Tanınmış şair Əlirza Həsrətin “Şəfqət ilahəsi” adlı yeni kitabı gün üzü görüb. Poema və şeirlərdən ibarət yeni kitab insan sevgisinə, həkimlik peşəsinin mənəvi ucalığına, şəfqət və mərhəmət duyğularına poetik münasibəti ilə diqqət çəkir.
Müstəqil.az-a bu haqda məlumat verən tanınmış şair-publisist Əkbər Qoşalı onu da qeyd edib ki, kitabın əsasını təşkil edən eyniadlı lirik-fəlsəfi poema Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru, Onkologiya Mərkəzinin görkəmli cərrah-həkimi Günəş Kərimovaya ithaf olunub.
Əlirza Həsrət bu əsərində ömrünü insanların sağlamlığına, həyatının xilasına həsr etmiş bir Azərbaycan xanımının mənəvi portretini yaradır. Poemada Günəş Kərimovanın həyat və fəaliyyət yolu, həkimlik sənətinə sədaqəti, xəstələrə qayğısı, insani keyfiyyətləri bədii ifadəsini tapır. Müəllif konkret bir həkim obrazından çıxış edərək bütövlükdə ağ xalat sahiblərinin fədakarlığını, onların cəmiyyət həyatındakı əvəzsiz xidmətlərini poetik ümumiləşdirməyə çalışır.
“Şəfqət ilahəsi” bir həkimə həsr olunsa da, həm də insan həyatının dəyəri, mərhəmətin gücü, ümidin yaşadıcı mahiyyəti haqqında poetik düşüncələr toplusudur. Əsərdə həkimlik peşəsi elmi bilik və peşəkarlıqla yanaşı, yüksək mənəvi məsuliyyət, vicdan və insan sevgisi tələb edən nəcib missiya kimi təqdim olunur.
Kitaba şairin müxtəlif illərdə qələmə aldığı lirik şeirlər də daxil edilib. Bu poetik örnəklərdə Vətən sevgisi, milli yaddaş, ana məhəbbəti, dostluq, insan taleyi, ömür və zaman haqqında düşüncələr öz əksini tapır. Beləliklə, kitab həm mövzu, həm də duyğu baxımından müəllifin yaradıcılıq dünyasının fərqli çalarlarını bir araya gətirir.
Kitabda şair-publisist Əkbər Qoşalının “Şəfqətin poetik təcəssümü” adlı önsözü yer alıb. Önsözdə Əlirza Həsrətin yaradıcılığının başlıca özəllikləri, poemanın ideya-bədii məziyyətləri və həkim obrazının Azərbaycan poeziyasında təqdimatı məsələlərinə toxunulur. Əkbər Qoşalı əsəri bir həkimin vəsfindən daha çox, insan mərhəmətinin, şəfqətin, ümid və inamın poetik ifadəsi kimi dəyərləndirir.
“Şəfqət ilahəsi” kitabı bir daha xatırladır ki, insanı yaşatmaq həm də mənəviyyatın ən yüksək təzahürlərindəndir. Həkimin şəfası ilə şairin sözü fərqli vasitələrlə eyni qutsal amala – insana xidmət edir.
Yeni kitabın ədəbi ictimaiyyət, tibb işçiləri və geniş oxucu çevrəsi tərəfindən maraqla qarşılanacağına ümid edirik.
Müstəqil.Az






















