki, bu qədər dözmüşəm artıq…

Özüm də özümdən bezmişəm artıq,

Məni gördüyün o gündən küsmüsən,

Məndən küsmüsən…?

 

 

Gedirəm

Daha yol üstəyəm,

saxlama məni

Bu fani dünyadan bezib gedirəm…

Sən bilə bilmədin nə çəkdiyimi,

Boyat sevgilərdən küsüb gedirəm…

 

Həsrət uzandıqca dözməyir ürək,

Yolların bağrını əzib gedirəm…

O qulac saçların nəyimə gərək,

Saçından bircə tel üzüb gedirəm.

 

Yamanca üşüdür bu hicran məni,

Dərdlərin əlində azıb gedirəm.

O sənli günlərdən, ay ömrüm- günüm,

Qəmli bir xatirə yazıb gedirəm.

 

 

 

Ürəyində dəfn elə…

                

Deyirsən, unut məni

Unutmaq asandımı?

Hansı bir gerçək aşiq

Sevgidən usandımı?!.

Deyirsən, unut məni,

Axı necə unudum…?

Sən mənim ilk istəyim,

Sən mənim son ümidim..

 

Deyirsən,unut məni,

Unudummu özümü…?

Əcəlim çatmayıbsa

Necə yumum gözümü…?

 

Deyirsən, unut məni,

Artıq unutdum səni.

Gülüm,məni əfv elə…

 

Amma bircə ricam var:

Torpağa gömmə məni-

Ürəyində dəfn elə…

 

 

Gəzdirirəm

 

Bu dərdə dağlar da dözməzdi, vallah,

O dərd ki, ürəkdə mən gəzdirirəm…

Mən sənin xeyirxah bəndənəm, Allah,

Saçımda quşlara dən gəzdirirəm.

 

Bir xoş sözdən şadlanarsan, gülərsən,

Gözlərindən sevinc yaşın silərsən…

Özünü bəxtəvər sana bilərsən,

Sinəmdə eşq adlı “sən” gəzdirirəm…

 

Yerindəmi mən gördüyüm o dağlar?

Qayıdarmı bir də geri o çağlar?!

Torpağımda at oynadır yağılar,

Qəlbdə od, gözümdə nəm gəzdirirəm.

 

Yolumda dağların duman,çəni var,

Könlümün dünyalar boyda Səni var.

Sənsiz bu kainat mənə olub dar

Sevinc yasaq düşüb, qəm gəzdirirəm..

 

Müstəqil.Az

Share: