ŞƏFQƏTİN POETİK TƏCƏSSÜMÜ -Əkbər Qoşalı yazdı

ŞƏFQƏTİN POETİK TƏCƏSSÜMÜ -Əkbər Qoşalı yazdı

Xəbər verdiyimiz kimi, tanınmış şair, AYB-nin üzvü Əlirza Həsrətin  “Şəfqət İlahəsi” kitabı işıq üzü görüb.

Müstyəqil.az anınmış şair, Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının kitaba yazdığı önsözü təqdim edir

Azərbaycan poeziyasında müxtəlif peşələrə, sənət yiyələrinə ad edilmiş çoxsaylı əsərlər yazılıb. Qəhrəman əsgər, zəhmət insan, müəllim, ana, xeyirxah usta, sənətkar və b… Bununla belə, elə peşələr var, onlar haqqında yazmaq yalnız müşahidə ilə olmur; gərək bu planda yaradıcılıq eşqinin öz mənəvi dünyanla təmasını mümkün qılasan. Çünki həmin peşələr insan ömrünün ən həssas məqamlarına toxunur. Həkimlik bax, belə qutsal missiyadır.
Bəki, doğru deyirlər, ədəbiyyat insanın ruhunu sağaldırsa, həkim onun cismini yaşadır. Hər iki missiya eyni mənəvi qaynaqdan – mərhəmətdən doğulur.

Dostum-qardaşım, tanınmış şair Əlirza Həsrətin yeni “Şəfqət ilahəsi” poeması da belə bir mənəvi məqamdan yaranmış əsərdir. Burada müəllif təkcə görkəmli cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Günəş Kərimovanın həyat və fəaliyyətini nəzmə çəkmir; o, həkim peşəsinin fəlsəfəsini, insan ömrünün dəyərini və şəfqətin əbədiliyini poetik düşüncəyə çevirir. Və öz üzərinə götürdüyü bu nəcib poetik görəvi uğurla yerinə – daha doğrusu, göyüzünə yetirir…

Əlirza Həsrətlə bizi yalnız ədəbi mühit tanış etməyib. İllərin sınağından çıxmış möhkəm dostluq, qarşılıqlı güvən, unudulmaz fikir alış-verişləri… məktublar, telefon söhbətləri və ən başlıcası, sözə münasibətdə eyni həssaslıq bizi bir-birimizə yaxınlaşdırıb. Mən onun yaradıcılığını ayrı-ayrı kitablar üzərindən daha çox, illər boyunca davam edən yaradıcı inkişafın içindən izləmək imkanı qazanmışam.
Əlirza Həsrət özünün də, sözünün də həsrəti çəkilən azsaylı aydınlarımızdandır.

Əlirza Həsrət təbiətən lirik şairdir; bununla belə onun lirikası fərdi hisslərdən ötə, ictimai vicdanın ifadəsidir. O, sevgidən yazanda da insanı yazır, vətəni yazanda da insanı yazır, həsrəti yazanda da insanı yazır; insanı yazanda insan kimi insanı yazır. Bu baxımdan “Şəfqət ilahəsi” Əlirzanın yaradıcılığında tamamilə məntiqi davamlılığın göstəricisidir.

Poemanın kompozisiyası klassik poema gələnəyinin çağdaş interpretasiyası təsiri bağışlayır. Giriş (proloq), inkişaf, sonluq (epiloq) ardıcıllığı saxlanılır; müxtəlif ritmik formaların, qoşma və gəraylı intonasiyalarının, sərbəst poetik nəfəsin uğurla növbələşməsi əsərə monotonluqdan uzaq içsəl canlılıq (dinamizim) qazandırır. Bu, müəllifin illərlə formalaşdırdığı poetik təcrübənin nəticəsidir.

Əsərdə diqqəti çəkən ilk özəllik obrazın, belə deyək, mifopoetik genişlənməsidir.
“Günəş” burada yalnız bir insan adı kimi çıxış etmir. Budur, o:
işıqdır,
həyatdır,
ümiddir,
şəfadır…

Müəllif adla anlam arasında maraqlı poetik körpü yaradır. Günəş Kərimova obrazı zaman-zaman göyüzünün Günəşi ilə tən tutulur, nəticədə konkret özkeçmişə malik şəxs ümumbəşəri simvol səviyyəsinə yüksəldilmiş kimi görünür. Örnək versək,
“İki Günəş doğur Bakıya hər gün…”

misrası mənə sadəcə poetik təşbeh kimi gəlmədi. Burada kosmik nizamla mənəvi nizam eyni müstəviyə (yaxud fəzaya) gətirilir. Biri kainatı işıqlandırır, digəri insan yığvalını…

Poemanın ən önəmli estetik uğurlarından biri onun səmimiyyətidir.
Bəli, əsərdə pafosla qarşılaşa bilərsiz, ancaq o qətiyyən süni pafos deyildir; burada tərif var; amma mədhiyyəçilik yoxdur; minnətdarlıq var, lakin şəxsi təşəkkür ümummilli anlam daşıyır.

Çünki müəllif dəfələrlə vurğulayır ki, bu poema yalnız bir həkim haqqında yazılmayıb; poema bütün ağxalatlı insanların fədakarlığına ucaldılmış poetik abidədir. Əsərin müəllif vurğularında da bu niyyət açıq ifadə olunur.
Poemada tez-tez rast gəldiyimiz
“ağxalat”, “Hipokrat andı”, “acı dərman”, “xəstə təbəssümü”, “sağ ol” kimi ifadələr sadəcə poetik detallar təsiri bağışlamır. Şair sözlə özə güzgü tutur, özülə üz tutur…
Bunlar əsərin semantik açar sözləridir. Özəlliklə
“Həkimin ən böyük mükafatıdır,
Xəstə təbəssümü, xəstə “sağ ol”u”

fikri əsərin ideya yükünü daşıyan əsas poetik tezislərdən biridir. Burada müəllif peşənin mənəvi mahiyyətini önplana çıxarır.

Əlirza Həsrətin yaradıcılığında diqqət çəkən başqa bir özəllik insan yığvalına inamdır. Onun qəhrəmanları ümidsizlik içində yaşamır. – Ağrı varsa, şəfa da var. Qaranlıq varsa, işıq da var. Xəstəlik varsa, insan iradəsi də var…

Bu baxımdan, “Şəfqət ilahəsi” elə ümid haqqında, inam haqqında, nəhayət məhz insan haqqında poemadır.

Bəli, ədəbiyyat tariximizdə həkim obrazına müxtəlif müəlliflər müraciət etmişlər. Ancaq bütöv bir lirik-poetik abidənin yalnız şəfqət fəlsəfəsinə həsr olunması nadir hadisələrdəndir. Bu əsər həmin boşluğu müəyyən anlamda doldurur desək yanlış olmaz.

Əsərin dilində xalq danışıq üslubunun canlılığı ilə klassik poetik ifadələrin harmoniyası diqqəti cəlb edir. Qoşma intonasiyası, xalq deyimləri, dini-mifoloji işarələr, Loğman, mələk, Günəş, nur, şəfəq kimi arxetiplər müəllifin poetik sistemində üzvi şəkildə birləşir.

Müəllif yazdıqlarını sadəcə qələm ilə yox, minnətdarlıq duyğusu ilə yazıb. – Poemanı oxuyarkən hiss olunur.
Əsl poeziyanın başlanğıcı da elə bu deyilmi?..
Deyir, bəzən şəfqət dərmandan güclü, söz təşəkkürdən böyük, ədəbiyyat abidədən uzunömürlü olur. Bəlkə “Göz həkimi”nə baxdıqdan həmən sonra, bəlkə “Həkim qız”ı dinləyərək oxuduğunuz “Şəfqət ilahəsi” də məhz belə poetik təşəkkürlərdəndir…

Həkim əməyini, insan mərhəmətini və şəfqət fəlsəfəsini tərənnüm edən bu poemanın Azərbaycan poetik fikrində özünəxas yer tutacağına inanıram.

Şəfqətli həkimə,
həkimanə poetik əsər yazmış şairə, bütün şeir-sənət dostlarına
salam-sayğılar!

Share: