Günahları yumaz ki, heç yağışlar

Bağışla…

 

Gələmmirəm, ay Cəbrayıl, bağışla,

Kədərini axıt getsin yağışla,

Torpağına həsrət qalmış baxışla,

Sənə sarı boylananda ağladım…

 

Qərib ruhum ötən günə çox baxdı,

Sənli olan anlar üçün darıxdı,

Bu həsrətə gözlərimdən yaş axdı,

Sənə sarı boylananda ağladım…
Dağlarına duman çöküb, çən alıb
Yel darayan saçlarını dən alıb

Gözlərimi, görürsənmi qəm alıb

Sənə sarı boylananda ağladım…
Gələmmirəm, ay yurd yerim, bağışla,

Günahları yumaz ki, heç yağışlar

Torpağına həsrət qalmış baxışla,

Sənə sarı boylananda ağladım…

 

Füzulim

 

Verməz yada vüqarını Məngələn,

Qəmli-qəmli axır yəqin Köndələn,

Bacarmıram həsrətinlə yenə mən,

Sənsiz yaman darıxmışam, Fizulim…
Qəribsəyib hey ağlayır Quru çay,

Qucağında çəkir nalə, salır hay,

Kədərlidir çıxan günəş, doğan ay,

Sənsiz yaman darıxmışam, Fizulim…
Ərgünəşin dönüb olub dərd dağı,

Buludlardan nur yerinə qəm yağır,

Səndə keçib gəncliyimin ilk çağı,

Sənsiz yaman darıxmışam, Fizulim…
Günəş deyər, gələcəyəm, darıxma,

Göz yaşını siləcəyəm, darıxma,

Gəlib səndə öləcəyəm, darıxma,

Sənsiz yaman darıxmışam, Fizulim…
Dönmüsən

 

Sanki yadlaşıbdır adım dilinə,

Əllərim uzalı qalıb əlinə,

Həsrətin şaxtası çöküb telinə,

Ruhumu üşüdən qışa dönmüsən…

 

Qaytar bu günümü sənli dünənə,

Qoyma sevgimizin çırağı sönə,

Niyə susqun-susqun baxırsan mənə?!

Elə bil lal olub daşa dönmüsən…

 

Soyuyan ömrümün baharı gəlmir,

Həyat da küsübdür, tale də gülmür,

Ürək sənsizliyə öyrəşə bilmir,

Qəmli gözlərimdə yaşa dönmüsən…
 Dostlar

 

Küsgün həyatımın yoxdu haqq səsi,

Boğulur ruhumun qərib naləsi,

Mənim gözlərimin qəmdi giləsi,

Sürməsi kədərdi qaşımın, dostlar…

 

Yalnız bir xatirə qalıb dünəndən,

Əlləri qoynunda boylanır gendən,

Tale təbəssümün gizlədir məndən,

Şeşi düşmək bilmir beşimin, dostlar…

 

Dönüb Ruhaniyə dillənim sazda,

Ömrüm nəğmələşsin kövrək avazda,

Bəyaz zolaqları artır bir az da,

Xəyalı yaşlanır başımın dostlar…

 

Aylar yedəyində günlər ötüşür,

Zamanın bağında tale yetişir,

Ömür ağacımdan bir yarpaq düşür,

Üstünə yaş gəlir yaşımın, dostlar…

 

Məni də saracaq sonuncu ocaq,

Günəşin yerində dərd doğulacaq,

Tənha məzarıma hayan olacaq,

Alnı qırışacaq daşımın, dostlar….

 Günəş Qarabağlı
 

Share: