Dağların qoynuna sığınan Lerik rayonu mərd, yenilməz oğullar diyardır. Əsrlərin şahidi qocaman Talış dağlarının qoynunda böyüyüb boy atan övladları bunu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən savaşlarda da əyani şəkildə göstərərək qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Ümumiyyətlə, Qarabağ uğrunda hər iki savaşda Lerik gəncləri 175-dən çox şəhid verdilər. Şəhidlərin beşi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. İkinci Qarabağ savaşı Lerikin mərd oğulları üçün daha bir qəhrəmanlıq sınağı oldu. 30 il işğalda qalan, düşmən tapdağına çevrilən torpaqlarımızın nisgili, doğma yurdlarından didərgin düşən sakinlərin acısı, əsrin Xocalı fəryadını, soyqırımını yaşayan Qarabağ ağrısı Lerik gənclərinin də ürəklərini göynədir və bu ürəkləri düşmənə qarşı qisas hissi ilə doldururdu. Elə buna görə də onlar II Vətən savaşına qatılaraq yeni igidlik nümunələri göstərdilər. Məhz bu Vətən savaşında Lerikdən 47 nəfər şəhidlik zirvəsinə yüksəldi. Həmin gənclərdən biri də mənim əziz tələbəm Cavanşir Həmidli idi.
Cavanşir Namiq oğlu Həmidli 20 oktyabr 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində ziyalı ailəsində anadan olub. Çayrud kəndi Lerikin abad və zəngin ənənələri olan yaşayış məskənlərindən biridir. Vaxtilə əgər Lerikdə 2-3 orta məktəb vardısa, biri də məhz Çayrudda idi. Təsadüfi deyil ki, bu kənd Azərbaycanın elminə, mədəniyyətinə, təhsilinə, səhiyyəsinə, ədəbiyyatına və hərb sənətinə böyük şəxsiyyətlər bəxş edib. Onların hər biri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi inkişafına samballı töhfələr vermişlər.
Cavanşir Həmidli də xalqa, cəmiyyətə fayda verən, el-oba, yurd sevgisini əqidə və amalına çevirən bir ziyalı ailəsində dünyaya göz açıb. Ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinə qəbul olunub. 2019-cu ildə universiteti bitirərək “Maliyyə” ixtisası üzrə bakalavr dərəcəsi alıb.
Lənkəran Dövlət Universitetində ona dərs dediyim illər tək bir müəllim kimi deyil, bir ziyalı kimi qəlbimdə silinməz izlər buraxıb. Cavanşir tələbə yoldaşları və müəllim kollektivi arasında özünəməxsus nəzakəti, dərin tərbiyəsi və parlaq nitqi ilə seçilirdi. Ona “Azərbaycan tarixi” fənnini tədris edərkən müşahidə edirdim ki, onda əcdadlarımızın şanlı keçmişinə, Vətən tarixinə sadəcə bir akademik maraq yox, qandan, kökdən gələn ilahi bir bağlılıq var idi. Dərs zamanı verdiyi suallar, tarixi hadisələrə yanaşması onun daxili aləminin nə qədər zəngin olduğunu göstərirdi. Cavanşir təkcə çalışqan bir tələbə deyil, həm də davranışı, əxlaqı, insani keyfiyyətləri ilə əsl alicənablıq və kübarlıq nümunəsi idi. Onun həyası, böyük-kiçik yeri bilməsi, təmkinli duruşu hər kəsdə ona karşı dərin bir hörmət oyadırdı. Məhz o, illərdən hiss olunurdu ki, bu gəncin qəlbində Vətən sevgisi hər şeydən uca tutur.
Universiteti bitirdikdən sonra Cavanşir üçün Vətən qarşısında həqiqi hərbi xidmət borcunu yerinə yetirmək vaxtı çatdı. 2019-cu ilin iyul ayında Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırıldı. Milli Ordunun “N” saylı “həmlə” əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi hərbi təlimlərə qatıldı. Qısa müddətdə hərbi texnikanın və döyüş silahlarının istifadəsini yüksək səviyyədə mənimsədi. Döyüş və siyasi hazırlıq əlaçısı kimi hərbi hissə rəhbərliyinin dərin rəğbətini qazandı.
II Qarabağ savaşı başlayanda Cavanşirin xidmət etdiyi hərbi hissə artıq yüksək döyüş hazırlığına gətirilsə də, hələ savaşa girmək tapşırığı almamışdı. Lakin qəlbi Vətən eşqi ilə çırpınan Cavanşir hərbi hissə rəhbərliyinə bir neçə dəfə müraciət edərək döyüşən orduya qatılmaq istədiyini bildirdi. Axır ki, onun intizarla gözlədiyi gün gəlib çatdı: 2020-ci ilin sentyabrında doğma torpaqlarımızı düşmən işğalından azad etmək uğrunda döyüşə atıldı.
Tərtər-Ağdərə istiqamətində Talış və Suqovuşan yaşayış məntəqələrinin, bir sıra strateji yüksəkliklərin azad olunmasında yüksək fədakarlıq və şücaət göstərərək onlarca erməni əsgərini məhv etdi. Sonralar Füzuli rayonunun bir sıra kəndlərinin və Cəbrayıl rayonunun mərkəzi də daxil olmaqla bir neçə yaşayış məntəqəsinin düşmən tapdağından azad edilməsində qəhrəmanlıq nümunəsi göstərdi. Döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq bir neçə yaralı əsgər yoldaşını döyüş zonasından çıxarmağa müvəffəq oldu.
Əsgər Cavanşir Həmidlinin tərkibində olduğu tabora oktyabrın 7-də Cəbrayıl rayonunun Nüzgar kəndinin azad edilməsi tapşırığı verildi. Düşmənin güclü müdafiə istehkamlarının olduğu həmin kənd uğrunda son dərəcə ağır döyüşlər getdi. Cavanşir Həmidli və bir neçə döyüşçü yoldaşı məhz bu vuruşmada qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cavanşir Namiq oğlu Həmidli Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunəsinə görə ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olundu.
LDU-nun unudulmaz məzunu, mənəvi ucalığı ilə hər zaman fəxr etdiyim şəhid tələbəm Cavanşir Namiq oğlu Həmidlinin əziz xatirəsinə həsr etdiyim “Dağların vüqarlı oğlu”
Qoynunda bəslədi bu dağlar səni,
Qoluna güc verdi, qəddinə vüqar!
Dedi müqəddəs bil ana vətəni,
Çətində olasan ona xilaskar.
Qulaqda dağların xeyir-duası,
Getdin döyüşlərə bir əsgər kimi!
Başlayanda ölüm-dirim davası,
Dağlar da olubdur səfərbər kimi!
Sənə güc verdi ki, azğın düşmənə
Döyüşdə heç zaman yenilməyəsən,
Sənə vüqar verdi, düşsən çətinə
Özünü sındırıb əyilməyəsən.
Sənə qeyrət verdi öz övladı tək
Ölüm qorxutmasın, olsan da darda.
Sənə ürək verdi, geniş bir ürək
Vətən məhəbbəti yerləşsin orda.
Zəfər sevincini yaşamasan da,
Talış dağlarına yaşada bildin.
Şəhid tək zirvədə qərar tutsan da,
Yenidən qoynuna qayıda bildin.
Dosent Leyla Qadir qızı Məcidova
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin direktoru






















