M.Surə Zadə
(Şeirlər)
Bir payızlıq ömür
Gəl, gedək payıza qarışaq,
gedək şeir dilində bir az danışaq,
payız ruhumuza yağsın,
İslanaq, suya dönək,
qoy hopsun üstümüzə,
gözümüzün içindən qızılı rəngi baxsın.
Axdıqca qəlbimizdən payızın qəhqəhəsi,
kəsilsin ovucumuzda ayrılığın nəfəsi.
Sən yenə şeir oxu,
mən sənə çay dəmləyim,
sözlərin dodağında donub axsın qəlbimə.
Sən sus, səni dinləyim,
sənin səssizliyində səsli bir dünya qurum,
bir az yağış,
bir az da sevda olsun,
yağışın hər damlası yazsın könül misrası,
nə qarşıdan qış gəlsin,
nə də gələn təqvimlər dəyişdirsin zamanı.
aldadıb uzaqlara yola salaq hicranı.
Mən bir az uşaq olum,
sən bir az ağıllı qal,
mən tutub buludları,
yellənim yaxasından,
qışqırıb gəmiləri oyadım yuxusundan,
qoy səsim dalğalansın dənizin dibinəcən,
bu payızda qocalaq səninlə ölənəcən…
qoşulub küləklərə əsim sənin üzündə,
alnının izlərində barmaqlarım yol azsın,
cizgilərin qarışsın,
Tanrı təzədən yazsın…
23.08.2026
Min illik yaddaş
Mən sevda mülkündə sözün quluyam,
Mənim dilim qədim, sözdə uluyam.
Qopuz sədasıyam, Qorqud ruhluyam,
Zamanın özü tək əzəldi qanım.
*
Alp ərənlər eli, Oğuz yurduyam,
Turanın ruhunda ulayan qurdam,
Mübariz hünərli, igid orduyam
Al qanla yazılıb tarixə şanım.
*
Qədim daş üstündə izim danışır,
Qılıncdan da əvvəl sözüm danışır,
Dilim qandallansa, gözüm danışır,
Tarixdi, hünərdi, haqqdı dörd yanım.
*
Kimlik tarixində bitməz savaşım,
Vətən sevdasında əyilməz başım,
Gəlim bu torpağa, ölüm, qarışım,
Deyim vüsalına qovuşdu canım.
*
Bu torpaq əmanət babalarımdan,
Qibləm tək ayrılmaz dualarımdan,
Min illik səs gəlir yaralarımdan,
Məşriqdən Məğribə bəllidi sanım.
29.08.2026.
Yoxluğunun şərəfinə
Bu gecə çox içdim sənsizliyimi,
Yoxluğun süzüldü saatlarıma.
İstədim özümdən qaçım uzağa,
Qondu intizarın qanadlarıma.
*
Süzüb badələrə sənin səsini,
Öpüb hər sözünü sonacan içdim.
Yığıb səndən qalan xatirələri,
Büküb ürəyimə, gecədən keçdim.
*
Asıb kirpiyimdən rəsmlərini,
Sənin gözlərində məni ovutdum.
Sənin baxışının lal sükutunda,
Dalıb həsrətinə, məni unutdum.
*
Tənhalığı sərdim masamın üstə,
Çağırdım yanıma küsən gecəni.
Danışıb yarımçıq hekayəmizi,
Belə dilləndirdim susan gecəni.
*
Süzüb ayrılığı hicranın üstə,
Sonuncu görüşə badə qaldırdım.
Baxıb ümidimin bitən yerinə,
Qalan təsəllimi şam tək yandırdım.
*
Bu gecə çox içdim sənsizliyimi,
Dolan hər badəyə bir az sən qatdım.
Bağlayıb dünyaya qapılarımı,
Gələn ayrılığa sarılıb yatdım.
06.09. 2026
Adına çıxan yollar.
Mən səndən ayrılıb getdiyim gündən,
Bütün şeirlərim yağışa düşdü.
Savaş elan etdim mən bu sevdaya,
Getdiyim şəhərlər qarğışa düşdü.
*
Ümid gəmilərim batdı içimdə,
Gedib limanlarda səslədim səni.
Saçının ucundan dırnağınacan
Bütün şeirlərdə gözlədim səni.
*
Hərdən giley etdim, hərdən qınadım,
Qıymadım heç zaman dərd sıxa səni.
Həbs edib didərgin yuxularımı,
Çəkdim kirpiyimdə çarmıxa səni.
*
Yığıb ovuc-ovuc xəyallarımı,
Səpdim ulduz kimi keçdiyin yola.
Mən sənin yoluna çıxmadım, ancaq
Min dəfə baş qoydum seçdiyin yola.
*
Mən səndən ayrılıb getdiyim gündən,
Çıxıb ürəyimdən getmədi adın.
Sənə yol çəkmişdim ümidlərimdən,
Bizə qayıtmağa bilet tapmadın.
12.09.2026
Sevdanın hökmü.
Bu hicran nə vaxt gəldi, hansı vədə bilmədim,
Qoşuldum durnalara, səndən gedə bilmədim,
İkimizi toplayıb bir biz edə bilmədim,
Adına düyün vurub ürəyimə bağladım.
*
ㅤ
Gəmilər küsüb getdi limanlar şəhərindən,
Sahilə duman çökdü açılan səhərindən,
Xəbərin olmadı heç qəlbimin qəhərindən,
Dalğaların səsində neçə dəfə ağladım.
*
ㅤ
Ayrılığın kölgəsi yenə düşər könlümə,
Yenə üsyanlar başlar sevda adlı bu zülmə,
Özümdən yol başladım hər gün bir az ölümə,
Səndən ayrı ölməyi dönə-dönə yoxladım.
*
ㅤ
Yenə qurar məhkəmə, unuda bilmədiyim,
Həsrətindən özümə qayıda bilmədiyim,
Baxışlarından başqa bir qayda bilmədiyim,
Baxışından od alıb ürəyimi dağladım.
*
ㅤ
Səni itirdiyim gün, adını itirmədim,
Ruhumdakı o payız qadını itirmədim,
Mən qəlbimin ən doğma yadını itirmədim,
Bu sevgini qəlbimdə dustaq edib saxladım.
09.09.2026.





















