“Heçmiş qum saatında üyüdülən qum səsi…”- Elməddin Mətləb…

 

Yuxum gəlmədi…

(Elməddin Mətləb)

Ha çağırdım yuxunu,
Yaxın gəlmədi, neynim?!
Yəqin, yuxuya getdi
Yuxum, gəlmədi, neynim?!

Nə dan sökülməkdədi,
Nə can çıxır canımdan!
Bu saatlar nə umur
Sonsuz həyəcanımdan?!

Siqaret tüstüsündən
Göz gözü seçə bilmir!
Yuxum harda sülənir,
Bir dalan, küçə bilmir!

Eyni yüklü zərrəcik
Misalıdı kirpiyim;
Gözlərimi yumuram,
Rədd eləyir bir-birin…

Elə yorulmuşam ki,
Yatam, dincələm bir az…
Özümdən də getmişəm,
Özümə gələm bir az…

Bir çırpınan ürəkmiş –
Zamanın addım səsi.
Heçmiş qum saatında
Üyüdülən qum səsi…

Don vurub əqrəbləri,
Saat şəkil kimidi…
Haçan ki, yuxu yoxdu,
Bir gecə il kimidi…

Ha çağırdım yuxunu,
Yaxın gəlmədi, neynim?!
Yəqin, yuxuya getdi
Yuxum, gəlmədi, neynim?!

 

On iki ay ölüncə…

Mən sənə ümman verim, sənsə mənə bir udum,
Bu quru inad ki, var, bir ömrü verər bada.
Hərə bir alın yazı, bir talenin quludu,
Bəxt sarıdan yarıyan adam varmı dünyada?

Hələ ilk görüşüydü, ilk nəvaziş, ilk təmas,
Nə sonluq var böyüyən elə ilkdən başlayar!
Yer üzünün zülməti, eh, bu qaralan səma-
Günün Aya etdiyi o tərslikdən başlayar!

İnamın bitdiyi yer – qanad qırılan yeri,
Hər sevincin ölümü – dərdin nəfəs alması.
Qaranlığın əcəli – o sökülən dan yeri
Və qaranlıq – səhərin qanının qaralması!

Suyun soyumasıyla yeni ömür – buz ömrü!
Sönmüş ocaqdan sonra kül yaşayır, əzizim!
Ölüm yaşamazdı heç məndəki yalqız ömrü,
On iki ay ölüncə il yaşayır, əzizim!

 

Müstəqil.Az

Share: